Hüquqi şəxsi necə ləğv etmək olar ? Sənəd nümunələri ilə İZAHLI

Hüquqi şəxslərin qeydiyyat prosedurları daim diqqət mərkəzində olan bir mövzudur. Qeydiyyat prosedurlarının asanlaşdırılması və sahibkarlığın inkişafına təkan vermək üçün son dövrlərdə bir sıra mühüm addımlar atılıb. Buna misal olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatını göstərə bilərik. Elektron qeydiyyatın tətbiqi sayəsində hüquqi şəxsin təsis edilməsi – yaradılması artıq çox asandır.

Bununla yanaşı, bir çox sahibkar hüquqi şəxsin ləğvetmə prosesindən ya xəbərsizdir, ya da onun həyata keçirilməsindən mümkün qədər kənar durur. Çünki hüquqi şəxsin ləğv edilməsi onun yaradılmasına nisbətən uzun və daha mürəkkəb prosesdir. Bir çox hallarda məhz bu səbəbdən bir çoxları hüquqi şəxsin fəaliyyətinin uzunmüddətli dayandırılmasına üstünlük verir. Lakin, nəzərə almaq lazımdır ki, fəaliyyətin dayandırılması rəsmi surətdə təsisçinin (hüquqi şəxsin iştirakçısının) öhdəliklərinə xitam vermir, onu belə demək mümkünsə, qısa və ya uzun müddətə təxirə salır. Məsələn, əgər siz hər hansı bir kommersiya hüquqi şəxsinin təsisçisisinizsə və kommersiya fəaliyyəti ilə məşğul olmanın qadağan olunduğu bir qurumda işə düzəlmək fikrindəsinizsə (məsələn, dövlət qulluğu), yaxud ümumiyyətlə artıq hər hansı hüquqi şəxsin fəaliyyətində adınızın keçməsini istəmirsinizsə, fəaliyyətin dayandırılması sizin üçün çıxış yolu sayıla bilməz.

Eyni zamanda, qeyd edək ki, fəaliyyətin dayandırılması hər dəfə üçün maksimum 5 illik dövrü əhatə edir. Həmin müddət bitdikdən sonra isə avtomatik olaraq müəssisənin fəaliyyəti aktivləşir (yenidən həmin müddətə fəaliyyətin dayandırılması istisna edilmir və məhdudiyyət yoxdur). Nəzərə almaq lazımdır ki, fəaliyyətin dayandırıldığı müddətdə də müəssisənin və onun təsisçilərinin məsuliyyəti birdəfəlik – tam həcmdə ləğv olunmur. Əgər siz təsisçisinizsə və öz məsuliyyətinizə tamamilə xitam vermək fikrindəsinizsə, ya öz təsis payınızı satmalı, ya da hüquqi şəxsi ləğv etməlisiniz.

  • Təsis payının satılması payın alğı-satqı müqaviləsi ilə həyata keçirilir və tərəflər fiziki şəxslər olduqda həmin müqavilə notarial qaydada təsdiqlənməlidir. Alğı-satqı təsisçilərin öz aralarında və ya təsisçi(lər) ilə başqa şəxslər arasında həyata keçirilə bilər (Əlavə 1);
  • Hüquqi şəxsin ləğv olunmasının isə bir neçə əsası var:
  1. Təsisçilərin qərarı (o cümlədən, hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya hüquqi şəxsin yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi halında)
  2. Müflisləşmə
  3. Hüquqi şəxsin qeydiyyatının etibarsız sayılması və ya qayda pozuntularına yol verməsi ilə bağlı məhkəmə qərarı ilə.

Bu məqalədə birinci əsas üzrə – sadələşdirilmiş vergi ödəyicisi olan kommersiya hüquqi şəxsin (konkret olaraq fəaliyyəti olmayan MMC-nin) təsisçilərin qərarı ilə ləğv olunma prosesi praktik təcrübələr və qanunvericiliyin nəzəri əsasları nəzərə alınmaqla mümkün qədər ən sadə yolla izah edilmişdir. Prosesin böyük hissəsini burada qeyd olunan məlumatlar və əlavədə adları qeyd edilən sənədlər əsasında apara bilərsiniz. Yalnız nəzərə alın ki, ləğvetmə prosesində bəyannamələrin verilməsi və balansın tərtib edilməsi üçün (əlavə etdiyimiz şablon – yarandığı dövrdən ləğv qərarına qədər fəaliyyəti olmayan müəssisənin balansı istisna olmaqla) mühasibin xidmətlərinə ehtiyacınız olacaqdır. Qeyd edək ki, ləğvetmə prosesində 2 bəyannamə (sadələşdirilmiş verginin ləğv bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ilə bağlı illik bəyannamə) (müəssisəsinin təqdim etməli olduğu digər bəyannamə növləri istisna edilmir – mövcudluğundan asılı olaraq torpaq, əmlak və.s vergi bəyannamələri) təqdim etməli və 3 dəfə də balans tərtib etməli olacaqsınız:

  1. rəsmi bəyanat tələb olunarkən – faktiki aktiv və passivlərin vəziyyəti barədə balans
  2. kreditorların (borclu olduğunuz təşkilat və ya fiziki şəxslərin) tələb irəli sürmə müddəti bitdikdən sonra – aralıq ləğvetmə balansı
  3. bütün məlum kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə balansı.

İndi isə ləğv prosesinə keçək: Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli, 2458 nömrəli Sərəncamına əsasən, sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir və bu prinsip 1 yanvar 2008-ci ildən etibarən tətbiq edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa (maddə 12.1) və həmin qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli, 48 nömrəli Fərmanına əsasən, kommersiya hüquqi şəxslərinin dövlət reyestri Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən tərəfindən həyata keçirilir.

Ləğv prosesi iki hissədə aparılır:

  1. Məlumatlandırma mərhələsi – hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatın dövlət reyestrinə daxil edilməsi
  2. Ləğvetmə mərhələsi – hüquqi şəxsin ləğv olunmasının dövlət reyestrinə daxil edilməsi və mövcudluğuna son qoyulması

 

I  MƏRHƏLƏ

(məlumatlandırma)

Bu mərhələdə hüquqi şəxsin ləğvi üçün ilkin sənədlər tərtib olunaraq hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim edilir ki, onun ləğv prosesində olmasına münasibət bildirilərək bu məlumatlar reyestrə daxil edilsin. Bunun üçün aşağıdakı addımlar atılır:

a) Təsisçilər (və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı) hüquqi şəxsin rəhbərindən (icra orqanından) (bu adətən MMC-lərdə direktor olur) hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir (Əlavə 2).

b) Hüquqi şəxsin rəhbəri (icra orqanı) ödəmə qabiliyyəti olduğu halda bunu bəyan edir. Bu bəyanata yuxarıda qeyd etdiyimiz ilk balans – müəssisənin aktiv və passivlərinin vəziyyətini göstərən balans əlavə edilir (Əlavə 3).

Qeyd: əgər rəhbər ödəmə qabiliyyətinin olmadığını bildirərsə, hüquqi şəxs müflisləşmə qaydasında ləğv olunmalıdır. Müflisləşmə qaydasında ləğvetmə fərqli prosedurdur və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu (13 iyun 1997-ci il, № 326-IQ) ilə tənzimlənir.

c) Rəsmi bəyanat təsisçilərə təqdim edildikdən sonra 20 gün müddətində ləğvetmə qərarı verilir (Əlavə 4). Həmin qərarla təsviyəçi və ya ləğvetmə komissiyası təyin edilir, qərarda ləğvetmə qaydasımüddətləri göstərilir. Qərarın verilməsi ilə ləğvetmə prosesi başlamış olur. (Ləğvetmə qərarının mühüm xüsusiyyəti odur ki, ləğv prosesində bir çox hərəkətlər üçün müddətin başlaması məhz onun qəbul edildiyi tarixdən nəzərə alınır. Bu səbəbdən ləğvetmə qərarını bir neçə (5-6) original nüsxədə hazırlamaq məsləhətdir, çünki daha sonra ondan bir neçə dəfə prosedurun müxtəlif mərhələlərində istifadə olunacaqdır). Həmin tarixdən etibarən əmək müqavilələrinin elektron bildiriş sistemində direktorun (və ya digər icra orqanının) əmək müqaviləsinə xitam verilməlidir.

Qeyd 1: təsviyəçi və ya ləğvetmə komissiyası ləğv prosesində hüquqi şəxsin adından çıxış edir və onun işlərini idarə edir. Əgər hüquqi şəxsin iştirakçıları çoxdursa, dövriyyəsi böyükdürsə, çox sayda bank əməliyyatları aparmışsa və hesablaşmalar dərin araşdırma tələb edirsə, bu halda bir neçə şəxsdən ibarət ləğvetmə komissiyası yaradılması məqsədəuyğundur ki, bütün hallar ətraflı araşdırıla bilsin. Əgər iştirakçıların sayı çox deyilsə və ya dövriyyə böyük deyilsə, hüquqi şəxsin əməliyyatları da çox deyilsə, bu halda ləğv prosesini aparmaq üçün bir nəfər – təsviyəçi təyin edilməsi kifayət edər. Qanunvericilikdə hansı hallarda məhz ləğvetmə komissiyasının yaxud təsviyəçinin təyin olunmasının məcburiliyi nəzərdə tutulmayıb və kimlərin ləğvetmə komissiyasının üzvü və ya təsviyəçi təyin edilməsi üçün xüsusi tələb və ya qadağalar yoxdur. Yəni, ləğvetmə komissiyası yaxud təsviyəçinin təyin edilməsi müəssisənin maliyyə vəziyyəti, iştirakçılarının sayı və digər faktorlar nəzərə alınmaqla şəxsi mülahizələr əsasında müəyyən edilir və həm direktor, həm təsisçi, həm də digər tam fəaliyyət qabiliyyətli kənar şəxsləri ləğvetmə komissiyasının üzvü və ya təsviyəçi təyin etmək olar.

Qeyd 2: təsviyəçi və ya ləğvetmə komissiyasının səlahiyyəti:

təsviyəçi və ya ləğvetmə komissiyası təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası və ya təsviyəçi borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi məqsədilə onun işini davam etdirir, kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, məhkəmədə ləğv edilən hüquqi şəxsin adından çıxış edir.      

Qeyd 3: təsviyəçi və ya ləğvetmə komissiyasının məsuliyyəti:

təsviyəçi və ya ləğvetmə komissiyasının üzvləri təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmağa və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur. Onlar bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Təsisçilərin tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

Qeyd 4: təsviyəçi və ya ləğvetmə komissiyasının üzvləri təsisçilərin qərarı ilə geri çağırıla və yeni şəxslərlə əvəz oluna bilərlər. Bu zaman nəzərə alın ki, bu məlumatı mütləq vaxtında (həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq) vergi orqanına təqdim etmək və reyestrdən yeni çıxarış almaq lazımdır.

d) Ləğvetmə qərarı verilən tarixdən 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi) “Vergilər” qəzetində hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı – elanı dərc etdirir (Əlavə 5).

Elanın qəzetdə verilməsi üçün 20 manat ödəniş edilməlidir. Elan daha sonra hər dəfə 15-20 gün fasilə verilməklə iki dəfə də dərc etdirilir. Ödəniş ancaq birinci elan üçün edilir, ikinci və üçüncü elanların dərci ödənişsizdir (onlayn müraciət edildikdə isə ilk elanın dərci də ödənişsizdir).

Bakı şəhəri, Yasamal rayonu 

Əbdürrəhimbəy Haqverdiyev küçəsi 60

tel./fax: 403-87-89

[email protected]

 

«Vergilər» qəzeti redaksiyası

VÖEN-1300327481

«Atabank» ASC   kod-507581

H/h – АZ46АТАZ01200012258000138090

S.W.I.F.T. BIK ATAZAZ22

«Atabank» ASC

VÖEN-9900006651

M/h-АZ50NABZ01350100000000032944

Qeyd 1: Kreditorların tələbini bildirməsi üçün istənilən real ünvanı qeyd edə bilərsiniz. Lakin həmin ünvana gələn məktublardan və ya birbaşa edilən tələblərdən xəbərdar ola bilməyinizin mümkünlüyünü mütləq nəzərə alın. Tələb üçün müddət isə ilk elan dərc olunan gündən ən az 60 (altmış) gündür. Nəzərə alın ki, tələb müddəti ərzində ləğvetmə komissiyası və ya təsviyəçi kreditorlardan hər hansı birinin irəli sürdüyü tələblə razılaşmadıqda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır.

Qeyd 2: Elanı dərc etdirmək üçün “Vergilər” qəzeti ilə əlaqə saxlayıb onlara ödənişi təsdiq edən qəbzi, ləğvetmə qərarını və elanın mətnini özündə əks etdirən təsviyəçinin (ləğvetmə komissiyasının) adından müraciət məktubunu email (daha asan və məsləhətlidir) və ya poçt vasitəsilə göndərə bilərsiniz. Qəzet hər həftənin çərşənbə günü (III gün) çıxır. Müraciəti və sənədləri ən son çərşənbə axşamı (II gün) saat 17:00-a qədər göndərmək lazımdır ki, səhər – çərşənbə günü (III gün) elan dərc olunsun.

Qeyd 3: Nəzərə alın ki, elan qəzetin ona əlavə edilən xüsusi hissəsində, elanlar bölməsində çıxır. Odur ki, qəzetin ümumi hissəsini deyil, onun xüsusi hissəsini əldə etmək lazımdır. Qəzeti əldə etmək nə qədər sadə görünsə də, əslində bir o qədər mürəkkəbdir (faktiki qarşılaşdığımız çətinliklər səbəbindən bunu belə hesab edirik. Təbii ki, sizin üçün bu, çox çətin olmaya da bilər). Çünki onu adi köşklərdən əldə etmək, demək olar ki, mümkünsüzdür. Qəzet ayrılıqda yalnız ona abunə olan şəxslərə göndərilir və sizə də məhz qəzetə abunə olmağın vacibliyini bildirəcəklər. Bundan başqa qəzeti vergi orqanlarından, vergi ödəyicilərinə xidmət mərkəzlərindən və ya birbaşa redaksiyanın özündən əldə etmək mümkündür. İlk elanın verilməsi üçün ən məsləhətli yol isə aşağıdakı qeyddə göstərilən onlayn xidmətdən istifadə etməkdir.

Qeyd 4: Kommersiya hüquqi şəxsinin ləğvi ilə bağlı ilk elanın dərc etdirilməsi üçün onlayn şəkildə də müraciət etmək mümkündür. Bu halda xidmət ödənişsizdir. Bunun üçün hüquqi şəxsin adından çıxış etmək hüququ olan (verilmiş) asan və ya elektron imza istifadəçisi www.gov.az elektron hökumət portalına giriş etməlidir. Xidmətə birbaşa bu linkdən və ya “ləğv” sözünü axtarışa verməklə tapıb daxil ola bilərsiniz.

İlk məlumatın dərc olunması ilə bağlı müraciətlərin onlayn qəbulu istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır. Dərcolunma faktını təsdiq edən sənəd “Vergilər” qəzetində ilk məlumat dərc edildiyi gün kommersiya hüquqi şəxsinin elektron qutusuna ötürülür. Müraciətin necə edilməsi barədə ətraflı məlumat üçün aşağıdakı linkdən inzibati reqlamentlə tanış ola bilərsiniz.

e) Ləğvetmə komissiyası və ya təsviyəçi ləğvetmə ilə bağlı mətbuatda ilk elanın dərc olunduğu gün:

  • hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir (Əlavə 6).
  • dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına (qeydiyyatda olduğu vergi orqanına və ƏƏSMN) müraciət edir (Əlavə 7).

f) Ləğvetmə komissiyası və ya təsviyəçi, təyin olunduğu gündən sonra 15 gün müddətində hüquqi şəxsin qeydiyyatda olduğu vergi idarəsinə təqdim etməlidir:

  1. Ləğvetmə barədə qərarı;
  2. Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı;
  3. İlk məlumatın dərc olunmasını təsdiq edən sənədi (qəzetin elanın dərc olunduğu xüsusi hissəsi və ya elektron qaydada dərc edildikdə hüquqi şəxsin elektron qutusuna göndərilmiş bildiriş);
  4. Möhürü;

Yerli vergi orqanı qeyd olunan məlumatları onları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bununla da məlumatlandırma mərhələsi başa çatmış olur. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur (möhürlə bağlı aşağıdakı qeyddə daha ətraflı) və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir.

Nəzərə alınmalıdır ki, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan (məlumatlandırma mərhələsinin bitməsindən) etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.

Qeyd 1: Vergi orqanı təqdim olunan əsas möhürü məhv edir və onun ləğvi ilə bağlı akt verir. Həmin akt əsasında ləğvetmə komissiyası və ya təsviyəçi möhürlərin hazırlanması ilə məşğul olan şəxslərdən hər hansı birinə ləğvetmə möhürünün hazırlanması üçün sifariş verir. Sifarişin Bakıda verilməsi maddi baxımdan məqsədəuyğundur. Regionlarda bu işlə məşğul olan şəxslər ya nadir hallarda olur və bu səbəbdən çox baha başa gəlir, ya da ümumiyyətlə olmur. Bir çox möhür hazırlayan müəssisələr sizdən xeyli sayda sənəd tələb edə bilərlər, ancaq əslində bunların heç də hamısı məcburi deyil.

Hər ehtimala qarşı, bir daha möhürü hazırlayacaq şəxsə möhürün üzərində “ləğv prosesindədir” sözünün yazılmasının vacibliyini xatırladın. Daha az xərcinizin çıxmasını istəyirsinizsə, əsas möhürün aparatını (qabını) özünüzə saxlayıb daha sonra ləğvetmə möhürünün rezin hissəsini ona yapışdıra bilərsiniz.

Qeyd 2: Vergi orqanı məlumatları reyestrə daxil etdikdən sonra dəyişikliklə bağlı onlayn kargüzarlığa yeni reyestrdən çıxarışı göndərir. Artıq çıxarışda qanuni təmsilçinin yerinə müəssisənin rəhbərinin yox, ləğvetmə komissiyasının üzvlərinin və ya təsviyəçinin adı qeyd edilir.

Qeyd 3: Əgər müəssisənin nizamnamə kapitalının ödənilməsi ilə bağlı təsdiqedici qəbzi vaxtilə ödəyərkən vergi orqanına təqdim etməmisinizsə, çıxarışda nizamnamə kapitalı “elan edilmiş” kimi qeyd olunacaqdır. Bu halda vergi orqanına bu barədə məlumat verilməli, təsdiqedici ödəniş qəbzi təqdim olunmalıdır. Çünki prosesin gedişində ləğv olma tarixindən (ləğv qərarının tarixindən) sonra 30 gün ərzində ləğvetmə bəyannaməsi verməlisiniz və həmin bəyannamə verilərkən sistem bunu uyğunsuzluq kimi görə və bəyannamənizə dəqiqləşmə tələb edə bilər.

g) Ləğvetmə komissiyası və ya təsviyəçi Vergi Məcəlləsinin 149.4-cü maddəsinə əsasən, hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən sonra 30 gün ərzində vergi orqanına ləğv bəyannaməsi verməyə borcludur. Bu zaman yuxarıda – Qeyd 3-də göstərilənləri nəzərə almaq vacibdir. Ləğv bəyannaməsi ilə yanaşı, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi ilə bağlı illik bəyannamə də verilməlidir. Bəyannamələrin verilməsi ilə bağlı mühasibin xidmətindən istifadə etməyiniz məsləhət görülür.

Yuxarıda qeyd olunan prosedurlar həyata keçirildikdən sonra yalnız kreditorların (hüquqi şəxsin borclu oduğu təşkilat və şəxslərin) tələb müddətinin (ilk elanın dərcindən etibarən ən az 60 gün) bitməsini gözləmək lazımdır. Əslində siz birinci mərhələni həyata keçirən zaman onsuz da həmin müddətdən müəyyən qədər vaxt – təxminən 20 gün keçmiş olacaq. Geri qalan müddətdə də sizə yalnız hansısa kreditordan tələbin gəlib-gəlməyəcəyini gözləmək qalır. Əgər hər hansı əsaslı bir tələb daxil olarsa, ləğvetmə komissiyası və ya təsviyəçi tələb müddətinin bitməsini gözləməli və bu barədə kreditora məlumat verməlidir. Çünki, tələb sürmə müddətində bütün irəli sürülən tələblər nəzərə alınmaqla nəticədə əvvəlcədən qeyd etdiyimiz, ikinci tərtib edilməli olan aralıq ləğvetmə balansı tərtib olunacaq. Əgər tələb əsassız olarsa, ləğvetmə komissiyası və ya təsviyəçi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

 

II MƏRHƏLƏ

(ləğvetmənin rəsmiləşdirilməsi və hüquqi şəxsin reyestrdən çıxarılması)

a) Bu mərhələ kreditorların tələb müddətinin (ilk elanın dərcindən etibarən ən az 60 gün) bitməsi ilə başlanır. Tələb müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi) aralıq ləğvetmə balansını (Əlavə 8) tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir.

Aralıq ləğvetmə balansına ən azı aşağıdakılar daxil edilməlidir:

  • ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi
  • kreditorların tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar

Əgər hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı Aralıq ləğvetmə balansı ilə razı deyilsə, həmin balansı aldığı gündən 7 gün ərzində təsisçilərin (iştirakçıların) ümumi yığıncağının çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir.

Qeyd: Bu mərhələdə ləğvetmə komissiyası (təsviyəçi) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. Bax: “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu (13 iyun 1997-ci il, № 326-IQ)

b) Hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayətdirsə, ləğvetmə komissiyası (təsviyəçi) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında (əgər tələblər olarsa) aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ödəyir.

c) Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi) əvvəlcədən qeyd etdiyimiz, üçüncü tərtib edilməli olan yekun ləğvetmə balansını (Əlavə 8) və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı (Əlavə 9) tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir.

d) Ləğvetmə balansı təsdiq edilən andan kreditorların tələb irəli sürmək hüququ itir və 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini təmin edir (Əlavə 10).

Qeyd: Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ehtimalından sığortalanmaq üçün qalıq əmlakın təsisçilərin bank hesabına köçürülməsi məsləhət görülür. Bunun üçün təsisçi(lər) özlərinə hər hansı bankda cari hesab açır (əgər hesab(lar)ı yoxdursa). Daha sonra təsviyəçinin (ləğvetmə komissiyasının) hüquqi şəxsin hesabının olduğu banka təqdim etdiyi ödəniş tapşırığı (Əlavə 11) vasitəsilə bank hüquqi şəxsin hesabında olan qalıq əmlakın (qalıq əmlak pul vəsaitidirsə) paylarına mütənasib olmaqla təsisçi(lər)in həmin hesab(lar)ına köçürülməsini təmin edir və təsdiqedici qəbzi təsviyəçiyə (ləğvetmə komissiyasına) təqdim edir. Ödəniş tapşırığı təsisçilərin sayına müvafiq olan sayda, onların hər birinə görə ayrılıqda tərtib və təqdim edilir. Köçürməni təsdiq edən qəbz(lər)i Əlavə 10-da qeyd edilən sənədə qoşma şəklində vergi orqanına təqdim etmək lazımdır.

e) Qalıq əmlakın bölünməsindən sonra 10 gün ərzində hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (qeydiyyatda olduğu vergi orqanına) aşağıdakı sənədlər təqdim edilərək ərizə ilə müraciət edilir.

  1. hüquqi şəxsi reyestrdən çıxarılması barədə təsisçilər, yaxud ləğvetmə komissiyasının üzvləri (təsviyəçi) tərəfindən imzalanan ərizə (surəti ilə birlikdə);
  2. təsdiq olunmuş ləğvetmə balansı;
  3. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabat;
  4. qalıq əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd;
  5. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli;
  6. üzərində “ləğv prosesindədir” yazılmış möhür

Ərizənin əsli vergi orqanında saxlanılır, surəti isə vergi orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər (xəbərnaməli poçtla göndərildikdə müvafiq qəbz əsasında).

Vergi orqanı təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. Sənədlər alınan tarixdən sonra qeyd olunan 7 gün ərzində vergi orqanı tərəfindən aşağıdakı işlər görülür:

  • Təhvil alınmış üzərində “ləğv prosesindədir” yazılmış möhür qeydiyyat orqanının ən azı iki əməkdaşı tərəfindən məhv edildikdən sonra bu barədə 2 nüsxədə akt tərtib olunur. Həmin aktın bir nüsxəsi müraciət edən şəxsə verilir, digər nüsxəsi isə qeydiyyat qovluğuna tikilir;
  • Kommersiya qurumunu dövlət reyestrindən çıxarılması barədə proqram təminatı ləğv edilən kommersiya qurumuna təqdim edilmək üçün “Kommersiya qurumunun dövlət reyestrindən çıxarılması haqqında bildiriş”i hazırlayır. Bildiriş təsdiq edildikdən sonra “Kommersiya qurumlarının dövlət qeydiyyatı və qeydiyyat məlumatlarında dəyişikliklər barədə sənədlərin təqdim olunması kitabı”nda imza edilməklə qurumun səlahiyyətli şəxsinə təqdim edilir və yaxud poçtla ləğvetmə komissiyasının (təsviyyəçi) yerləşdiyi ünvana göndərilir;
  • Kommersiya qurumundan təhvil alınmış sənədlər qurumun qeydiyyat qovluğuna tikilmək üçün arxivə verilir. Kommersiya qurumunun ləğvi bu barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, kommersiya qurumunun mövcudluğuna isə son qoyulmuş sayılır.
  • Kommersiya hüquqi şəxsləri ləğv edildikdə ona vergi ödəyicisi qismində verilmiş VÖEN məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılmaqla dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər artıq fəaliyyət göstərə bilməzlər. Çünki, hüquqi şəxsin ləğvi barədə qeydin reyestrə daxil edildiyi andan ləğvetmə başa çatmış, hüquqi şəxsin isə mövcudluğuna son qoyulmuş sayılır. Eyni zamanda Mülki Məcəllənin 559-cu maddəsinə əsasən, hüquqi şəxsin (borclunun və ya kreditorun) ləğvinin qeydə alındığı andan onun öhdəliklərinə xitam verilir.

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması ilə əlaqədar sənədlər qanunvericiliyə uyğun olaraq təqdim edilmədikdə, sənədlər aşkar edilmiş çatışmazlıqlar barədə hazırlanmış məktubla birlikdə vergi ödəyicisinə təqdim edilir (göndərilir) və çatışmazlıqların aradan qaldırılması tələb olunur. Kommersiya qurumunun ləğvi faktlarının dövlət qeydiyyatına alınmasından verilmiş imtinadan və vergi ödəyicilərinin vergi uçotundan çıxarılması barədə təqdim edilmiş ərizələrdə aşkar edilmiş çatışmazlıqlarla əlaqədar göndərilmiş məktubdan yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra vergi orqanı 7 gündən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxs(lər)ə məlumat verir.

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun (№ 560-IIQ, 12.12.2003) 17-ci maddəsinə əsasən, hüquqi şəxs və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə müvafiq icra hakimiyyəti orqanı (yerli vergi orqanları) bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

Xüsusi qeyd: Bu qeyddə ləğv prosesi zamanı vergi orqanı tərəfindən həyata keçirilən tədbirlərə toxunulmuşdur. Qeydin məqsədi prosesi nəzarətdə saxlamaq və onun gedişatından məlumatlı olmaq üçün ləğv prosesində vergi orqanı tərəfindən həyata keçirilən tədbirlərin əhatə dairəsini göstərməkdir. Yəni, burada hüquqi şəxs tərəfindən sırf müstəqil olaraq həyata keçirilən tədbirlərə toxunulmur. Belə ki, ləğvetmə ilə bağlı müraciət edildikdən sonra bütün ləğvetmə prosesi boyunca vergi orqanı tərəfindən nəzarət-yoxlama tədbirləri görülür, bir neçə struktur üzrə araşdırmalar aparılır və rəy verilir. Odur ki, vergi orqanı uçot məlumat bazası ilə bağlı mütəmadi olaraq sizdən müəyyən sənədləri və lazımi məlumatları təqdim etmənizi, tələb olunan məqsədlər üçün ərizə vermənizi tələb edə bilər. Bunlar aşağıdakı istiqamətlərdə ola bilər:

Vergi əməkdaşı vergi ödəyicilərinin uçot məlumat bazasında müraciətin edilmə tarixinə ləğv edilən vergi ödəyicisi ilə əlaqəli aşağıdakı məlumatları əldə edir:

  1. ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış müəssisələrin mövcudluğu;
  2. ləğv olunan vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatda olub-olmaması;
  3. vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotunda olub-olmaması;
  4. vergi ödəyicisinin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;
  5. vergi ödəyicisinin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə Posterminalının qeydiyyatda olub-olmaması;
  6. vergi ödəyicisinin aktiv bank hesablarının olub-olmaması;
  7. vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;
  8. təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması.

Ləğv edilən vergi ödəyicisi ilə əlaqəli yuxarıda qeyd olunan məlumatlar əldə edildikdə, vergi əməkdaşı müraciət edəni müvafiq olaraq aşağıdakı hərəkətlərin yerinə yetirilməsi zərurəti barədə məlumatlandırmalıdır:

  1. Ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış müəssisələrin qeydiyyat məlumatlarında təsisçi dəyişikliyi aparılması;
  2. Ləğv olunan vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatının ləğv edilməsi zərurəti ilə əlaqədar “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair Ərizə”nin təqdim edilməsi;
  3. vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması məqsədilə ərizələrin təqdim edilməsi;
  4. vergi ödəyicisinin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması üçün ərizələrin təqdim edilməsi;
  5. vergi ödəyicisinin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə qeydiyyata alınmış Pos-terminalların qeydiyyatdan çıxarılması;
  6. vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi;
  7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi.
  8. ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla, vergi ödəyicisinin digər aktiv bank hesablarının bağlanması – bank hesabları bağlanarkən aşağıdakıların nəzərə alınması məsləhət görülür: təsviyəçi (ləğvetmə komissiyası) bank hesab(lar)ının bağlanması və hesab(lar)dan çıxarışın verilməsi üçün müəssisənin hesab(lar)ının olduğu bank(lar)a müraciət edir və bank(lar) bununla bağlı cavab məktub(lar)unu çıxarış(lar)la birlikdə təsviyəçiyə təqdim edir (Əlavə 12). Təsviyəçi həmin cavab məktub(lar)unu və hüquqi şəxsin apardığı əməliyyatları göstərən bank hesabından çıxarış(lar)ı vergi orqanına təqdim edir. Çıxarışda aktiv və passivlərin, çıxarışın debet və kredit hissələrinin məbləği bir-birinə bərabər olmalıdır.

İstifadə olunan qanunvericilik aktları:

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Maddələr: 59-61, 559;
  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Maddələr: 149.4, 85.4, 93, 38.3.8;
  3. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu (560-IIQ, 12.12.2003), Maddələr: 12.1, 16, 17;
  4. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (48, 12.04.2004), Maddə: 2.4;
  5. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 619-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (1408, 17.05.2017), Maddə: 1.2;
  6. Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2458, 25.10.2007), Maddələr: 1, 2;
  7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”, Maddələr: 2 nömrəli Əlavə;
  8. Azərbaycan Respublikası vergilər nazirinin 11 fevral 2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”, Maddələr: 3, 4;
  9. Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu (326-IIQ, 13.06.1997);
  10. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu (461-VQ, 16.12.2016).

Bu yazıda istinad olunan Əlavələrin siyahısı aşağıdakı kimidir:

  1. Əlavə 1 – Əgər məqsədiniz payınızı satmaqdırsa, pay(lar)ın alğı-satqı müqaviləsinin forması;
  2. Əlavə 2 – Ödəmə qabiliyyətinin vəziyyəti barədə təsisçi(lər) tərəfindən direktora ünvanlanan tələb məktubunun layihəsi;
  3. Əlavə 3 – Rəsmi bəyanat forması və yarandığı dövrdən ləğv qərarına qədər fəaliyyəti olmayan müəssisə üçün şablon balans forması;
  4. Əlavə 4 – Müəssisənin (MMC-nin) ləğvetmə qərarının forması;
  5. Əlavə 5 – Hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın (elanın) “Vergilər” qəzetində dərc edilməsi üçün müraciət məktubunun forması;
  6. Əlavə 6 – hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara göndərilən bildirişin forması;
  7. Əlavə 7 – Hüquqi şəxsin (MMC-nin) məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün qeydiyyatda olduğu vergi orqanına və ƏƏSMN-ə ünvanladığı müraciət məktubunun forması;
  8. Əlavə 8 – Ləğvetmə Komissiyası (təsviyəçi) tərəfindən tərtib olunan aralıq və yekun ləğvetmə balansının forması;
  9. Əlavə 9 – Müəssisənin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın forması;
  10. Əlavə 10 – Müəssisənin qalıq əmlakının iştirakçılara təqdim edilməsini təsdiq edən sənədin forması;
  11. Əlavə 11 – Ödəniş tapşırığının forması;
  12. Əlavə 12 – Bank hesabının bağlanması və çıxarışın verilməsi üçün banka müraciətin forması.

Müəllif: Mirzə LAÇINOV

Əlavələrdə qeyd olunan sənəd nümunələrini əldə etmək üçün müəlliflə əlaqə saxlamalısınız

Tel: (+994 55) 299-19-54

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir