Əmlak sığortası müqaviləsini necə düzgün bağlamalı?

Emlak-sigortasi-muqavilesini-nece-duzgun-baglamali
Əmlak sığortası müqaviləsini necə düzgün bağlamalı?

Sığorta münasibətlərininin inkişaf etdiyi dövrümüzdə mübahisə predmeti olan halların sayı da xeyli artmışdır. Mövcud durumu təhlil edərkən, aydın olur ki, bu cür ziddiyyətlərin ilkin əsası hələ sığorta müqaviləsinin bağlanması  mərhələsində qoyulur. Gələcəkdə sığortalı ilə sığortaçı arasında əlavə narazılıqların yaranmaması üçün sığorta agentləri bir sıra qaydalara riayət etməli və zəruri addımlar atmalıdırlar. Onlardan ən vaciblərini aşağıdakı qaydada diqqətinizə çatdırıram.

  • Müqavilədən öncə sığortalanacaq bina, tikili ilə bağlı tələb olunan yanğın və təhlükəsizlik təlimatlarının, oxlarla işarələnmiş yanğın qapı və çıxışlarının, təxliyyə planının, elektrik naqillərinin cari durumu barədə müvafiq təşkilatın protokollaşdırılmış rəyinin olub-olmamasını aydınlaşdırmaq lazımdır;
  • Mühafizə sisteminin, o cümlədən təhlükəsizlik siqnal sisteminin və yanğınsöndürmə avadanlıqlarının normativlərə uyğun və işlək vəziyyətdə olmasına əmin olmaq lazımdır;
  • Avadanlıqların, malların, cihazların, mebellərin və s. təlimata uyğun olaraq aidiyyatı üzrə saxlanılmasına, yerləşdirilməsinə, bərkidilməsinə, qablaşdırılmasına və yığılmasına, tullantıların (əgər varsa) atılmasına diqqət yetirilməli, çatışmazlıq olduqda isə onların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi sığortalıdan tələb edilməlidir;
  • Sığortalanacaq binanın, tikilinin yerləşdiyi ərazinin seysmoloji vəziyyətini, onun texniki təyinatını/istifadə növünü – emal, istehsal, ofis, yaşayış, kommersiya, anbar və s. nəzərə almaq, habelə tikinti materiallarının, dam örtüyünün növlərinin, hasar, qəfəslik, mərtəbələrin sayının və s. riskin qiymətləndirilməsi baxımından əhəmiyyətinə önəm vermək lazımdır;
  • Bu sığortanın sığortalıya aid mühüm şərtlərinin, o cümlədən müqaviləyə daxil edilmiş risk(lər)ə dair məlumatların verilməsi, sığorta hadisəsi və ödənişlə bağlı şərtlərin və qeyd-şərtlərin sığortalının diqqətinə çatdırılmadan bağlanılması yolverilməzdir;
  • Sığorta haqqının ödənilməsi şərtləri və formalarına dair və sığorta haqqı müəyyən olunmuş qaydada və vaxtda ödənilmədikdə sığortalını nələr gözlədiyi barədə ona məlumat verilməlidir;
  • Daşınmaz Əmlakın İcbari sığortası, Daşınmaz Əmlakın Istismarı ilə bağlı Mülki Məsuliyyətin İcbari sığortası və Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari sığortası üzrə İcbari Sığorta Bürosunun təsdiq etdiyi YADDAŞ VƏRƏQƏLƏRİ-nin tələbləri, sığortalının mütləq bilməli olduğu məsələlər – sığorta hadisəsi baş verdikdə nə etməli?/sığorta ödənişinin verilməsindən imtinanın əsasları onlara izah edilməlidir;
  • Sığorta məbləğini əmlakın faktiki dəyərindən yuxarı götürmək olmaz, əks təqdirdə bu, sığortanın ümumi prinsiplərinə zidd olan ikili (çoxqat) sığorta mahiyyəti kəsb edəcəkdir;
  • Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna edilməklə, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməyəcəkləri üçün əmlakın dəyəri dəqiq və real bazar dəyəri həddində götürülməlidir;
  • Əmlakı natamam sığortalayarkən, onun real bazar dəyərini (sığorta dəyərini) çox aşağı salmaq olmaz, çünki bu, bir tərəfdən qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir, digər tərəfdən Şirkətin və nəticə etibarı ilə Sizin öz gəlirlərinizin də azalmasına gətirib çıxarır. Sığorta müqaviləsi natamam formada bağlandıqda, onun mahiyyəti barədə sığortalıya dəqiq məlumat verilməlidir ki, gələcəkdə bu haqsız narazılıqlara yol açmasın;
  • Sığorta müqaviləsində azadolma məbləği tətbiq olunduğu halda, bu barədə sığortalıda dəqiq təsəvvür yaradılmalıdır. Əksər hallarda, sığortalılar azadolma məbləğinin nə məqsədlə tətbiq olunduğundan, onun nə kimi əhəmiyyət kəsb etdiyindən xəbərsiz olurlar;
  • Sığorta predmeti olan əmlak və avadanlıqların şəklini yarımçıq çəkmək olmaz. Təhlükə mənbəyi ola bilən, gələcəkdə daha çox xərc tələb edəcəyi gözlənilən sığorta predmetlərinin şəkillərinin dəqiq çəkilməsinə nail olmaq lazımdır. Bu məqsədlə aşağıdakı qaydalara riayət edilməlidir: A. Obyektin şəkillərinin kənardan çəkilməsi zamanı elə məsafə seçmək lazımdır ki, həmin obyekt şəkildə tam fonda aydın görünsün; B. Obyektin şəkillərinin daxildən çəkilməsi zamanı bir otağın (ərazinin) bir neçə rakursdan ümumi dəqiq görüntüsünü çəkmək lazımdır. Binanın bütün eyni tipli otaqlarını təkrar çəkməyə ehtiyac yoxdur, əsas yerləri – giriş-foye, istehsalat sahələri, anbarlar, texniki otaqlar, qazanxana, transformator; və s. çəkilməlidir. Bütün bunlar bir tərəfdən müqavilə bağlanarkən mümkün risklərin düzgün qiymətləndirilməsi baxımından, digər tərəfdən gələcəkdə sığorta hadisələri nəticəsində zərərin ölçülməsində əlavə problemlərin yaranmaması baxımından vacibdir.
  • Sığorta müqaviləsinə Əlavə sığortalı və ya onun qanunla müəyyən edilmiş qaydada səlahiyyəti təsdiq edilmiş nümayəndəsinin özü tərəfindən doldurulmalı, sığortalı və ya onun nümayəndəsinin adı və soyadı tam yazılmalı, imzalanmalı və sənədin tarixi dəqiq göstərilməlidir. Sığortalı hüquqi şəxs olduqda isə, onun möhürünün Əlavəyə vurulmaması yolverilməzdir;
  • Sığorta məhsullarının satışı xidmətini həyata keçirən əməkdaş və ya sığorta agenti Əlavəni tam doldurmalı, yəni öz adını və soyadını tam yazmalı, tarixi göstərməli və imzalamalıdır. Sığorta məhsullarının satışı xidmətini həyata keçirən əməkdaş və ya sığorta agentinin Əlavəni sığortalının əvəzindən imzalaması qadağandır və unutmaq olmaz ki, bu, birbaşa cinayət məsuliyyəti yaradır (imzanın saxtalaşdırılması);
  • Əmlakın yerləşdiyi ünvanın adı Əlavəyə dəqiq və tam daxil edilməli, sığorta müqaviləsinin tarixi düzgün göstərilməlidir. Sığortalının telefon nömrəsi və s. məlumatlar müvafiq blanka və EİS-ə tam və düzgün daxil edilməlidir;
  • Subroqasiya hüququnun təmin edilməsi üçün sığortalı tərəfindən sığortaçıya mümkün dəstəyin göstərilməsi onun diqqətinə çatıdırlmalıdır;
  • Sığorta məhsullarının satışı xidmətini həyata keçirən əməkdaş sığorta haqqının müəyyən olunmuş qaydada ödəməməsi üzündən sığortalının mənafelərinin pozulmasına görə onun qarşısında həmin sığorta müqaviləsində sığortaçıya aid nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üzrə tam öhdəlik daşıdığını unutmamalıdır;
  • İcbari qaydada sığorta etdirmək öhdəliyi olan şəxslər icbari sığorta müqaviləsi bağlamadıqda (İXM – maddə 469.), aşağıdakı qaydada cərimə olunacaqları onların diqqətinə çatdırılmalıdır:
  1. Daşınmaz Əmlakın İcbari Sığortası üzrə – fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat;
  2. ANVSİ Sığortası üzrə: – fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat;
  • Cərimə tətbiq edildikdən sonra şəxsin 20 gün ərzində müvafiq sığorta müqaviləsini bağlamalı olduğu, əks təqdirdə yenidən cərimə olunacağı da onun diqqətinə çatdırılmalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Ümid edirəm ki, daşınar və daşınmas əmlak sığortasının bağlanması mərhələsində yuxarıdakılar gözlənilərsə, gələcəkdə sığortalı ilə mübahisə yaranmaz və məhkəmə çəkişmələrinin sayı hiss olunacaq dərəcədə azalar. Bu isə, razılaşarsınız ki, bütövlükdə yerli sığortaçıların adının, imicinin və reputasiyasının qorunması baxımından çox əhəmiyyətli olardı.

____________

Müəllif:

Şükür HÜSEYNOV

Sığorta üzrə ekspert, təlimçi

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir