Beynəlxalq hüquqda milliləşdirmə məsələsinə yanaşma

Dövlətlərarası münasibətlər konteksində milliləşdirmə məsələsi mühüm əhəmiyyət kəsb etdiyindən beynəlxalq hüquq nəzəriyyəsində və praktikasında bu məsələ ilə bağlı ayrı-ayrı yanaşmalar irəli sürülmüşdür. Həmin yanaşmaların bir-birindən əsas fərqli xüsusiyyəti ondan ibarətdir ki, bu yanaşmalar həm investisiya yatıran, həm də investisiya yatırılan ölkələrin  hüquq sistemləri tərəfindən irəli sürüldüyü üçün onlardan bir qismi milliləşdirməni leqal anlayış kimi qəbul etdiyi halda digər qismi isə milliləşdirmənin müəyyən çərçivələrdə həyata keçirilməsi tələbini irəli sürür. Bu isə özünü müxtəlif dövlətlərin daxili qanunvericiliyində göstərməklə münbit investisiya münasibətlərinin qurulmasına müəyyən maneələr yaradır.

Xarici investisiyaya dair prinsiplər ilk dəfə 1815-ci il Vyana konqresi zamanı Avropa ölkələri və ABŞ tərəfindən irəli sürülmüşdü. Xarici təbəələrə və onların mülkiyyətinə münasibətdə beynəlxalq minimal standartların müəyyən edilməsi və qəbul edən dövlətlər tərəfindən həmin standartların formalaşdırdığı konsessiya kontraktlarının qeyd-şərtsiz gözlənilməsi tələb edilirdi. Bu zaman qəbul edən dövlətin məsuliyyəti konsepsiyası xarici investisiyalar üçün təminatlı rejimi nəzərdə tutur və tədricən “Sivilizasiyalığın beynəlxalq minimal standartı” prinsipi formalaşır. Prinsipin formalaşmasını sürətləndirən həlledici amillərdən biri kimi xarici kapitalın milliləşdirilməsi olur.

Sivilizasiyalı (inkişaf etmiş) xalqların hüququna görə, xaricilərin əmlakının ekspropriasiyası zamanı sivilizasiyalılığın beynəlxalq minimal standartı: xarici əmlaka vurulan zərərə görə dövlətin məsuliyyəti; qəbul edən dövlətin qanunlarına hörmət; mübahisələrin həlli zamanı yerli hüquqi müdafiə vasitələri tükəndikdən sonra beynəlxalq arbitraj orqanlarına müraciət hüququ və s. nəzərdə tutulur. Sivilizasiyalı xalqların hüququ, tanınmış prinsipləri müvafiq sistemlə bitmir. Hüququn ümumi prinsipləri də bu sistemdə mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, həmin normalar inkişaf etməkdə olan ölkələr tərəfindən tənqid edilməkdədir. Belə bir fikir ifadə olunur ki, sivilizasiyalı xalqların hüququ beynəlxalq iqtisadi münasibətlərdə mütləq liberalizmə əsaslandığından və inkişafda olan ölkələrin iqtisadi gərginliyini nəzərə almadığından qəbul edilə bilməz. Müasir dövrdə svilizasiyalı xalqların prinsipləri ayrı-ayrı dövlətlərin daxili qanunvericiliyinə nisbətdə ümumi başlanğıclar kimi çıxış edir. Bu xalqların prinsipləri və yaxud hüququ tarixən xaricilərin əmlak hüquqlarının toxunulmazlığına əsaslanırdı. Başqa sözlə, inkişaf etmiş Qərb hüququnda əmlak hüquqlarının toxunulmazlığı konsepsiyası həmin hüququn əsasını təşkil edir. Sivilizasiyalı xalqların hüququ xarici kapitalın təhlükəsizliyini təmin etmək məqsədilə ixrac edən dövlətin diplomatik müdafiəsini də nəzərdə tuturdu.

XIX  əsrin sonlarında xarici investisiyaları qəbul edən inkişafda olan ölkələr tərəfindən dövlətin xarici investisiyanı milliləşdirmək hüququ istiqamətində  araşdırmalar aparılmağa başlanmışdı. Belə ki, qeyd olunan dövrdə yuxarıda göstərilən konsepsiyaya zidd olan və iqtisadi inkişaf baxımından zəif olan ölkələrin mənafeyini əks etdirən yeni bir konsepsiya meydana gəldi. Argentinalı hüquqşünas Karlos Kalvonun (Carlos Calvo) (1822-1906) adı ilə bağlı meydana gələn doktirinaya görə qəbul edən dövlət xarici şəxslərə özünün vətəndaşlarının malik olduğu rejimdən artıq hüquqlar verməyə borclu deyil. Qeyd olunur ki, qəbul edən dövlətin kommersiya dövriyyəsində iştirak edən qeyri-rezidentlər rezidentlərin malik olduğu analoji hüquları almaq hüququna malikdirlər, amma bundan artıq hüquqi müdafiə tələb etmək hüququna malik deyillər. Yəni qeyd olunan doktrinada xarici şəxslərə dövlət tərəfindən ən yüksək halda milli rejimin verilməsi nəzərdə tutulur. Kalvo doktirinası beynəlxalq minimal standartların əvəzinə milli standartın anlayışını qəbul edir və investisiya fəaliyyətindən yaranan mübahisələrin də dövlətdaxili qanunvericilik əsasında milli məhkəmələr tərəfindən həll edilməli olduğunu, eyni zamanda vətəndaş müharibələri və hərbi çaxnaşmalarla əlaqədar xarici əmlaka dəyən zərərə görə dövlətin məhsuliyyət daşımamasını bəyan edirdi.

Göründüyü kimi Kalvo doktrinası mililəşdirmə və digər analoji tədbirlərlə əlaqədar dövlətin məsuliyyət daşımamasını və müvafiq məsələyə yalnız milli yursidiksiya çərçivəsində münasibət göstərilə bilinməsi məsələsini önə çəkir.

XX əsrin 30-cu illərində Meksika hökuməti tərəfindən amerika kompaniyalarının da daxil olduğu xarici konsessiyaları  milliləşdirməsi nəticəsində yeni konsepsiya yarandı. Belə ki, həmin milliləşdirmə tədbiri ilə əlaqədar ABŞ dövlət katibi Kordell Hall (Cordell Hull) Meksika hökumətindən “çevik, tam və ədalətli” kompensasiyanın verilməsini tələb edir. Sonralar qeyd olunan qayda beynəlxalq iqtisadi hüquqda Hall formulası  kimi prinsip formasında ifadə edilir. Göstərilən konsepsiyada əksini tapan ifadələr aşağıdakı mənaları ifadə edir:

  • Çevik – Kompensasiyanın verilməsi milliləşdirmənin keçirildiyi zamanla məhdudlaşır. Yəni milliləşdirmə tədbiri həyata keçirilməyə başayan kimi dəyən zərər kompensasiya şəklində ödənilməlidir;
  • Tam – özündə onu ifadə edir ki, ödəniləcək kompensasiya hissə-hissə deyil bütöv halda ödənilməlidir;
  • Ədalətli – kompensasiyanın ödənildiyi dövrdə investisiyanın real dəyərə uyğunluğunu əks etdirir. Yəni milliləşdirmə həyata keçirilərkən ödəniləcək kompensasiya milliləşdiriləcək investisiyanın həmin vaxtdakı real dəyərinə uyğun olmalıdır.

Qeyd olunan konsepsiya Azərbaycan Respublikasının daxili qanunvericiliyində öz əksini tapmışdır.  “Xarici investisiyanın qorunması haqqında” 1992-ci il 15 yanvar tarixli Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, xarici investorlara ödənilən kompensasiya investisiyanın milliləşdirmə və ya rekvizisiya haqqında qərarın qəbul olunduğu vaxtdakı real dəyərinə uyğun olmalıdır. Kompensasiya xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə köçürülə bilər. Xarici investorlar dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan hərəkətləri nəticəsində düşdükləri zərərin, o cümlədən itirdikləri faydanın ödənilməsi hüququna malikdirlər.

Dövlətin xarici şəxslərə məxsus əmlakı milliləşdirmək hüququ beynəlxalq hüquq doktrinasında ayrı-ayrı yanaşmalar üzrə müxtəlif istiqamətlərdə qiymətləndirilmişdir. Beynəlxalq hüquqi baxımdan milliləşdirmə normativ baza kimi BMT tərəfindən qəbul olunan Yeni Beynəlxalq İqtisadi Qaydanın (New International Economic Order (NIEO)) müəyyən edilməsi barədə 1974-cü il bəyannaməsində və 1974-cü il tarixli dövlətlərin iqtisadi hüquq və vəzifələri xartiyasında (Charter of Economic Rights and Duties of States) əks olunmuşdur.

1970-ci illərdə beynəlxalq iqtisadi münasibətlər sistemində yeni beynəlxalq iqtisadi qayda problemi mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu qaydanın həyata keçirilməsində inkişaf etməkdə olan ölkələr xüsusilə israrlı idilər.

Bu konsepsiyanın ümumiyyətlə ortaya çıxmasının və sonradan onun həyata keçirilməsi uğrunda kifayət qədər kəskin mübarizənin əsas səbəbi ondan ibarət idi ki, bir çox inkişaf etməkdə olan ölkələr siyasi müstəqillik əldə etdikdən sonra agah oldular ki, Qərb və yenicə azadlıq qazanmış ölkələr arasında mövcud olan əlaqələr sistemini köklü surətdə dəyişmədən iqtisadi müstəqilliyi təmin etmək mümkün olmayacaq. Belə ki, 1960-cı illərdə müstəmləkə asılılığından azad olmuş yeni müstəqil dövlətlərin yaranması ilə eyni vaxtda həmin dövlətlərin müstəmləkəsi altında olduqları dövlətlər ilə iqtisadi əlaqələri kəsilmişdi. Belə bir şəraitdə isə yeni müsəqil dövlətlərin öz iqtisadi asılılıqlarını aradan qaldırmaq və möhkəm iqtisadiyyatlı sistem yaratmaq istiqamətində öz strategiyalarını müəyyənləşdirməyə başladılar.

Yeni beynəlxalq iqtisadi qayda inkişaf etməkdə olan ölkələr tərəfindən irəli sürülmüş və onlarla inkişaf etmiş sənaye ölkələri arasında münasibətlərdə köklü dəyişiklikləri nəzərdə tutan təkliflər paketidir. Bu təkliflər inkişaf etməkdə olan ölkələrin iqtisadi artımının sürətləndirilməsi və dünya gəlirinin onların xeyrinə yenidən bölüşdürülməsi məqsədini daşıyır.

İnkişaf etməkdə olan ölkələr tərəfindən irəli sürülmüş təkliflərin mahiyyəti aşağıdakı əsas tələblərdən ibarət idi:

  • hər bir dövlətin özünü təbii resursları və bütün iqtisadi fəaliyyəti üzərində tam və daimi suverenliyinin, o cümlədən milliləşdirməyə qeyd-şərtsiz hüququnun təmin edilməsi;
  • dünya bazarlarında qiymətlərin dəyişməsinin inkişaf etməkdə olan ölkələrə əlverişsiz təsirini aradan qaldıra biləcək beynəlxalq mübadilə və əməkdaşlıq mexanizminin işlənməsi və mübadilə şəraitinin (“ticarət şəraiti”nin) sabitliyinin təmin edilməsi, həmçinin, bu ölkələrdə istehsalın modernləşdirilməsi üçün zəruri olan yeni texnika və texnologiyaların ötürülməsinə dəstək verilməsi;
  • mövcud olan disproporsiyaların azaldılması və müstəmləkiçilik asılılığından azad olmuş ölkələrin iqtisadi inkişafının sürətləndirilməsinə dəstək məqsədilə iqtisadi yardımın göstərilməsi;
  • transmilli şirkətlərin fəaliyyəti üzərində səmərəli nəzarətin təmin edilməsi.

Yeni beynəlxalq iqtisadi qayda konsepsiyasının mahiyyəti BMT-nin bir sıra iri sənədlərində öz əksini tapmışdır. Onların sırasına ilk növbədə aşağıdakılar daxildir:

  1. BMT-nin Baş Assambleyası tərəfindən 1974-cü il mayın 1-də qəbul edilmiş yeni beynəlxalq iqtisadi qaydanın təmin edilməsi üzrə Bəyannamə (New International Economic Order (NIEO));
  2. BMT-nin Baş Assambleyası tərəfindən 1974-cü il mayın 1-də qəbul edilmiş yeni beynəlxalq iqtisadi qaydanın təmin edilməsi üzrə Tədbirlər Proqramı (Programme of Action);
  3. BMT-nin Baş Assambleyası tərəfindən 1974-cü il dekabrın 12-də qəbul edilmiş Dövlətlərin İqtisadi Hüquqları və Vəzifələri haqqında Xartiya (Charter of Economic Rights and Duties of States).

Dövlətlərin İqtisadi Hüquq və Vəzifələri Xartiyası özündə həm birbaşa, həm də dolayı yolla xarici şəxslərə məxsus əmlakın milliləşdirilməsi hüququnu bəyan edir. Xartiyanın  2-ci bölməsinin 1-ci maddəsinə əsasən hər bir dövlətin inkişaf iradəsinə uyğun şəkildə, xaricdən hər hansı bir müdaxilə, məcburiyyət və ya təhdid olmadan, siyasi, sosial və ya mədəni sistemlərində olduğu kimi iqtisadi sistemlərini də seçmə barəsində suveren və ayrılmaz hüquqları vardır. Bu maddədə birbaşa olaraq milliləşmə ilə bağlı hüquq nəzərdə tutulmasa da, dövlətin nə vaxtsa iqtisadi sistemini dəyişməsi və bununla əlaqədar milliləşdirmə və digər tədbirlər həyata keçirə bilmək  hüququnun olması başa düşülür. Həmin bölmənin 2-ci maddəsində bütün dövlətlərin öz təbii ehtiyyatları və iqtisadi fəaliyyəti üzərində suverenliyi ifadə olunur. Bu isə dövlətə qeyd olunan sahədə böyük üstünlüklər verir. Adı çəkilən maddənin “a” bəndində qeyd olunur: hər bir dövlət öz ərazisindəki xarici sərmayələri öz qanun və qaydaları əsasında milli hədəflərə uyğun idarə etmə və yönləndirmə səlahiyyətinə malikdir. Heç bir dövlət xarici sərmayələrlə seçimli rəftar etməyə məcbur edilə bilməz.  Maddənin “b” bəndinə əsasən hər bir dövlət öz səlahiyyəti daxilində transmilli korporasiyaların fəaliyyətini tənzimləmə və nəzarət etmə və bu fəaliyyətin qanun və qaydalarına riayət edilməsini təmin edəcək tədbirlər görmək hüququna malikdir. Transmilli şirkətlər isə ev sahibi olan dövlətin daxili işlərinə müdaxilə etməyəcəklər. Şərh olunan maddənin  “c”  bəndində dövlətin xarici mülkiyyəti milliləşdirmək hüququ qeyd olunur. Belə ki, qeyd olunur ki, hər bir dövlət xarici şəxslərə məxsus mülkiyyəti milliləşdirmək və ya ictimailəşdirmək hüququna malikdir. Bu zaman milliləşdirməni həyata keçirən dövlət milliləşdirmə ilə əlaqədar gördüyü bütün tədbirləri nəzərə alaraq ədalətli kompensasiya ödəməlidir. Göründüyü kimi Xartiya dövlətin milliləşdirməni həyata keçirə bilmək hüququndan çıxış edərək adekvat kompensasiyanın ödənilməsini tələb edir. Bundan başqa Xartiyanın həmin maddəsində qeyd olunur ki, təzminatın ödənilməsi məsələsində hər hansı bir ixtilaf və ya mübahisə yaranarsa bu məsələ sərmayəni qəbul edən dövlətin daxili qanunları əsasında daxili məhkəmə tərəfindən həll olunur. Lakin buna baxmayaraq bütün üzv dövlətlər öz aralarında suveren bərabərlik prinsipi əsasında yaranacaq mübahisələri sülh yolu ilə həll edəcək vasitələrin seçilməsində razılığa gələ bilərlər. Dövlətlərin İqtisadi Hüquq və Azadlıqları Xartiyasını şərh edərək milliləşdirmə ilə əlaqədar dövlətin səlahiyyətləri məsələsinə beynəlxalq hüququn yanaşması baxımından aşağıdakı nəticəyə gəlmək olar:

  • Hər bir dövlət öz təbii ehtiyyatları və resursları üzərində sərbəst, suveren və müstəqil hüquqlara malikdir. Bu hüquqlar heç bir beynəlxaq hüquq subyekti və ya beynəlxalq qurum tərəfindən məhdudlaşdırıla bilməz;
  • Dövlət öz təbii ehtiyatları və ərazisi üzərində suveren hüquqlara malik olduğundan onun ərazisinə yatırılan xarici sərmayələri milliləşdirmək və öz mülkiyyətinə aid etmək hüququna malikdir;
  • Xarici sərmayənin milliləşdirilməsinin nəticəsi olaraq mütləq mənada adekvat kompensasiya ödənilməlidir;
  • Milliləşdirmə ilə əlaqədar kompensasiyanın ödənilməsi barədə yaranan mübahisələr dövlətlərin daxili qanunvericiliyi əsasında daxili məhkəmələr tərəfindən həll edilir. Lakin mübahisələrin sülh yolu ilə həllini nəzərdə tutan beynəlxalq hüquqi vasitələr də seçilə bilər.

 Müəllif: Tural Əhmədov

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir