İpoteka krediti vaxtında ödənilmədikdə evdən çıxarılma tələbi əsaslıdırmı?

Banklarla müştərilər arasında mövcud olan kredit və ipoteka müqavilələrindən irəli gələn əsas problemlərdən biri evdən çıxarılma məsələsidir. Bankların krediti vaxtında  və ümumiyyətlə ödəməyən ipoteka təminatlı kredit müqaviləsi üzrə müştəriyə qarşı məhkəmədə irəli sürdüyü tələblərə evdən çıxarılma tələbi də əlavə edilir. Sual doğuran məqam odur ki, bu tələb ilkin tələblə yəni borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi ilə eyni zamanda irəli sürülməsi əsaslıdırmı?

Əksər banklar qeyd edilən işlər üzrə məhkəməyə iddia təqdim edərkən “müştəridən borcun tutulması, borcun girov (ipoteka) predmetinə yönəldilməsi, girovun hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi və  girov (ipoteka) predmetində (yaşayış sahəsində) qeydiyyatda olan şəxslərin 1 ay müddətində həmin evdən çıxarılmasını” irəli sürürlər. Göründüyü kimi burada 1 iddiada bir neçə tələb birləşdirilir. Evdən çıxarılma tələbi müəyyən qədər mübahisəli tələbdir. Belə ki, cavabdehin banka borcunu ödəməməsi mübahisə yaradır və həmin mübahisə üzrə bank məhkəməyə müraciət edə bilər və borcun girov predmetinə yönəldilməsi həmin borcun tələbini əhatə edir. Lakin eyni iddiada cavabdehlərin yaşayış sahəsindən çıxarılma tələbi isə əsassız tələbdir. Çünki həmin an üçün cavabdehin borclunun (cavabdehin) evdən çıxmaması kimi bir problem yoxdur, yəni hələ mübahisə yoxdur.

Faktiki olaraq göstərilən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra müəyyən müddət ərzində əmlakın hərracı keçirilir. Həmin hərrac yekunlaşdıqdan sonra hərracın yekununda həmin mənzili kim alacaqsa onun evdən çıxarılma tələbini irəli sürmək hüququ yaranır. Misal üçün belə hesab edək ki, yekun məhkəmə qərarı əsasında bankın tələbi təmin edildi, borc girov əmlaka yönəldildi, girov əmlak hərraca çıxarıldı. Hərrac mərhələsində cavabdehin maliyyə vəziyyəti düzələ bilər, hərracdan evi özü və ya yaxın qohumlarından kimsə ala bilər. Burada bankın tələbi təmin edilib, çünki borc ödənilib. Bankın cavabdehə qarşı heç bir tələbi yoxdur. Lakin icraçı cavabdehləri yaşayış sahəsindən çıxarmalıdır, çünki qüvvəyə minmiş məhkəmə qərarına əsasən əmlak hərracda satıldıqdan sonra cavabdehlər 1 ay müddətinə evdən çıxarılmalıdır.

Qeyd edilən kasuzda digər xüsusiyyət ondan ibarətdir ki, bankın cavabdehə qarşı irəli sürdüyü iddiada cavabdeh evdən çıxarılmanı mübahisələndirmir və ümumiyyətlə belə bir mübahisə yoxdur. Mübahisə ev başqasına satılarsa və cavabdeh evdən çıxmazsa gələcəkdə yaranacaq. Gələcəkdə yarana biləcək hər hansı mübahisə üçün əvvəlcədən məhkəmə qərarı alınması borcluların hüquqlarını azaldır. Bu isə həmin cavabdehin gələcəkdə evdən çıxarılma məsələsini mübahisələndirməsinin qarşısını alır.

Göstərilən halların qarşısını almaq üçün tərəflər qeyd edilən işlər üzrə məhkəmə proseslərində qiymətləndirmə və digər məsələlərlə yanaşı evdən çıxarılma məsələsinə də diqqətlə yanaşmalı və hansı tələbin nə zaman irəli sürülməsini dəyərləndirməlidirlər.

Müəllif:

Vəkil Tural Əhmədov

Qeyd: Bu və ya digər hüquqi məsələlərlə əlaqədar vəkil Tural Əhmədova müraciət edə bilərsiniz.

DİQQƏT !!!

YAZINI FAYDALI VƏ DƏYƏRLİ HESAB EDİRSİNİZSƏ ADMİNİMİZ ÜÇÜN BAŞLADILAN TƏHSİL KAMPANİYASINA DƏSTƏK OLMANIZI VƏ YA ƏN AZINDAN FACEBOOK VASİTƏSİLƏ PAYLAŞMANIZI XAHİŞ EDİRİK !
LİNK BURADA

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir