VÖEN-i necə bağlamaq olar? (fiziki şəxslər)

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”-na əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı vergi ödəyəcisi kimi qeydiyyata alınmaq üçün müvafiq vergi orqanına müraciət edir. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və Vergi Məcəlləsi ilə tələb edilən digər sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə verir. Vergi orqanı tərəfindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə fiziki şəxsə bir dəfə verilir və onda saxlanılır. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 1 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Fiziki şəxsin soyadı, adı və ya ünvanı dəyişdikdə, ona müraciəti əsasında yeni fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə verilir. Bu zaman əvvəlki fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə geri alınır (vergi orqanından təhvil götürüldüyü halda).

 

Fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda VÖEN-i müvəqqəti necə bağlaya bilər?

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”-ı (buradan yükləyə biləriniz) təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
Bu barədə ətraflı məlumatı www.taxes.gov.az səhifəsinin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (reqlamenti buradan yükləyə bilərsiniz) vasitəsilə əldə edə bilərsiniz.

Elektron xidmət internet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə istifadəçi Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin Portalının “Onlayn Kargüzarlı” və E-VHF” bölməsinə daxil olmalıdır. Bundan sonra “Yeni müraciət” düyməsi sıxılır, “Kimə” siyahısından “Vergilər Nazirliyi”, “müraciətin növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından isə “Fiziki şəxsin fəaliyyətinin dayandırılması” seçilir və “Qəbul düyməsi vulurur. Sonra istifadəçi açılan ekranda Ərizə üzrə tələb edilən məlumatları daxil edir. Məlumatları daxil etdikdən sonra, onların yoxlanması üçün təsdiqləmə ekranı gəlir. Məumatların doğruluğuna əmin olunduqda “Qəbul” düyməsi sıxılır, əks halda imtina etmək üçün isə “İmtina” düyməsi sıxılır.

Ərizə daxil edildikdən sonra Reqlamentə əsasən emal müddəti 5-7 dəqiqə çəkir.

 

Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları

Vergi Məcəlləsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

  • Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;
  • Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
  • Fiziki şəxs vəfat etdikdə.

Fiziki şəxsin uçotunun ləğvi ilə bağlı proseslərə vergi orqanına daxil olmuş aşağıdakı məlumatlar əsasında başlanılır:

  • Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə – onun və ya səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında;
  • Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin müvafiq qərarı əsasında;
  • Fiziki şəxs vəfat etdikdə – ölüm haqqında şəhadətnamə əsasında.

Fiziki şəxs vergi uçotundan çıxarılanadək vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli vergi orqanına təhvil verilir. Vergi uçotundan çıxarılan vergi ödəyicisinin fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə itmişdirsə, bu barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanına məlumat verir.

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir