Azərbaycanda Özəl Sığortaçılığın 25 ili – GENİŞ TƏHLİL – 1-ci yazı


Yaxın keçmişə tənqidi baxış

Azərbaycanda sığortanın inkişafını üç dövrə ayırırlar. Birinci dövr XIX əsrin ortalarından Azərbaycanda Sovet hakimiyyətinin qurulmasınadək olan müddəti əhatə edir. Bu dövrdə sığortanın inkişafı xarici investisiyanın neft sənayesinə cəlb edilməsi ilə əlaqədar başlanmışdır. Sığortanın əsasən könüllü forması tətbiq edilirdi.

Xarici investorların kapital yatırımlarının qorunması, dəniz gəmiçiliyi, gəmi və yüklərin, o cümlədən, neft yüklərinin daşınmasının təminatlılığı, əcnəbi ekspert və mütəxəssislərin bədbəxt hadisələrdən sığortalanması və s. bu mərhələdə prioritet sığorta məhsulları sayılırdı. Artıq 1912-ci ildə Azərbaycanda 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərirdi. Sığorta şirkətlərində, o cümlədən, investor ölkələrin sığorta şirkətlərinin filialları olan “Şimal-Alman Lloydu”, “Alman Levent Xətti”, “Rus Lloydu” və s. çalışanların böyük əksəriyyəti qeyri-Azərbaycanlılar idi. Məşhur Azərbaycanlı sahibkar Məşədi Abbasqulu Əhmədov burada istisna təşkil edirdi. O, ilk sığorta mütəxəssisi kimi 22 yaşından başlayaraq 30 ildən çox “Rus sığorta cəmiyyətində” fəaliyyət göstərmişdi

İkinci dövr Azərbaycanın SSRİ tərkibində olduğu illəri əhatə edir. Heç kimə sirr deyil ki, bu dövrün sığortası müasir anlamda sığortadan müqayisə olunmaz dərəcədə fərqlənən bir fəaliyyət sahəsi idi. İndiki Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin sələfi olan Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsi (Azərsığorta) Qosstraxın bütün müttəfiq respublika paytaxtlarında eyni prinsiplərlə fəaliyyət göstərən sığorta idarələrindən biri idi. Eyni zamanda, Sovet İttifaqının sonrakı illərində “İnqosstrax”ın Bakı şöbəsi də fəaliyyət göstərirdi. Aparılması kənd, qəsəbə və şəhər sovetlərinin katiblərinə həvalə olunmuş bu sığorta son dərəcə primitiv şəkildə təşkil olunurdu. Həmin dövrün sığorta sistemi dövlət sosial sığorta sisteminin əlavəsi olmaqdan daha çöx, sanki vergi və maliyyə sisteminin bir əlavəsi idi. Belə ki, onların fəaliyyəti, sığorta haqlarını toplayanda vergi, sığorta ehtiyatlarını bölüşdürəndə isə maliyyə orqanlarının işinə bənzəyirdi. Sığorta ehtiyatlarının vəsaitləri isə, lazım gəldikdə, dövlətin büdcə kəsirlərinin aradan qaldırılmasına yönəldilirdi. Məlum dövlət inhisarçılığı, mülkiyyətin yalnız dövlət və kolxoz-kooperativ formalarında olması, rəqabətsizlik mühiti sığorta sisteminin inkişafına mənfi təsir göstərirdi.

Azərbaycanda sığortanın inkişafının üçüncü dövrü ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdikdən bir qədər sonra, yəni 1992-ci ildən bu günədək olan müddəti əhatə edir. Milli, özəl sığortaçılığın 1/4 əsr ərzində inkişafı artıq bir tarixdir və bu tarixi inkişaf yollarını nəzərdən keçirərkən bir neçə maraqlı sual yaranır: Bu illər ərzində biz, ölkəmizin sığorta sistemini tələb olunan səviyyədə qura bildikmi?! Sığortada səmərəli idarəetmə modelini – biznes proseslərinin optimizasiyasını, idarəetmənin modernləşdirilməsini, çevik menecment sisteminin yaradılmasını başa çatdıra bildikmi?! Sahibkarların, iri korporativ müştərilərin, bütövlükdə bütün əhalinin artan sığorta tələbatını qarşılaya bildikmi?! Geniş maarifləndirmə işini təşkil edərək, əhalinin sığorta mədəniyyətini yüksəldə bildikmi?!

Gəlin, üçüncü mərhələnin müsbət və mənfi cəhətlərini müxtəlif aspektlərdən şərh edək.

Nələri edə bildik?!

SSRİ-nin süqutundan sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da fərdi/özəl sığortaçılığın inkişafı üçün əlverişli şərait yarandı. Keçən müddət ərzində sığorta sahəsində müəyyən nailiyyətlər əldə olunduğunu inkar etmək doğru olmazdı. Həmin dövr ərzində bazar iqtisadiyyatına uğurlu keçid paralel olaraq özəl sahibkarlığın, kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) inkişafına da stimul yaradırdı. Bu tendensiya biznesin spesifik sahələri olan bank və sığorta sektorunda da müşahidə olunurdu. Belə ki, qısa zaman kəsiyində ölkə üzrə sığorta şirkətlərinin sayı 80-dən yuxarı çıxmışdı (1996-2000). Yeni yaradılan sığortaçıların rəhbərləri inadla sığorta işini öyrənməyə çalışır və bəzən hansı mənbədən və kimdən öyrənməklə bağlı çətinliklərlə üzləşirdilər. Bu zaman Azərsığortanın təcrübəli işçiləri kara gəlirdilər. Onların və İnqosstrax-Bakının o vaxtkı işçilərinin ilkin mərhələdə yeni yaradılan sığortaçıların əməkdaşlarına canla-başla və təmənnasız olaraq məsləhət xidmətləri göstərmələrini danmaq ədalətsizlik olardı. Mən bunu xüsusi minnətdarlıq hissi ilə vurğulamağı özümə borc bilirəm. Yeri gəlmişkən, o zaman Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin də kadr bazası daha çox məhz Azərsığortadan transfer edilmiş təcrübəli işçilərin hesabına komplektləşdirilmişdi. Yeni təsis edilmiş sığortaçılar Azərsığortanın, İnqosstrax-Bakının, New London Azərbaycan-İngiltərə Birgə Sığorta Şirkətinin sığorta qaydalarını əldə edərək, müvafiq dəyişikliklərdən sonra onları lisenziya və icazə almaq üçün dövlət sığorta nəzarəti orqanına təqdim edirdilər.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti tərəfindən bir sıra normativ sənədlər, o cümlədən, 1) “Aktuar və sığorta ekspertinin fəaliyyət Qaydaları”, 2) “Azərbaycan Respublikasında sığorta və təkrarsığorta brokerlərinin fəaliyyət Qaydaları”, 3) “Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları” qəbul edilmişdi. Düzdür, bu qaydalarda çoxlu sayda boşluq və çatışmazlıqlar vardı. Lakin bununla belə, həmin qaydaların tətbiqi sayəsində Azərbaycanda sığorta işinin qonşu ölkələrlə müqayisədə daha sürətli və artan inkişafının əsası qoyulmuş oldu.

Sonrakı illərdə sığortaya dair qəbul olunmuş çoxsaylı qanunvericilik aktları Azərbaycan Respublikasında sığorta bazarının dinamik inkişafı üçün hüquqi əsas yaratdı. Belə ki, “Sığorta haqqında” AR-nin 05.01.1993-cü il tarixli Qanununun qəbul edilməsi ilə özəl sığorta şirkətlərinin yaradılması üçün qanunvericilik bazası yaradıldı. “Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası haqqında” AR-nın 31.05.1996-cı il tarixli Qanunu ölkədə sığorta bazarının inkişaf etdirilməsində güclü təkan rolunu oynadı desək, səhv etmərik. “Sığorta haqqında” AR-nin 25.06.1999-cu il tarixli Qanunu sığorta bazarı sisteminin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti addım oldu. “Tibbi Sığorta haqqında” AR-nin 28.10.1999-cu il tarixli Qanunu tibbi sığorta sisteminin nizama salınmasında həlledici rol oynadı. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” AR-nın Qanunu aqrar sığorta mexanizminin yaradılmasına və ona dövlət dəstəyinin artırılmasına inam yaradırdı. “İcbari Ekoloji Sığorta haqqında” AR-nın 12.03.2002-ci il tarixli Qanunu qlobal səviyyədə artan ekoloji problemlərin həlli yönümündə dövlətimizin məqsədyönlü siyasətinə mükəmməl bir əlavə oldu. “Sərnişinlərin İcbari Sığortası haqqında” AR-nin 17.06.2003-cü il tarixli Qanunu yeni sığorta məhsulunun tətbiqi baxımından böyük əhəmiyyətə malik idi. “Yanğından İcbari Sığorta haqqında” AR-nin 12.04.2004-cü il tarixli Qanunu özəl sahibkarlıq subyektlərinin təsərrüfat risklərinin sığortalanması baxımından son dərəcə əhəmiyyətli bir hadisə idi. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» AR-nın Qanunu Milli Məclis tərəfindən 2010-cu il 11 may tarixdə qəbul edilmiş və  2010-cu il 03 iyul tarixdə qüvvəyə minmişdir. Bu Qanunun qəbul edilməsi həyat sığortasının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Eyni zamanda Azərbayan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu qanunlardan irəli gələn onlarla normativ-hüquqi sənədlər, təlimatlar, qaydalar, normalar qəbul edilir və onların sığortaçılar tərəfindən mütləq qaydada yerinə yetirilməsinə nəzarət olunurdu. Bu zaman nəzarət orqanlarının məmurları dövlətin sığortaya nəzarət siyasətini əzmlə həyata keçirməklə yanaşı, əsil məsləhətçilər kimi də sığortaçılara daha yaxın olur və onların böyük rəğbətini qazanırdılar.

Sığorta nəzarəti funksiyasının 2001-ci ilin aprel ayında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilməsi Azərbaycanda sığorta işinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ən əhəmiyyətli tədbirlərdən biri oldu.
Məhz bundan sonra ölkədə sığorta işinin dünya standartlarına uyğun inkişaf etdirilməsi üçün daha geniş imkanlar yarandı.
Belə ki, Maliyyə Nazirliyinin təşəbbüsü əsasında, sığortaçıların maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin edilməsi, sığorta təminatının etibarlılığının yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnamə kapitalının minimum məbləği 2001-ci ilin sentyabr ayında əhəmiyyətli dərəcədə artırılaraq, sığortaçılar üçün 2 mlrd. manat, təkrar sığortaçılar üçün isə 5 mlrd. manat müəyyən edildi (2006-cı ildə həyata keçirilən denominasiya tədbirlərindən əvvəlki məzənnə ilə). Sonrakı illərdə nizamnamə kapitalının minimum məbləğinin artırılması ilə bağlı islahatlar davam etdirildi. Belə ki, nizamnamə kapitalının minimum məbləği mərhələli şəkildə artırılaraq sığortaçılar üçün 5 milyon, təkrarsığortaçılar üçün isə 10 milyon manat həcmində müəyyən edildi.

Ölkədə sığorta işinin dünya standartlarına uyğun təşkil və inkişaf etdirilməsi üçün ən əhəmiyyətli şərtlərdən sayılan sığorta sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi üçün Maliyyə Nazirliyinin və Təhsil Nazirliyinin birgə səyləri nəticəsində 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində «Sığorta işinin təşkili» ixtisası açıldı.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı ildə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına üzv olması Respublikada sığorta işinin inkişafı istiqamətində atılan ən vacib addımlardan biri oldu.

Azərbaycan Respublikasında Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə 2009-cu ilin aprel ayından Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti yaradıldı. Xidmətin yaradılması sığorta sahəsində dövlət tənzimlənməsi və nəzarəti işinin yaxşılaşdırılmasına şərait yaratdı.

Azərbaycan Respublikası Maliyyə nazirinin 19 noyabr 2004-cü il tarixli əmri ilə Maliyyə Nazirliyində “Sığorta Şurası” yaradıldı. Şuraya Maliyyə Nazirliyinin altı nümayəndəsi və yeddi aparıcı sığorta təşkilatı daxil idi. Sığorta Şurasının yaradılmasında əsas məqsəd sığortanın inkişaf tempinin ölkə iqtisadiyyatının ümumi inkişaf tempinə uyğunlaşdırılmasından ibarət idi. Bu, həm də onu göstərirdi ki, sığorta işi maliyyə xidmətinin spesifik bir sahəsi kimi həmişə Azərbaycan hökumətinin böyük önəm verdiyi və diqqət yetirdiyi sahələrdən idi.

Sığortaçıların ictimai birlikləri arasında mövcud sağlam rəqabət münasibətləri sığortanın inkişafına əlavə şərait yaradırdı. Belə ki, 2004-cü ildən başlayaraq sığortada bir neçə qeyri-hökumət təşkilatının yaradılması təşəbbüskarlığa, ideya-fikir yarışmalarına, pluralizmə, bazarda daha yüksək mövqe və təsir üstünlüyünə malik olmaq əzmkarlığına səbəb olurdu. Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqı 8 səhifəlik “Sığorta” qəzetini buraxırdı. Burada ölkə sığortasının mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumatlar əldə etmək olardı. MDB və dünya sığortasına dair məlumatlar da onun səhifələrində yer alırdı. Sığortaçılar öz illik balans və maliyyə nəticələrini dərc etdirməklə, bu mətbu orqanın yaşamasına köməklik göstərməyə çalışırdılar. Eyni zamanda, Azərbaycan Sığortaçılar Birliyinin təsis etdiyi, keyfiyyatlı tərtibatı və dizaynı ilə fərqlənən Azərbaycan Qarant sığorta jurnalının əhəmiyyətini qeyd etmək lazımdır. Jurnalın rəngarəng səhifələrində 3 dildə yazılmış materiallara rast gəlmək olardı. Qarant sığorta jurnalının səhifələrində ətraflı statistik məlumatlar, sığortaçıların reytinqi, yeni sığorta məhsullarının təşviqinə geniş yer ayrılırdı. Aparıcı sığortaçıların rəngli reklamlarının yerləşdirilməsi də az əhəmiyyət kəsb etmirdi.

Sonrakı illərdə tətbiq edilən yenilik, yəni sığortaçıların ictimai birliyinin müşahidə şurasının rəhbərliyinin rotasiya əsasında hər il dəyişdirilməsi əhəmiyyətli bir yenilik idi. Belə ki, hər il təsisçilərindən birinin idarə heyətinin sədri birliyin müşahidə şurasının sədri seçilirdi. Bir neçə il davam edən bu qaydanın tətbiqi rəhbərlər arasında sağlam rəqabət mühiti yaradır, işin ahənginə bir impuls verərək, faydalı nəticələrə gətirirdi. Hər yeni rəhbər özündən əvvəlkindən fərqli nəsə yaratmaq istəyirdi. Bu sırada ən böyük uğur, böyük fəxarətlə qeyd etmək olar ki, ölkədə ənənəvi “Beynəlxalq Sığorta Forumu”nun keçirilməsinin əsasını qoymaq oldu. Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən hər il Bakı şəhərində Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir, Bu Forumda MDB və bir sıra Avropa dövlətlərinin sığorta şirkətlərinin və sığorta nəzarəti orqanlarının mütəxəssisləri iştirak edirdilər. Beynəlxalq Forumun təşkili və keçirilməsi sığortaçılar arasında işgüzar münasibətlərin yaradılmasında, təkrarsığorta sahəsində əməkdaşlığın səmərəliliyinin artırılmasında, dünya və region sığortaçıları arasında fikir və təcrübə mübadiləsinin aparılmasında əvəzsizdir.

Sığortaçıların peşəkar post-diplom təhsilinə dair regional sistemin yaradılması istiqamətində işlər aparılırdı. Avrasiya Fondunun maliyyələşdirdiyi qrant layihəsi əsasında bu sistemin yaradılması məqsədilə ilk addımlar atıldı – təhsil proqramı işlənib hazırlandı, əsas istiqamətlər müəyyən edildi, təcrübə mübadiləsinin aparılması üçün xaricdə partnyor təşkilatlar müəyyən edildi.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsi Təhsil Nazirliyinin Ümumtəhsil Məktəbləri idarəsi ilə müvafiq danışıqlar aparmış və idarə rəhbərliyindən “sığorta”nın bir fənn kimi tədris planına salınmasına razılıq əldə etmişdir.

Sığorta şirkətlərinin idarəetmə strukturunun təkmilləşdirilməsi, hesabatlılığın qabaqcıl standartlarının tətbiq edilməsi, sığortaçıların ödəniş qabiliyyətliliyinin və maliyyə dayanıqlığının gücləndirilməsi, sığorta vasitəçiliyi sisteminin sahmana salınması, sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarəti işinin yaxşılaşdırılması məqsədilə müəyyən addımlar atılırdı. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu yuxarıdakılarla bağlı inkişafa təkan vermiş oldu. Məhz bu Qanunun qəbul edilməsindən sonra sığorta bazarının və idarəetmə sisteminin yenidən formalaşdırılması istiqamətində de-yure və de-fakto müsbət addımlar atıldı. Sığortaçıların hüquqi statusu və korporativ idarəetmə sisteminin formalaşdırılmasının əsasları müəyyən edildi. Sığorta bazarının dinamik inkişafının təmin edilməsində aşağıdakı qaydada sıralanan əsas faktorların həyata keçirilməsi hüquqi dəstək qazanmış oldu.

Sığorta təşkilatlarında optimal idarəetmə modelinin yaradılması, o cümlədən: a) biznes proseslərinin optimizasiyası, idarəetmənin modernləşdirilməsi, b) sığorta şirkətlərinin fəaliyyətinin təkmilləşdirilməsinin sistemli xarakter daşıması, c) sığortaçılarda İT infrastrukturun ardıcıl olaraq təkmilləşdirilməsi, d) müasir, keyfiyyətli, çevik menecment sisteminin qurulmasının hüquqi bazasının formalaşdırılması.

Sığortaçıların kapitallaşması, o cümlədən: a) sığortaçıların kapitallaşmasının ardıcıl xarakter daşıması, b) sığortaçıların sərbəst vəsaitlərinin düzgün diversifikasiya edilməsi, c) sərmayə yatırımlarından maksimum mənfəətliliyin təmin olunması məqsədilə qaydalar, normalar və təlimatların işlənib hazırlanması və icra üçün rəhbər tutulması.

Sığortaçılarda kadrların hazırlanması, o cümlədən: a) rəhbər işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı addımların atılması, bu məqsədlə onların müvafiq təlim və attestasiyaya cəlb olunması, c) sığorta şirkətləri üçün peşə təhsili sisteminin yaradılması istiqamətində ilk cəhdlərin göstərilməsi

Satış sisteminin təkmilləşdirilməsi, o cümlədən: a) satış sisteminin yenidən qurulması, b) İT imkanlarından maksimum istifadə edilməsi, c) on layn satış metodunun inkişafı d) sığorta vasitəçilərinin peşəkar xidmət mədəniyyətinin qaldırılması

Maarifləndirmə, o cümlədən: a) maarifləndirmə, təbliğat və izahat işlərinin sistemli surətdə aparılması, b) kütləvi informasiya vasitələrində, həmçinin efir məkanlarında sığortaya dair davamlı olaraq verilişlərin hazırlanması, xüsusi internet portalın qurulması

Sığortaçıların rəhbər işçilərinin təyin edilməsi ilə bağlı tələblər müəyyənləşdirildi. Sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalaşdırılmasının mükəmməl hüquqi əsasları yaradıldı. Sığortaçıların maliyyə dayanıqlılığının və ödəniş qabiliyyətliliyinin daimi və davamlı olaraq onun öhdəliklərinə adekvat şəkildə formalaşdırılması və artırılmasının bünövrəsi qoyuldu. Belə ki, investisiya siyasətinin həyata keçirilməsinin mükəmməl sisteminin yaradılması, sığortaçıların öz vəsaitlərinin, habelə sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsi qaydalarının, diversifikasiya normalarının tətbiqinin hüquqi əsasları yaradıldı. Bütün bunlar bütövlükdə ölkə sığortaçılarının həm forma, həm də məzmun baxımından sahmana salınmasına başlamağa hüquqi zəmin və imkan yaratmış oldu. Çox keçmədi ki, bir sıra təsadüfi, məqsədi-məramı bilinməyən sığorta şirkətləri bazarı tərk etməyə məcbur oldular. Nəzarət orqanının bu istiqamətdə sığortaçılara heç bir kompromisə getməməsi o sadə prinsipə əsaslanırdı ki, “sığortaçının zəruri kapitalı olmalıdır, sığortaçının mənəvi baxımdan iflasa uğramağa haqqı yoxdur, çünki on minlərlə sığortalılar öz risklərini ona ötürərək, onun etibarlı təminatçı olmasını qəbul etmişlər. Müştərilərin qəlbindəki bu inamı öldürmək. əslində sığortanın sonunun bağlanğıcı demək olardı.”

Sığorta vasitəçiliyi institutunun bərqərar olması və onların sonrakı fəaliyyəti üçün hüquqi baza, qanunvericilik əsasları yaradıldı. Nə qədər çətin olsa da sığorta bazarının təsadüfi, peşəkar savada və qabiliyyətə malik olmayan “”dəllallar”dan təmizlənməsinin başlanqıcı qoyuldu. Artıq sığorta vasitəçilərinin – sığorta agentləri və sığorta brokerlərinin müəyyən olunmuş təlimlərdən keçməsi və lisenziylaşdırılması tələb olunurdu. Bundan öncəki, 2-ci dərəcəli agentlərin, indiki terminlə ifadə etsək, subagentlərin təmizlənməsinə start verildi.

İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 24 iyun 2011-ci il tarixdə qəbul olunması Azərbaycanın sığorta bazarının inkişafında misli görünməmiş hadisəyə çevrildi. Bu Qanunun eyni zamanda bir neçə sığorta növünü əhatə etməsi həm geniş əhali kütləsi arasında, həm də sahibkarlıq subyektləri arasında, o cümlədən tikinti sektorunda, emal müəssisələrində, mədən sənayesində, kommersiya strukturlarında və s. böyük rezonansa səbəb oldu. Bu sığortanın, demək olar ki, cəmiyyətin bütün sferalarına aidiyyatı vardı.

İllər keçdikcə, ölkə üzrə Ümumi Daxili Məhsulda sığortanın payı artır, adambaşına düşən sığorta haqlarının həcmi yüksəlir və yeni sığorta məhsulları işlənərək, sığortaçıların satış portfelinin genişlənməsinə səbəb olurdu. Hətta Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nı da qəbul etmişdi. Bundan sonra sığorta olunanların və digər faydalanan şəxslərin mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə olundu. Həyat və qeyri-həyat sığortası sahələrində qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni sığorta məhsullarının işlənməsinə və tətbiqinə əhəmiyyət verilirdi. Sığortalıların mənafelərinin müdafiəsi üçün ciddi və qəti hüquq normalarının müəyyən edilməsi istiqamətində səylərin artırılması zərurəti vurğulanırdı.

Azərbaycanın “Yaşıl Kart” Sığorta Sisteminə üzvlük məsələsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti orqanının təklifi ilə hələ 2005-ci ildən Nazirlər Kabinetində müzakirə olunurdu. Ölkəmiz 1999-cu ildən qurumun tranzit hüquqlu üzvü olmasına baxmayaraq, onun “Yaşıl Kart”a tam hüquqlu üzv olması müşkülə çevrilmişdi. Lakin bütün maneələrə rəğmən, bu məqsədlə 2004-2005-ci illərdə intensiv işlər davam etdirilirdi. Bu işdə “Yaşıl Kart”ın Azərbaycan şöbəsinin rəhbəri və icraçı direktoru xüsusi səy göstərirdi. Onlar Londongate (Azərbaycan) İnsurance Co.-nun əlaqələrindən yararlanaraq, Londonun sistem rəhbərliyi ilə danışıqlar aparırdılar. Təəssüflər olsun ki, bütün bu səylər heç bir nəticə verməmişdi. Nəhayət, 28 noyabr 2014-cü il tarixdə “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə vəziyyət köklü surətdə dəyişdi və ölkəmizin “Yaşıl Kart” Sığorta Sisteminə tam hüquqlu üzv olmasının hüquqi əsası yaradılmış oldu. Maliyyə Nazirliyinin və İcbari Sığorta Bürosunun uğurlu beynəlxalq əməkdaşlıq siyasəti nəticəsində Azərbaycan 2015-ci il mayın 28-də Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının Növbəti Baş Assambleyasında “Yaşıl Kart” beynəlxalq sığorta sisteminə qəbul olunmuş və 01 yanvar 2016-cı il tarixdən onun tam hüquqlu üzvü kimi fəaliyyətə başlamışdı. Azərbaycanın üzvlüyü ilə bu mötəbər təşkilatın iştirakçılarının sayı 48-ə çatmışdı. Azərbaycan MDB məkanında bu quruma üzv olan ilk ölkələrdən biri, Cənubi Qafqazda isə birinci oldu.

İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa 18 dekabr 2015-ci il tarixli dəyişikliklər sığorta xidmətlərinin keyfiyyətinin artırılması və risklərin düzgün idarə olunması sisteminin yaradılması istiqamətində atılmış mühüm bir addım oldu. Sığorta haqlarının informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə həyata keçirilməsi, qanunla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirimlərin (güzəştlərin) tətbiq edilməsinin, habelə bu məqsədlə hədiyyələrin verilməsi və ya digər formada sövdələşmələrin təklif edilməsinin qadağan edilməsi, icbari sığorta müqaviləsinin elektron sənəd formasında bağlanması, müəyyən olunmuş hallarda və qaydada zərərin əvəzinin zərərçəkənin sığortaçısı tərəfindən ödənilməsi, zərərçəkənin sığortaçısının zərərvuranın sığortaçısına qarşı iddialarının subroqasiya hüququ qaydasında təmin edilməsi ANVSMMİS-da əsil inqilabi dəyişikliklər təsiri bağışlayırdı. Hazırda icbari avtoməsuliyyət sığortası müqavilələrinin buraxılışı və qeydiyyatı sahəsində İSB-nin daxili sistemlərinin təkmilləşdirilməsi davam etdirilir. Görülən işlər nəticəsində sığorta vasitəçilərinin Büronun mərkəzi sistemində identifikasiyası gözlənilir. Bu sistem bir tərəfdən vasitəçilik təsisatının daha şəffaf və məsuliyyətli fəaliyyətinə səbəb olmalı, digər tərəfdən səmərəli nəzarətə imkan verməlidir. Bu layihənin həyata keçirilməsi bütövlükdə sığorta bazarının sağlamlaşdırılması istiqamətində son dövrlər həyata keçirilən ən təsirli tədbirlərdən biri hesab edilməlidir.

İnzibati Xətalar Məcəlləsindəki məlum dəyişikliklər avtomobil sahiblərinin icbari mülki məsuliyyət sığortasında növbəti bir yenilik oldu. Belə ki, n/v-nin sahibi öz mülki məsuliyyətini icbari qaydada sığorta etdirmədiyi halda DYP-nin Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən avtomatik olaraq elektron protokol tərtib edilməsi böyük yenilik idi. Bu yeniliyin həyata keçirilməsi üçün İSB-də a/n vasitələrinin icbari sığortasına dair məlumat bazası DYP-nin MİS ilə inteqrasiya olunmuşdur.

Ölkə üzrə lisenziya tələb olunan fəaliyyət növlərinə, o cümlədən sığorta lisenziyalarına görə ödənilən dövlət rüsumlarının məbləğinin aşağı salınması əhəmiyyətli hadisələrdən idi. Belə ki, müvafiq dəyişikliklərdən sonra sığorta lisenziyaları üçün dövlət rüsumlarının həcmi ucuzlaşdırılmış və sığorta fəaliyyəti üzrə 11 000 manat (bundan öncə 22 000 manat), təkrarsığorta üzrə 11 000 manat (bundan öncə 22 000 manat), hüquqi şəxs olan sığorta brokerləri üçün 11 000 manat (bundan öncə 22 000 manat), fiziki şəxs olan sığorta brokerləri üçün 500 manat (bundan öncə 1000 manat), hüquqi şəxs olan sığorta agentləri üçün 500 manat (bundan öncə 1000 manat), və fiziki şəxs sığorta agentləri üçün 200 manat (bundan öncə 220 manat) səviyyəsinə endirilmişdi.

Yuxarıdakılar onu göstərir ki, 25 il ərzində sığorta sektoru və onun inkişaf etdirilməsi yolları heç vaxt dövlətin diqqətindən kənarda qalmamışdır. Azərbaycan sığortaçılığı bütün çatışmazlıqlara baxmayaraq müəyyən inkişaf səviyyəsinə çata bilmişdi. Lakin onu da qeyd etməliyik ki, bu müddət ərzində daha böyük uğurlara imza ata bilərdik. Bu barədə 2-ci yazıda söhbət açılacaq.

_______________

Müəllif:

Şükür HÜSEYNOV

Sığorta üzrə ekspert, təlimçi

mənbə: fins.az

DİQQƏT !!!

YAZINI FAYDALI VƏ DƏYƏRLİ HESAB EDİRSİNİZSƏ ADMİNİMİZ ÜÇÜN BAŞLADILAN TƏHSİL KAMPANİYASINA DƏSTƏK OLMANIZI VƏ YA ƏN AZINDAN FACEBOOK VASİTƏSİLƏ PAYLAŞMANIZI XAHİŞ EDİRİK !
LİNK BURADA

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir