Sığorta işinin təşkili – 5-ci yazı

Sığorta işində mərkəzləşmə və funksiyaların digər orqanlara verilməsi (desentralizasiya)

Sığorta şirkətinin praktik fəaliyyəti üçün onun şöbələrinin daxili və şirkətdənkənar xidmətlər üzrə bölmələrə ayrılması mühüm əhəmiyyət kəsb edir.

Daxili xidmət şöbələri baş, yaxud mərkəzi ofisləri nəzərdə tutur. Şirkətdənkənar xidmət, vəzifə və səlahiyyətlərin verildiyi şöbələri, məsələn, sahə yaxud ərazi üzrə filialları, regional satış şöbələrini, habelə sığorta vasitəçilərini nəzərdə tutur. Vəzifə və səlahiyyətlərin verildiyi filiallar, bir tərəfdən daxili xidmətin mərkəzi şöbələri ilə, digər tərəfdən vasitəçilər və müştərilərlə birləşdirici həlqə rolunu oynayır. Onların əsas vəzifəsi öz ərazisində bilavasitə vasitəçilər və müştərilərlə işləməkdən ibarətdir. Belə şöbələr həm də sığorta müqavilələrinin hazırlanması və aparılması ilə məşğul ola, inzibati-idarəetmə funksiyasını yerinə yetirə bilərlər.

Sığorta şirkətinin təşkilati bölmələri arasında funksiyaların bölüşdürülməsi mərkəzləşmə və funksiyaların digər orqanlara verilməsi (desentralizasiya) prinsipləri ilə aparıla bilər.

Mərkəzləşmə sığorta şirkətinin bütün inzibati idarəetmə funksiyalarının bir bölmədə, yəni, baş, yaxud mərkəzi ofisdə cəmləşməsidir.

Səlahiyyətlərin digər orqanlara verilməsi (desentralizasiya) həmin funksiyaların əsas hissəsinin sahə və regional şöbələrə verilməsini nəzərdə tutur.

Səlahiyyətlərin digər orqanlara verilməsinin üstünlüyü, hər şeydən əvvəl ondan ibarətdir ki, o,  müştərilərə və vasitəçilərə daha yaxındır və bu isə yerlərdə tez qərar qəbul etmək imkanı yaradır. Burada nöqsan, fəaliyyətin əlaqələndirilməsi üçün xərclərin daha yüksək olmasından ibarət ola bilər. Bəzən filial və regional şöbələrin kiçik olması nəticəsində yerlərdə lazımi mütəxəssis və kadrlarla təminatda problemlər yaranır.

Digər tərəfdən, məlumatların elektron təhlilinin aparılması iş prosesinin təmərgüzünə, eyni zamanda onun mərkəzləşməsinə kömək edir. Bu halda sığorta fəaliyyətinin əlaqələndirilməsi və nəzarət üzrə xərclər aşağı düşür, yeni müqavilələrin bağlanmasına nəzarət prosesi və tənzimetmə tədbirləri sadələşir. İş proseslərinin mərkəzləşməsi nəticəsində kadrların çatışmadığı hallarda az problemlər yaranır, əmək bölgüsünü və ixtisaslaşmanı həyata keçirmək asanlaşır, ikiqat işdən azad olmaq mümkün olur. Mərkəzləşmə xərclərin ümumi səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bundan başqa, artıq yuxarıda xatırladıldığı kimi, getdikcə daha çox məsələlər şirkətdənkənar xidmət bölmələrində həll olunur. Bu isə sahə və regional şöbələrin rolunun azaldılmasına və nəticə etibarı ilə, onlarda qalan funksiyaların mərkəzi şöbələrə ötürülməsini sadələşdirir.

Sığorta məhsullarının satış kanalları

Təcrübədə sığorta şirkətləri sığorta məhsullarının müxtəlif satış kanallarından istifadə edirlər. Adətən sığorta müqavilələrinin bağlanması sığorta vasitəçilərinin cəlb olunması əsasında baş verir. Sığorta xidmətlərinin bu cür inkişaf yolu sığortaçı üçün birbaşa olmayan satış kanalıdır. Digər tərəfdən, sığortaya marağı olan hər bir şəxs, bilavasitə sığorta şirkətinə müraciət etmədən onunla birbaşa sığorta müqaviləsi bağlaya bilər. Bu halda söhbət sığorta məhsullarının birbaşa kanalla satışından gedir.

Sığorta xidmətlərini sığortaçıdan sığortalıya aparan şəxs və orqanın münasibətlərindən asılı olaraq, sığorta məhsullarının satış kanallarının üç növünü ayırırlar:

  1. Sığorta məhsullarının satış kanalı sığorta şirkətinin özünün bir hissəsi ola bilər. Bu şirkətin satış şöbəsi, yaxud şirkətdənkənar xidmət üzrə, onun ştatında olan və müştəriyə sığorta müqaviləsinin bağlanmasında köməklik göstərən hər hansı əməkdaşı ola bilər;
  2. Sığorta xidmətlərinin satışı, sığorta şirkətinin verdiyi səlahiyyət çərçivəsində, fərdi sahibkar, sığortaçının nümayəndəsi tərəfindən həyata keçirilə bilər;
  3. Bundan başqa, sığorta xidmətlərinin satışı ilə sığortaçının özündən asılı olmayan müstəqil vasitəçilər də məşğul ola bilərlər. Birinci növbədə bu, sığorta brokerləridir. Onlarla yanaşı, bu fəaliyyət növü əməkdaşlıq haqqında sığortaçı ilə bağlanmış müqavilə çərçivəsində ittifaqlar, təşkilatlar, yaxud digər sahələrdən olan müəssisələr, məsələn, banklar, səyahət büroları, böyük univermaqlar, daşıma ticarəti ilə məşğul olan müəssisələr və başqaları məşğul ola bilərlər.

Qanunvericiliyə əsasən sığorta vasitəçilərinin üç qrupunu ayırırlar:

  • Sığorta şirkətinin şirkətdənkənar xidmət üzrə əməkdaşı;
  • Sığorta nümayəndələri;
  • Sığorta brokerləri.

Sığorta şirkətinin şirkətdənkənar xidmət üzrə əməkdaşı

Şirkətdənkənar xidmət üzrə əməkdaş sığorta şirkətində əmək müqaviləsi əsasında işləyir. Bu mənada onlar muzdla tutulmuş işçilərdir və öz işəgötürənlərindən asılı olmaqla, onların bütün göstərişlərinə əməl etməlidirlər. Onlar müntəzəm surətdə öz fəaliyyətləri barədə məlumat verməlidirlər. Şirkətdənkənar əməkdaşın sığorta nümayəndəsindən (təmsilçisindən) əsas fərqi onun müstəqil olmamasındadır. Şirkətdənkənar əməkdaşın fəaliyyəti əmək qanunvericiliyi və sığorta şirkəti ilə bağlanmış müqavilə əsasında tənzim olunur. O, dəqiq müəyyən olunmuş əmək haqqı və bir qayda olaraq, fəaliyyətinin nəticələrinə görə komissiya mükafatı alır. Ona, həm də ezamiyyə xərcləri ödənilir. Şirkətdənkənar əməkdaşlar çox vaxt müfəttiş, rayon müfəttişi və s. rütbələrini daşıyırlar. Onların əsas işi sığorta nümayəndələrini cəlb etmək və onlarla işləməkdən ibarətdir. Bundan başqa, sığortanın mürəkkəb sahələrində, məsələn, korporativ pensiya sığortasında yaxud iri sənaye obyektlərinin sığortasında onlar bilavasitə müştərilər və bir qayda olaraq, mütəxəssislərlə işləyirlər. Şirkətdənkənar əməkdaşları xüsusi tədbirlərin həyata keçirilməsinə, məsələn, sığorta xidmətinin müəyyən bir növünün inkişaf etdirilməsi üçün reklam tədbirlərinə cəlb edirlər.

Sığorta nümayəndələri (təmsilçiləri)

Qanunvericiliyə görə, sığorta təmsilçisi, yaxud sığorta agenti müstəqil sahibkardır və onun daimi fəaliyyəti sığorta müqavilələrinin bağlanmasından ibarətdir. Onun qeydiyyata alınmalı olan agentliyi vardır.

Sığorta agentinin əsas fərqləndirici cəhəti onun müstəqil olmasıdır. O, müstəqil surətdə öz işini təşkil edir və öz iş vaxtını müəyyənləşdirir. İqtisadi nöqteyi-nəzərdən, sığorta agenti, mənafeyini təmsil etdiyi sığortaçı ilə sıx bağlıdır.

Sığorta təmsilçilərinin növləri

Sığorta təmsilçilərinin təsnifatını müxtəlif cəhətlərə görə aparmaq olar. Sığorta agentlərini iki əsas kateqoriyaya ayırırlar – sığorta fəaliyyəti əsas fəaliyyət sahəsi olan agentlər və bu növlə əvəzçilik prinsipi əsasında məşğul olan agentlər.

Əsas işi sığorta fəaliyyəti ilə əlaqədar olan sığorta agentləri, bir qayda olaraq, xüsusi sığorta agentliyinə malik olurlar. Sahibkar olduqlarına görə, onlar öz agentliklərini ticarət reyestrində qeydiyyatdan keçirməlidirlər.

Sığorta fəaliyyəti ilə əvəzçiliklə məşğul olan sığorta agentlərinin başqa əsas işləri də vardır və onlar bu fəaliyyət növü ilə yalnız əlavə qazanc əldə etmək məqsədilə məşğul olurlar. Odur ki, onların qeydiyyata alınması tələb olunmur. Belə agentlərə öz fəaliyyət növünə görə az sosial təminat verilir və onlar, bir qayda olaraq, daha aşağı komissiya alırlar.

Almaniyada əsas fəaliyyəti sığorta olan tipik sığorta agenti yalnız bir sığortaçıya işləyir və onun baş agenti olur. Belə sığorta agentlərini müstəsna agentlər, yaxud bir sığortaçının agenti də adlandırırlar. Onlar, adətən, bu və ya digər sığorta qrupuna yaxud sığorta konserninə daxil olan və bütün sığorta növlərini, daha dəqiq desək, həyat sığortasını, tibbi sığortanı və zərər sığortasını həyata keçirən bütün şirkətlərə xidmət göstərirlər. Belə agentləri konsernlərin təmsilçiləri də adlandırırlar. Müstəsna agentlər yalnız sığorta konsernininə, yaxud qrupuna daxil olan və onlarla agent müqaviləsi olan şirkətin mənafeyinə uyğun müqavilə bağlamaq hüququna malikdirlər. Bu şirkətlərdə təminat verilməyən risklər istisna olunur. Baş agentlərin digər sığortaçılarla işləmək imkanı istisna olunduğuna görə, agent müqaviləsində, adətən, təminatlı gəlirin minimal səviyyəsi göstərilir.

Bir neçə sığortaçı ilə işləyən sığorta agenti, bir qayda olaraq, sığortanın bir növü üzrə ixtisaslaşırlar. Onlar üçün gəlirin aşağı həddi müəyyən olunmur.

Təcrübədə baş agentlər subagentlər sistemini yaradırlar. 1-ci dərəcəli subagent yalnız baş agentlə hüquqi münasibətlər qurur, o, baş agentdən öz fəaliyyətinə görə komissiya mükafatı alır. 2-ci dərəcəli subagent yalnız təşkilati baxımdan baş agentə tabedir, Komissiya mükafatını o, bilavasitə sığortaçıdan alır.

Sığorta təmsilçiləri sığortalılarla münasibətlərində vacib olan müxtəlif səlahiyyət imkanlarına malik ola bilərlər. Ona görə də vasitəçi agentlərlə sığorta müqavilələrinin bağlanması səlahiyyəti olan agentləri bir birindən fərqləndirmək lazımdır.

Sığorta təmsilçilərinin hüquq və vəzifələri

Sığorta agenti ilə sığorta şirkəti arasında hüquqi münasibətlər agent müqaviləsi və müvafiq qanunvericilik normaları ilə tənzim olunur.

Vəzifələr

Agent müqaviləsinə əsasən sığorta vasitəçilərinin üzərinə bir sıra vəzifələr qoyulur. O, həmişə sığorta məhsullarının satışı və yeni müqavilələrin bağlanması qayğısına qalmalıdır. Bu zaman, o, yalnız yeni müştərilərin tapılmasına səy göstərmir, həm də artıq mövcud olan müştərilərlə işi davam etdirərək, fasiləsiz olaraq sığorta portfelini idarə edir. Agent sığortaçının tapşırıqlarını yerinə yetirməlidir. O, sığorta tarifləri haqqında məlumatı və sığortalıların adlarını rəqib sığorta şirkətlərinə verə bilməz. Sığorta vasitəçilərinin ən əsas vəzifəsi sığortaçının mənafeyinin ifarə edilməsindən ibarətdir. O, agenti olduğu sığorta şirkətinə zərər vura bilən heç bir fəaliyyət növü ilə məşğul ola bilməz.

Sığorta təmsilçilərinin vəzifələri

Vasitəçilik xidmətlərinin göstərilməsi Sığortaçının mənafeyinin ifadə edilməsi

Digər vəzifələr

Qanunla agentin üzərinə aşağıdakı vəzifələr qoyulur:

-Daimi olaraq sığorta məhsullarının satışı işlərini inkişaf etdirmək, yəni:

– Yeni müştərilərin axtarılması və yeni müqavilələrin bağlanması;

– Sığortalılara xidmət göstərilməsi.

Agent müqaviləsi ilə aşağıdakı vəzifələr nəzərdə tutula bilər:

-bağlanılmış müqavilələrin idarə edilməsi;

-sığorta haqlarının inkassası;

-zərərlərin tənzim edilməsi

Qanunla agent aşağıdakı vəzifələri yerinə yetirməlidir:

– Sığortaya qəbul etməzdən öncə riski diqqətlə yoxlamaq;

-Sığortaçının gööstərişlərinə ciddi əməl etmək;

Qanunla agentin başqa şirkətə işləməsi qadağan olunur.

Agent müqaviləsində onun başa çatmasından sonra iki il ərzində başqa şirkətə işləməyin qadağan olunması nəzərdə tutula bilər.

– Sığorta müqaviləsinin bağlanmasına dair verilmiş ərizələr və müştərinin niyyəti haqqında sığortaçıya məlumat vermək;

– öz fəaliyyəti haqqında sığortaçıya məlumat və hesabat vermək (o cümlədən, sığorta haqlarının ödənilməsinin gedişi haqqında);

– xidməti məlumatları yaymamaq;

– agent müqaviləsinin müddəti başa çatdıqda, bütün sənədləri sığortaçıya qaytarmaq

Hüquqlar

Sığortaçının mənafeyinə uyğun olaraq və fəaliyyətinin nəticələrinə görə sığorta təmsilçisi müvafiq komissiya mükafatı almaq hüququna malikdir. Bu, birinci növbədə, komissiya faizi, eləcə də sığortaçının agentə ödədiyi digər ödənişlərdir. Bundan başqa, sığorta agentləri bir sıra hallarda, agent müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, pul kompensasiyası almaq hüququna malikdirlər.

Yalnız sığorta müqaviləsinin bağlanması sığorta agentinin fəaliyyətinin bilavasitə nəticəsi olduqda, yəni, sığorta müqaviləsinin bağlanması ilə agentin işi arasında səbəb-nəticə əlaqəsi yarandıqda, o, komissiya mükafatı almaq hüququ qazanır. Belə əlaqənin yaranmasını təsdiq edən sənəd, agentin sığortaçıya təqdim etdiyi sığorta müqaviləsinin bağlanması haqqında müştərinin imzaladığı ərizədir. Sığortalı tərəfindən sığorta haqqı ödənildikdən sonra agent komissiya mükafatı almaq hüququ qazanır. Komissiya mükafatının həcmi, sığortalının ödəmiş olduğu sığorta haqqı məbləğindən asılı olaraq, sığortaçının xüsusi cədvəli əsasında hesablanır. Zərər sığortasında, bir qayda olaraq, komissiya hesabı sığorta haqqı məbləğindən faizlə, həyat sığortasında isə, sığorta haqqı məbləğindən promillə həyata keçirilir. Tibbi sığortada komissiya mükafatı məbləği müəyyən aylar üçün sığorta haqqı məbləğinə bərabər olur. Həyat sığortasında komissiya mükafatı birdəfəlik ödənilir, zərər sığortasında ödənişlər mütəmadi xarakter daşıyır.

Əgər agent müqaviləsində sığorta agentinin digər vəzifələri, məsələn, sığorta haqlarının inkassa edilməsi, zərərin tənzim olunması da nəzərdə tutulmuşdursa, o zaman o, cario ödənişlər formasında əlavə mükafat alır.

Qanunla müəyyən olunmuşdur ki, sığorta nümayəndəliyinin, agentliyin saxlanması ilə əlaqədar xərclər, ezamiyyə xərcləri və s. əldə olunan komissiya mükafatı məbləğindən ödənilməlidir. Sığortaçının agentə bütün digər pul ödənişləri mütləq agent müqaviləsində razılaşdırılmalıdır.

Pul təzminatının alınması üzrə hüquqlar

Bir çox hallarda sığorta vasitəçiliyi əsas fəaliyyət sahəsi olan agentlər agent müqaviləsini dayandırdıqda, məsələn, pensiya yaşına çatması ilə əlaqədar tərəflərdən birinin müqaviləni ləğv etməsi hallarında sığorta təmsilçisi pul kompensasiyası almaq hüququna malikdir.

Sığorta təmsilçisinin pul kompensasiyası alması üçün əsaslar:

  • Agent müqaviləsinin müddəti başa çatdıqdan sonra sığortaçı sığorta agenti tərəfindən bağlanmış sığorta müqaviləsindən kifayət qədər faydalanmalıdır;
  • Əgər agent müqaviləsinin müddətinin başa çatması nəticəsində sığorta vasitəçisi onun müddətinin davam etdirilməsi halında onun vasitəçiliyi ilə artıq bağlanmış və gələcəkdə bağlanmalı olan sığorta müqavilələri üzrə onun almalı olacağı komissiya mükafatının alınmasına hüququnu itirdikdə;
  • Təzminatın ödənilməsi qanunauyğun olmalıdır.

Sığortaçının günahı olmadan sığorta vasitəçisi tərəfindən agent müqaviləsinə birtərəfli qaydada xitam verildikdə, o, qanunauyğun hesab edilmir.

Agentin günahı səbəbindən sığortaçı birtərəfli qaydada müqaviləyə xitam verdikdə də, təzminatın verilməsi qanunauyğun sayılmır. Pul təzminatının həcmi agentin üç il ərzində ümumi komissiya mükafatı məbləğindən yuxarı ola bilməz. Təzminatın alınması məqsədilə ərizə agent müqaviləsinə xitam verildikdən sonra bir il ərzində təqdim olunmalıdır.

Sığorta təmsilçisinin və sığortalının qarşılıqlı münasibətləri

Sığorta təmsilçisi ilə müştəri (sığortalı) arasında hüquqi münasibətlər agentə verilən səlahiyyətlər, sığorta olunan risk şəraitinin qiymətləndirilməsi məqsədilə agentin məlumatlandırılması tələbləri, habelə sığortaçının öz agentinin fəaliyyətinə görə məsuliyyətinin həcmi ilə müəyyən olunur.

Agent-vasitəçi və sığorta müqaviləsinin bağlanmasına səlahiyyət verilmiş agent

Yuxarıda xatırladıldığı kimi, sığorta təmsilçilərinə müxtəlif səviyyədə səlahiyyətlər verilə bilər. Bundan asılı olaraq, agentləri agent–vasitəçilər və sığorta müqavilələrinin bağlanması səlahiyyətləri verilmiş agentlər adı altında iki qrupa bölmək olar. Bir qayda olaraq, sığorta təmsilçisi qanunla müəyyən olunmuş səlahiyyət hüdudlarında agent-vasitəçilərdir.

Sadə sığorta məhsullarının satışında müqavilənin bağlanması hüququ standart sığorta polislərini yayan agentlərə, yaxud müstəsna hallarda, xüsusi biliyə malik olan təcrübəli agentlərə verilə bilər. Vasitəçilik fəaliyyəti ilə yanaşı, sığorta müqaviləsinin bağlanması səlahiyyəti verilmiş agent, sığortaçının adından və onun tapşırığı ilə sığorta müqaviləsi bağlaya və ilkin sığorta ödənişini həyata keçirə bilər. İlkin sığorta ödənişini həyata keçirmək səlahiyyəti, bir qayda olaraq, yalnız nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası ilə məşğul olan agentlərə verilir.

Sığorta müqaviləsinin bağlanması səlahiyyəti verilmiş agentlər ola bilərlər:

  • Yükün (baqajın) sığortasını təklif edən turist agentlikləri;
  • Dəniz yükdaşımalarının sığortası ilə məşğul olan agentlər.

Sığorta agentlərinə verilən səlahiyyətlər:

Agent-vasitəçilər

Sığorta müqaviləsi haqqında Qanuna müvafiq olaraq, vasitəçi-agent sığorta üzrə aşağıdakı xidmət növlərini təklif edə bilər:

  • Sığorta müqaviləsinin bağlanması, onun müddətinin uzadılması, yaxud şərtlərinin dəyişdirilməsi haqqında ərizələrin qəbul edilməsi;
  • Sığortalılardan sığorta müqaviləsinin dayandırılması, yaxud ona xitam verilməsi haqqında, eləcə də sığorta münasibətlərinə aid olan digər ərizələrin qəbul edilməsi;
  • Sığortaçı tərəfindən hazırlanmış sığorta polislərinin və sığorta müqaviləsinin müddətinin uzadılması haqqında şəhadətnamələri sığortalılara vermək;
  • Gecikdirilməyə görə faizlərlə birlikdə sığorta haqlarını inkassasiya etmək.

Sığorta müqavilələrinin bağlanmasına səlahiyyət verilmiş agentlər

Sığorta müqaviləsi haqqında Qanuna müvafiq olaraq, sığorta müqaviləsinin bağlanmasına səlahiyyət verilmiş agentlər vasitəçi agentlərlə eyni səlahiyyətlərə malikdirlər. Bununla bərabər onlara, həm də aşağıdakı səlahiyyətlər verilmişdir:

  • Sığorta müqavilələri bağlamaq, o cümlədən, ilkin sığorta təminatı vermək;
  • Sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, yaxud onun yeni müddətə uzadılmasını sığortalı ilə razılaşdırmaq;
  • Sığortaçının adindan sığortaya xitam verilmək, yaxud birtərəfli qaydada müqavilədən imtina etmək haqqında sığortalını xəbərdar etmək;

O, xüsusi etibarnamə olmadan, aşağıdakıları edə bilməz:

  • Zərərlərin tənzim edilməsini öz üzərinə götürə bilməz;
  • Sığorta təminatını qəbul etmək, yaxud müzakirə etmək;
  • Sığortaçının adından məhkəmə təhqiqatları aparmaq.

Sığortaçı Qanunla agentə verilən səlahiyyətləri məhdudlaşdıra bilər. O, agent müqaviləsinə müvafiq müddəalar daxil etməklə, və ya sığorta şərtlərinin ümumi müddəalarına istinad edərək, agentin fərdi səlahiyyət dairəsini dəyişdirə bilər.

Yalnız sığortalı bu məhdudlaşdırmalar haqqında xəbər tutduqda, yaxud özünün kobud səhlənkarlığı səbəbindən xəbər tuta bilmədiyi hallarda, həmin məhdudlaşdırmalar sığortalı üçün hüquqi qüvvəyə malik ola bilər.

Nümunələr:

  1. Sığortaçı vəsait israfçılığını aşkar edərək, agenti sığorta vəsaitlərini inkassa etmə hüququndan məhrum edərək, bu barədə ona yazılı formada məlumat verir. Lakin agentdə sığorta haqlarının ödənilməsi üzrə hesabların qaldığı vaxtadək, sığortalı sığorta haqlarını həmin agentə ödəmək hüququna malikdir.
  2. Avtomobil sığortasında bütün ərizə və məlumatlar yazılı formada rəsmiləşdirilməli və sığorta polisində göstərilən ünvana göndərilməlidir.
  3. Yalnız sığortalı ilə müqavilə agentin iştirakı ilə bağlanmış olduqda, yaxud o, həmin müqaviləni idarə etdikdə, agent ərizə və məlumatları qəbul etmək səlahiyyətinə malik olur.
  4. Sığortalıdan ərizəni qəbul etmək səlahiyyətinə malik olmayan agent dərhal ondan imtina etməli, yaxud onun ərizəsinin sığortaçıya çatdırılmadığı haqqında ona məlumat verməlidir. Əks təqdirdə, sığortalı öz ərizəsinin qəbul olunduğunu hesab etmək hüququna malikdir.

Riskin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən vəziyyət haqqında məlumatlılıq

Nümunə:

Sığorta agenti “Bertram” firması ilə yaşayış binasının yanğından sığortalanması haqqında sığorta müqaviləsi bağlamışdır. Bir neçə aydan sonra, o təsadüfən “Bertram” firmasının yanından keçərkən görür ki, onun sığortaladığı yaşayış evi anbar kimi istifadə olunur. Bu barədə sığortalı agentə məlumat verməmişdir.

Belə bir prinsip tətbiq olunur: “Sığortalanma barədə ərizədə vasitəçi agentə təqdim olunan məlumat, sığortaçıya təqdim olunmuş sayılır.” Ona görə də vasitəçi agentləri çox vaxt “sığortaçının gözləri və qulaqları”  adlandırırlar. əgər məhkəmə təhqiqatının gedişində sığortalı müvafiq qaydada şifahi surətdə agenti məlumatlandırdığına istinad edirsə, onda bunun əksini sübut etmək sığortaçının üzrəinə düşür.

Sığorta təmsilçisinin fəaliyyətinə görə sığortaçının məsuliyyəti

Sığortaçı öz vasitəçisinin işinə görə məsuliyyət daşıyır. Bu onunla izah olunur ki, onun təmsilçisi müştərinin inandığı şəxsdir. Bununla belə, əlbəttə, sığorta müqaviləsinin bağlanması üçün ərizə ilə müraciət etmiş potensial sığortalı, ərisədə göstərilmiş suallara cavabların doğruluğuna görə məsuliyyətdən azad olmur (hətta əgər həmin ərizə agent tərəfindən doldurulsa da)

Aşağıda AFR-in bu yaxınlarda olmuş məhkəmə təcrübəsindən sığortaçının məsuliyyətinin bəzi məqamları nəzərdən keçirilmişdir.

  1. Agentin səlahiyyətinin etibarlılığı üzrə məsuliyyət. Sığorta təmsilçisi sığortaçıdan onun xidmətlərini icra etmək üçün səlahiyyət almış şəxsdir.
  2. Sığortaçının öz təmsilçisinin işi ilə əlaqədar adi hüquqi məsuliyyəti.

Sığorta müqaviləsi sığorta agenti vasitəsilə bağlanarkən, sığortalı ona təqdim olunan və müqaviləyə aidiyyatı olan bütün məlumatın doğruluğunu fərz edir. Sığorta müqaviləsinin bağlanması üçün əhəmiyyət kəsb edən və agent tərəfindən sığortalıya çatdırılan bütün məlumat üçün sığortaçı məsuliyyət daşıyır. Sığortaçı həm də agent tərəfindən sığorta müqaviləsinin bağlanması üçün sığortalıya təqdim edilməyən məlumatlara görə də məsuliyyət daşıyır.

Qanunla sığortaçının agentlə bütün razılaşmasının yazılı forması müəyyən olunmuşdur. Şifahi formada əldə olunan razılaşmalar hüquqi qüvvəyə malik deyildir. Qanunun bu norması ilə sığortaçının məsuliyyəti dəqiq müəyyən olunur.

Nümunə:

Binanın bütün otaqlarına baxış keçirdikdən sonra agent sığortalını əmin edir ki, o, kifayət qədər sığorta təminatı ilə əhatə olunmuşdur. Lakin sığortalı hələ 2000 l. tutumu olan yanacaq bakını sığortalamamışdır. Bu halda sığortaçı tam həcmdə, yanacaq bakının sığortalanmış olduğu hal üçün, yəni, yanacaq bakının qüsurlu olması səbəbindən suların çirklənməsi üzrə faktiki mülki məsuliyyət sığortası müqaviləsinin bağlanması halında olduğu kimi məsuliyyət daşıyır.

Beləliklə, sığortaçının öz agentinin fəaliyyətinə görə məsuliyyəti sığorta təminatının olmaması, yaxud kifayət qədər olmaması səbəbindən sığorta hadisəsi baş verdikdə, sığortaçı üçün qanunla baş vermiş hüquqi nəticələri yumşaldır. Bununla yanaşı, əgər sığortanın Ümumi şərtlərinə görə agent tərəfindən sığortalının da duymalı olduğu izahatlarının kifayət qədər olmaması aydın görünürsə, sığortaçı öz agentinin hərəkətlərinə görə məsiuliyyətdən azad olunur.

Bu halda qanunla sığorta müqaviləsinin bağlanmasında yaranan səhvlərə görə günah sığortalının üzərinə düşür.

  1. Qəsdən aldatma
  2. Əgər sığorta agenti sığorta müqaviləsinin bağlanması məqsədilə sığortalıya bilə-bilə saxta məlumatlar verərək, onu çaşdırarsa, sığortalı müqaviləyə məhkəmədə baxmaq hüququna malikdir.

Bu halda sığortaçının qəsdən aldatma haqqında məlumatlı olması, yaxud bu aldatma faktını bilməyə borclu olması əhəmiyyət kəsb etmir. Müqavilələrə məhkəmədə baxılması qaydalarına uyğun olaraq, sığortaçı üçüncü şəxs sayılmır. Ona görə də, qanun sığorta agentinin şüurlu surətdə aldatmasını eynilə sığortaçının fəaliyyətinə aid edir.

Sığorta təmsilçisinin məsuliyyəti

Əgər agent müştəri ilə işlərində səhvlərə yol verərsə, məsələn, düzgün olmayan məlumatlar və s. verərsə, onda müəyyən şəraitdə o, bunlar üçün şəxsən məsuliyyət daşıyır. Aşağıdakı hallarda sığorta agenti şəxsən məsuliyyət daşıyır:

  • Agent özünün şəxsi iqtisadi marağı naminə (agentin yalnız komissiya mükafatının alınması ilə məhdudlaşmayan marağı) sığorta müqaviləsinin bağlanması üçün düzgün olmayan hərəkətlərə yol verdikdə;;
  • Agent müştəri ilə xüsusi şəxsi etimad münasibətlərində olduqda.

Nümunə:

Sığortalı öz yaşayış binasını tam dəyərinə sığortalamaq istəyir. Sığortalı ilə dostluq münasibətində olan sığorta agenti ona təklif edir ki, evi yalnız 80 faizə sığortalasın. O, sığortalını inandırmağa çalışır ki, bu, gələcəkdə zərər və itkilərə qarşı kifayət qədər təminat yaradır. Bir müddət keçdikdən sonra ev tamamilə yanır. Ev tam dəyəri ilə sığortalanmadığına görə sığortalıya zərərin bir hissəsi ödənilir və təbiidir ki, o, müəyyən qədər zərərə məruz qalmış olur.

Agentin şəxsi məsuliyyətindən asılı olmayaraq, zərərə məruz qalmış müştəri, bir qayda olaraq, onun ödənilməsini birbaşa sığortaçıdan tələb edir. Əgər vurulan zərər öz vəzifələrini yerinə yetirərkən, agentin kobud səhlənkarlığı nəticəsində baş vermişdirsə, sığortaçı, agentə qarşı reqress tələbi ilə çıxış edə bilər.

Sığorta agentinin sığorta ərizəsinin doldurulmasında iştirakı sığortalını verilən suallara tam məsuliyyətlə, düzgün və tam cavab vermək məsuliyyətindən azad etmir.

Sığorta brokerləri

Sığorta brokeri digər şəxslərin tapşırığı və mənafeyi üçün sığorta üzrə öz adından vasitəçilik fəaliyyəti göstərən fərdi sahibkardır. Sığorta agentindən onun əsas fərqi ilk növbədə ondan ibarətdir ki, o, öz fəaliyyətini daimi xarakter daşımayan ayrı-ayrı tapşırıqlar əsasında yerinə yetirir.

Sığorta brokeri, müstəqil vasitəçi kimi, sığortalının tərəfində dayanır. Sığortaya təqdim olunan risklərin təhlili, bu əsasda sığorta təminatı həcminin müəyyən olunması onun vəzifələrinə daxildir. Broker sığortaçını seçməkdə tam sərbəstdir. İqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən brokerlərdən fərqli olaraq, sığorta brokerləri öz müştərilərinin maraqları yönümündə çalışmalı, yəni, onlara müvafiq sığorta müqavilələrinin bağlanmasında köməklik göstərməlidirlər.

Zəmanət verənlə sığorta brokeri arasında hüquqi münasibətlər, bir qayda olaraq, makler sazişi, yaxud vasitəçilik üçün zəmanətlə rəsmiləşdirilir.                                         Sığorta brokeri öz fəaliyyəti müqabilində sığortaçı tərəfindən ödənilən komissiya mükafatı alır. Bununla da, o, kommersiya vasitəçisindən fərqlənir. Belə ki, kommersiya vasitəçisi həm satıcıdan, həm də alıcıdan komissiya götürür. Komissiya ödənişinin həcmi və ümumi şərtləri sığortaçının müvafiq vəzifələrində öz əksini tapır.

Ticarət və sığorta brokerinin xarakterik xüsusiyyətləri

Ticarət brokeri:

  • Həm alıcının, həm də satıcının mənafeyini ifadə edə bilər;
  • Satıcı və alıcı ilə müqavilə münasibətlərində olmur;
  • Həm alıcıdan, həm də satıcıdan komissiya alır;
  • Müqavilə bağlandııqda, vasitəçi kimi çıxış edir;
  • Onun üzərinə həmişə müştərilərlə işləmək və yeni müqavilələr bağlamağa çalışmaq vəzifəsi qoyulmur.

Sığorta brokeri:

  • Əksər hallarda sığortalının mənafeyini ifadə edir (sığortalının müttəfiqi olur);
  • Sığortaçı ilə müqavilə münasibətlərinə girir;
  • Sığortaçıdan komissiya alır;
  • Sığorta müqaviləsinin bağlanması üzrə vasitəçiliklə bərabər digər xidmətlər də göstərir, onun üzərinə daimi olaraq müştərilərlə işləmək və yeni müqavilələrin bağlanmasına çalışmaq vəzifəsi qoyulur.

Sığortaçının nəzər nöqtəsindən sığorta brokeri xidmətinin üstün cəhətləri və çatışmazlıqları

Sığortaçıya görə sığorta brokerinin xidmətlərindən istifadə bir sıra üstün cəhətlərə malikdir:

  • Şirkətxarici xidməti inkişaf etdirmək üzrə xərclərə ehtiyac qalmır;
  • Sığorta təmsilçisindən fərqli olaraq sığorta brokeri vasitəçilik haqqında müqavilənin müddəti başa çatdıqdan sonra pul kompensasiyası almaq hüququndan məhrum olur;
  • Sığorta brokeri sığorta işində bir peşəkardır;
  • Broker çox vaxt sığortaçı üçün müəyyən işlərin yerinə yetirilməsini öz üzərinə götürür;
  • Sığorta brokerlərinin cəhdləri sayəsində çox vaxt böyük müqavilələr bağlanılır.

Sığortaçı üçün mənfi cəhətləri:

  • Sığortaçı praktik olaraq sığortalı ilə heç bir əlaqəyə malik olmur;
  • Çoxlu sayda müqavilələrə xitam vermək lazım gəlir;
  • Broker sığortalının mənafeyini ifadə edir;
  • Sığorta brokerinin fəaliyyəti daha çox komissiya alınmasına yönəldilir;
  • Brokerlər çox vaxt “yüklənmə” ilə müqavilə bağlayırlar;
  • Brokerlə öz sığorta təmsilçisi arasında “rəqabət” olur.

Sığorta brokerinin məsuliyyəti

Sığorta brokeri yanlış və natamam məlumatların verilməsinə görə öz müştəriləri qarşısında məsuliyyət daşıyır. Ticarət brokerindən fərqli olaraq, sığorta brokeri öz müştərisinin mənafeyi naminə müstəqil fəaliyyət göstərməlidir.  O, öz təşəbbüsü  ilə riski təhlil etməli, sığortalı tərəfindən müvafiq sorğunun verilməsini gözləmədən, riskin yerləşdirilməsi ilə əlaqədar öz işinin nəticələri barəsində onu məlumatlandırmalı, eləcə də zəruri hallarda sığortalının diqqətini ayrı-ayrı risklər üzrə sığorta təminatının verilməsinə cəlb etməlidir.

Brokerin öz vəzifələrini vicdanla yerinə yetirməməsi səbəbindən sığorta hadisəsi baş verdikdə, o sübut etməlidir ki, sığorta hadisəsi onun hərəkətindən asılı olmayaraq baş vermişdir.

Sığortaçı brokerin sığortalı ilə əlaqədar səhv hərəkətlərinə görə məsuliyyət daşımır. Sığorta hüququna əsasən nə brokerin hərəkətlərində yol verilən səhvlərə, nə də onun müqavilə bağlanarkən səhvlərinə görə sığortaçı məsuliyyət daşımır.

Hüquqi statusuna və funksiyalarına görə sığorta brokeri sığorta təmsilçisindən fərqlənir. Sığorta brokeri, bir qayda olaraq, sığortaçı üçün sığortalıdan ərizə almaq səlahiyyətinə mailk deyildir. O, sığortalının maraqlarını təmsil edir və sığorta təmsilçisi kimi bütün ərizələri sığortaçıya verir. Bu halda brokerin komissiya mükafatını sığortaçıdan almasının heç bir əhəmiyyəti yoxdur.

Çıxarılan nəticələr 

Sığorta vasitəçiləri

Növlər Şirkətxarici xidmət əməkdaşı Sığorta təmsilçisi Sığorta brokeri
Hüquqi status Əmək müqaviləsinə əsasən işləyən əməkdaş Ticarət təmsilçisi, fərdi sahibkar Ticarət brokeri, fərdi sahibkar
Müqavilə üzrə münasibətlər Əmək müqaviləsi Agent müqaviləsi Vasitəçilik fəaliyyəti haqqında müqavilə
Fəaliyyət müddəti Daimi Daimi Ayrı-ayrı tapşırıqlar əsasında
Fəaliyyət növü Vasitəçilik fəaliyyəti/sığorta müqavilələrinin bağlanması Vasitəçilik fəaliyyəti/sığorta müqavilələrinin bağlanması Yalnız vasitəçilik fəaliyyəti
Mənafelərin təmsil olunması Sığortaçının mənafeyini müdafiə edir Sığortaçının mənafeyini müdafiə edir Sığortalının mənafeyini müdafiə edir

Sığorta üzrə məsləhətçilər

Sığorta üzrə məsləhətçilərin fəaliyyəti hüquqi məsləhətlərin verilməsi haqqında Qanunla tənzim olunur. Qanunda bu sahədə hər fəaliyyət növü üzrə mütləq lisenziya alınması tələbi göstərilmişdir. Sığorta üzrə məsləhətçilərə məsləhət verilməsi və sığortalıların sığortaçılarla məhkəmədənkənar münasibətlərdə təmsil olunması üçün lisenziya verilir:

  1. Sığorta müqaviləsinin işlənməsi, dəyişdirilməsi, yaxud yoxlanılması məsələləri üzrə;
  2. Eləcə də, sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsi üzrə tərəflərin öz vəzifələrini yerinə yetirməsi məsələləri üzrə.

Peşənin adı “sığorta məsələləri üzrə məsləhətçi” qanunla müdafiə olunur. Bu fəaliyyət növünün aparılması üçün icazə, bir qayda olaraq, Almaniyanın müvafiq ərazisinin ikinci instansiya məhkəməsinin sədri tərəfindən verilir. Lisenziya verən dövlət orqanları namizədlərin peşə biliyi və praktik təcrübəsi üzrə yüksək tələblər irəli sürürlər. Onlar ali təhsilə malik olmalı və peşə üzrə xüsusi imtahan verməlidirlər.

Sığorta üzrə məsləhətçilər potensial sığortalı və sığorta olunanlara məsləhətlər vermək, sığorta hadisəsi baş verdikdə, sığortaçılarla birlikdə məhkəmədənkənar araşdırmalarda onların mənafeyini təmsil etmək hüququna malikdirlər. Onların sığorta sahəsində vasitəçilik etmək və buna görə sığortaçıdan komissiya mükafatı almaq hüququ yoxdur. Qanun sığorta məsləhətçilərinin fəaliyyətinin reklam olunmasını qadağan edir. Məsləhətçilərin əməyinin ödənilməsi vəkillərin xidmətlərinin ödənilməsi üzrə Federal Əsasnamə ilə tənzim olunur.

Sığorta məhsullarının satışının piramidal strukturu

Sığorta məhsullarının satışının piramidal strukturu, bir qayda olaraq, bir neçə satış mərhələlərini nəzərdə tutur. Aşağı mərhələdə, başlıca olaraq, sığorta sahəsində vasitəçilik fəaliyyəti, yəni, xüsusi olaraq, sığorta məhsullarının satışı həyata keçirilir. Bu fəaliyyətlə daha çox bunu özünə əsas fəaliyyət sahəsi seçməyən agentlər məşğul olurlar. Satış həcminə görə yüksək göstəricilər qazanmaqla vasitəçilər piramidanın daha yüksək pilləsinə qalxa bilərlər. Pillə yuxarı olduqca, vasitəçi piramidanın zirvəsinə daha yaxın olur və onun vasitəçilik fəaliyyəti daha çox təşkilati fəaliyyətlə əvəz olunur. Piramidanın daha yüksək pilləsinə qalxmaqla yeni agentlərin cəlb olunması və öyrədilməsi üzrə təşkilati işlər ön plana keçir və satış həcmi azalır.

Piramidanın zirvəsinə yüksələn agentlər sığorta məhsullarının satışı ilə məşğul olmurlar. Onlar geniş subagent şəbəkəsinə malik olurlar.

Piramidanın aşağı pilləsində agentlər satış həcmini artırmağa çalışırlar. Onların subagentləri olmur. Komissiya mükafatının həcmi və piramidanın pillələri üzrə yüksəlmək imkanı tamamilə hər bir agentin fərdi nailiyyətindən asılıdır. Piramidanın daha yüksək pilləsinə çatmış agentlər onlara tabe olan subagentlərin satışından komissiya alırlar. Bu o deməkdir ki, piramidanın aşağı, A pilləsində olan agent imkan daxilində daha çox sığorta məhsulları satmalıdır ki, 1-ci pilləyə qalxsın və A pilləsində olan agentin komissiyasının müəyyən hissəsini ala bilsin. A pilləsində olan agentlərin komissiyalarının hesablanması yalnız əldə olunmuş fərdi satış göstəricilərinin əsasında həyata keçirilir. 1-ci pillədən başlayaraq, fərdi satış həcminə daha aşağı pillələrin agentlərinin satışı da əlavə olunur. Bu, agentlərə imkan verir ki, fərdi yığım həcmini çoxaltmadan, yalnız təşkilati işin artırılması ilə piramidanın pillələri üzrə yüksələ bilsinlər.

Sığorta məhsullarının piramidal satış strukturu bir sıra üstünlüklərə malikdir:

  • Agentlərin işini rəğbətləndirən vahid stimullaşdırma sistemi tətbiq olunur;
  • Yaxşı satış strategiyasını tətbiq etdikdə, əmək haqqının artırılması və xidmət pillələri üzrə inkişaf üçün imkanlar yaranır;
  • Agentlər müştərilərin maddi vəziyyətini və sığorta müdafiəsi üzrə tələbatını öyrənərək, onlara məqsədyönlü şəkildə müraciət edirlər;
  • Konkret müştəri qrupları üçün işlənib hazırlanmış maliyyə xidmətləri paketinin satışı həyata keçirilir;
  • Sığortaya aid bütün məsələlər üzrə müştəriyə məsləhətlər verilir, yəni, işlər “hər şey bir əldən” prinsipi ilə aparılır.

Eyni zamanda piramidal satış strukturunun bir sıra mənfi cəhətləri də vardır:

  • Çox vaxt agentlər sığorta məsələləri üzrə dərin biliyə malik olmurlar və təbiidir ki, bu səbəbdən müştərilərə hərtərəfli məsləhətlər verə bilmirlər;
  • Belə sistem agentləri aqressiv hücum strategiyası yürütməyə sövq edir;
  • Agentlər daimi olaraq satış həcminin artırılması üçün güclü təzyiq hiss edirlər;
  • Belə satış sistemində, çoxlu sayda sığorta müqavilələrinin ləğv olunması, sığorta agentlərinin axını müşahidə olunur;
  • Piramidal strukturun aşağı pillələrində qərar tutan agentlər çox aşağı əmək haqqı alırlar;
  • Birinci növbədə satışa yönəldildiyinə görə, bu sistem sığorta müqaviləsi bağlandıqdan sonra sığortalılara kifayət qədər yüksək səviyyədə xidmət göstərilməsinə imkan vermir;
  • Çoxpilləli şəbəkə vasitəsilə satılan maliyyə və sığorta məhsulları bahalı olması ilə fərqlənir. Belə ki, onların qiymətinə yüksək komissiyalar əlavə olunur.

Digər satış kanalları

Yuxarıda göstərilənlərlə yanaşı, sığorta məhsulları satışının bir sıra digər kanalları da vardır. Onların arasında aşağıdakıları fərqləndirmək olar:

  • Banklarla əməkdaşlığın inkişaf etdirilməsi və onların sığorta məhsullarının satışına cəlb olunması;
  • Əsas fəaliyyəti sığorta ilə əlaqədar olmayan üçüncü təşkilat vasitəsilə satışın təşkili. Məsələn:

– göndərmə (ekspeditor) ticarəti ilə məşğul olan müəssisələr;

– avtomobil istehsalı və satışı ilə məşğul olan müəssisələr;

– avtomobilist klubları;

– kredit kartları ilə əməliyyat aparan müəssisələr

– turist agentlikləri.

Bütün bu müəssisələr öz fəaliyyətləri ilə sıx bağlı olan sığorta məhsullarını təklif edirlər. Beləliklə, əsas malın alıcısına müəyyən sığorta təminatı da təklif olunur. Bu, daha çox kredit kartları, yaxud turist səyahətləri biletləri alarkən təklif olunur.

Əgər bu qəbildən olan müəssisələr digər satış kanallarından fərqli öz şəxsi satış kanallarını yarada bilsələr, onda onlar ənənəvi sığortaçılara rəqiblərə çevrilə bilərlər. Misal üçün, ADAC avtomobil klubunu göstərə bilərik. Bu klub avtomobil sığortasının bütün növlərini həyata keçirərək, həmin sahədə sığorta şirkətlərinin ciddi rəqibinə çevrilmişlər.

Birbaşa satış metodları

Birbaşa satış sığorta məhsullarının bilavasitə sığorta şirkətinin baş idarəsindən, vasitəçilər olmadan satışını nəzərdə tutur. Müştərinin sığortaçı ilə əlaqələri yalnız qiyabi surətdə, yazışmalar, telefon danışıqları, yaxud müxtəlif elektron vasitələrdən istifadə etmək yolu ilə həyata keçirilir.

Sığorta müqaviləsinin bağlanması təşəbbüsü müştəri tərəfindən göstərilir. O, hansı sığorta təminatına ehtiyacı olduğunu və hansı sığorta növünün daha uyğun gəldiyini bilməlidir.

Sığorta məhsullarının birbaşa satış metodunun bir sıra üstünlükləri vardır. Satışı bu metodla həyata keçirən sığortaçı:

  • vasitəçilərin komissiyasına qənaət edir, bu, xərclərin aşağı salınmasına və müvafiq olaraq, sığorta haqlarının azaldılmasına imkan verir;
  • Müştəri müstəqil surətdə qərar qəbul etdiyinə görə, sığorta agentinə müraciət etmək zərurəti yaranmır;
  • Komissiya ödənilmədiyindən sığorta məhsullarının qiyməti qaldırılmır;
  • Müştəri yalnız ona lazım olan sığorta müqaviləsini bağlayır;
  • Sığorta mmüqaviləsinə nadir hallarda xitam verilir;
  • Satışda ən yeni elektron kommunikasiya vasitələrindən istifadə olunması yeni müştəri qruplarının cəlb olunmasına şərait yaradır;
  • Sığorta müqaviləsinin bağlanmasına sərf olunan vaxta qənaət edilir;
  • Zəruri hallarda müştəri bilavasitə sığorta şirkətinin baş idarəsində telefon vasitəsilə, yazılı formada, internet şəbəkəsi vasitəsilə ixtisaslı məsləhətlər ala bilir.

Bu metodun aşağıdakı çatışmazlıqlarını qeyd etmək lazımdır:

  • Bilavasitə müştərilərlə işləyən, onlarda müəyyən sığorta məhsullarına maraq yaradan vasitəçilərin xidmətindən imtina edilməsi;
  • Potensial müştərilərə fərdi məsləhətlərin verilməməsi və onlarla şəxsi əlaqələrin olmaması;
  • Müqavilə bağlandıqdan sonra sığortalılara göstərilən xidmətin aşağı səviyyədə olması, sığorta müqavilələrinin sığortalıların tələblərinə uyğunlaşdırma imkanının olmaması;
  • Zərərləri tənzim edərkən sığortalıya köməklik göstərilməsinin mümkün olmaması;
  • Bu metodla satış prosesinin idarə olunmasının mürəkkəbliyi;
  • Bir qayda olaraq, birbaşa satış metodu ilə yalnız sadə sığorta məhsulları satılır;
  • Sığortalılar tərəfindən şikayətlərin kifayət qədər çox olması müşahidə olunur.

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 2-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 3-cü hissəsini buradan oxuya bilərsiniz

Yazının 4-cü hissəsini buradan oxuya bilərsiniz

____________

Müəllif:

Şükür HÜSEYNOV

Sığorta üzrə ekspert, təlimçi

DİQQƏT !!!

YAZINI FAYDALI VƏ DƏYƏRLİ HESAB EDİRSİNİZSƏ ADMİNİMİZ ÜÇÜN BAŞLADILAN TƏHSİL KAMPANİYASINA DƏSTƏK OLMANIZI VƏ YA ƏN AZINDAN FACEBOOK VASİTƏSİLƏ PAYLAŞMANIZI XAHİŞ EDİRİK !
LİNK BURADA

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir