Sığorta işinin təşkili – 3-cü yazı

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 2-ci hissəsini buradan oxuya bilərsiniz

Sığorta şirkətinin təşkilati stukturu   

Sığorta şirkətinin təşkilati strukturunun səmərəliliyinin ən vacib meyarı onun, müştərilərin tələbləri yönümündə qurulmasıdır. Başqa sözlə, şirkət elə struktura malik olmalıdır ki, o, müştərilərin bütün arzu və tələblərini təmin edə bilsin. Sığorta işində bu, hər şeydən öncə, sığorta hadisələrinin tez və qeyri bürokratik araşdırılmasından, müştərilərin suallarına izahat verilməsindən, asan oxunan sığorta müqavilələrindən, zərərlərin operativ surətdə müqavilə şərtlərinə uyğun olaraq tənzim edilməsindən, mövcud müştərilərin saxlanılmasından və yeni müştərilərin əldə edilməsindən ibarətdir. Ona görə də, fəaliyyətin müştərilərin tələbləri yönümündə qurulması sığorta fəaliyyətində ən başlıca ümumi prinsipdir. Sığorta şirkətinin əsas məqsədinə nail olması, yəni sığorta xidmətlərinin göstərilməsi, bir sıra daha xırda məsələlərin yerinə yetirilməsi sayəsində baş verir. Bunun əsasında da sığorta şirkətinin təşkilati strukturu yaradılır. Sığorta şirkətinin fəaliyyətinə müxtəlif nəzər nöqtəsindən baxmaq olar:

  • Təklif olunan sığorta məhsulları ilə əlaqədar. Məsələn, əmlak sığortası, məsuliyyət, bədbəxt hadisə və avtomobil sığortası baxımından;
  • Funksional nöqteyi-nəzərdən, məsələn, maddi-texniki və kadr təminatı, sığorta məhsullarının işlənib hazırlanması və satışı, sığorta fəaliyyətinin maliyyələşdirilməsi, inzibati-təsərrüfat fəaliyyəti;
  • Ərazi baxımından, məsələn, rayon və ərazi üzrə sığorta fəaliyyəti, ölkə daxilində, yaxud xaricdə fəaliyyət;
  • Müştəri qrupları baxımından. Sığorta şirkətinin işinin mahiyyətini anlamaq üçün, bir qayda olaraq, təşkilati strukturun təcrübədə olmayan üç ideal modelini ayırırlar:
  • təklif olunan sığporta məhsullarına uyğun olaraq;
  • funksional prinsip üzrə;
  • müştəri qrupları üzrə.

Sığorta məhsulları üzrə təşkilati struktur

Bu cür təşkilati struktura malik olan sığorta şirkətləri dörd əsas bölmədən ibarət olur:

  • şirkətin başında idarə heyəti, yaxud digər idarəetmə orqanı dayanır;
  • sığorta müqavilələri sığorta şöbələrində işlənib hazırlanır, yəni, sığorta müqaviləsinin bağlanması ilə əlaqdar ərizələr qəbul edilir və işlənib hazırlanır;
  • bundan başqa, sığorta fəaliyyətinin maliyyələşdirilməsini və sığorta ehtiyatlarının yerləşdirilməsini həyata keçirən maliyyə şöbəsi də vardır;

kadrlar şöbəsi, inzibati-təsərrüfat şöbəsi, hüquq şöbəsi kimi yardımçı şöbələrin əsas vəzifəsi sığorta və maliyyə şöbələrinin fasiləsiz işini təmin etməkdən ibarətdir.

Uzun illər ərzində sığorta şöbələrinin işi daha çox sığorta məhsullarının növləri üzrə qurulmuşdur. Ona görə də, sığorta şirkətlərinin özü də həyata keçirdikləri sığorta növlərinə uyğun olaraq təsnifləndirilirdilər. Sığorta şirkətlərinin bir, yaxud bir neçə sığorta növlərini təklif etmələrindən asılı olaraq, monsahəli sığortaçıya, sığorta növlərinin məhdudlaşdırılmasına uyğun olaraq, sığorta nəzarəti orqanları tərəfindən yalnız bir sığorta növü üzrə məşğul olmaq icazəsi verilir. Bu, həyat sığortası və tibbi sığorta ilə məşğul olan sığorta şirkətləridir. Bundan başqa, yalnız bir sığorta növü, məsələn, hüquqi xərclərin sığortası ilə məşğul olan sığortaçılar da monosahəli sığortaçılar adlanır.

Çoxsahəli sığorta şirkətləri, yaxud kompozit sığortaçılar, bir neçə sığorta növləri üzrə fəaliyyət göstərirlər. Əvvəllər kompozit sığortaçıların təşkilati strukturu həmişə sığorta məhsulları, yəni sığorta fəaliyyəti növləri üzrə qurulurdu. Kompozit sığortaçıların təşkilati strukturu daha iri qruplarda birləşən sığorta növləri üzrə qurulur. Məsələn, çoxsahəli sığorta şirkətində əmlak sığortası şöbəsi, mülki məsuliyyət və bədbəxt hadisələrdən, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin sığortası və kasko sığorta şöbəsi, tikinti-quraşdırma işlərinin sığortası şöbəsi ola bilər. Toplanan sığorta haqlarının həcmi və deməli, sığortanın ayrı-ayrı növləri üzrə işlərin həcmi eyni olmadığına görə, zəruri hallarda müvafiq şöbələr daha sonra qrup yaxud bölmələrə ayrılır.

Sığortanın növləri üzrə həyata keçirilən ənənəvi sığorta fəaliyyəti ixtisaslaşmış bölmələr (qruplar) tərəfindən aparılır. Onların fəaliyyətinə, verilmiş sığorta növü üzrə sığorta təminatının həcminin, göstərilən xidmətin qiymətinin müəyyənləşdirilməsi kimi əsas məsələlərlə məşğul olan, habelə qrupun gündəlik işinə nəzarət edən xüsusi şöbə rəhbərlik edir. Qrup iki əsas bölmədən ibarətdir: sığorta müqavilələrini işləyib hazırlayan bölmə, hansı ki, öz növbəsində yeni müqavilələrin bağlanması üzrə qruplardan ibarət olur və artıq bağlanmış müqavilələrin idarə edilməsi və zərərlərin tənzim edilməsi bölmələrindən inarətdir.

Yalnız bir sığorta növü (məsələn, avtomobil sığortası) ilə məşğul olan ixtisaslaşmış şöbənin strukturu

Şöbənin rəhbərliyi

  • fəaliyətin əsasını təşkil edən məsələlər;
  • işlərin əlaqələndirilməsi (koordinasiyası);
  • terif siyasəti

Sığorta müqaviləsinin işlənib hazırlanması bölməsi:

  • yeni müqavilələrin bağlanması üzrə qrup (müqavilənin bağlanması məqsədilə ərizənin işlənməsi);
  • mövcud müqavilələrin idarə edilməsini həyata keçirən qrup;
  • zərərləri tənzim edən bölmə – bu, bir neçə sığorta növü üzrə zərərlərin tənzim edilməsi ilə məşğul ola bilər.

Funksional prinsip üzrə təşkilati struktur

Sığorta təcrübəsində ayrı-ayrı funksiyaların parçalanması böyük çətinliklərlə bağlıdır, çünki onlar birləşmiş formada mövcuddur. Sığorta şirkətinin funksional prinsip əsasında qurulmuş təşkilati strukturu sığorta fəaliyyətini həyata keçirərkən həll olunan çoxsaylı vəzifələri əyani şəkildə nümayiş etdirir. Beləliklə, sığorta şirkətlərinin fəaliyyətində aşağıdakı istiqamətləri göstərmək olar:

  • İdarəetmə;
  • Maddi-texniki və kadr təminatı;
  • Sığorta məhsullarının satışı;
  • Sığorta xidmətlərinin göstərilməsi;
  • İnzibati-təsərrüfat fəaliyyəti;
  • Maliyyələşdirmə

Sığorta şirkətinin idarə edilməsi prosesi planlaşdırmanı, təşkil etməni və müəssisənin fəaliyyəti üzərində nəzarəti əhatə edir. İstehsalat prosesinin qaydaya salınması və bütün fəaliyyət istiqamətlərinin birləşdirilməsi təşkiletmənin funksiyasına daxildir. Şirkətin sahibkarlıq fəaliyyətinə aid olan bütün qərarlar idarəetmə orqanı tərəfindən qəbul olunur, strateji məqsədlər müəyyən olunur və həyata keçirilir.

Maddi-texniki və kadr təminatı üzrə şirkətin fəaliyyəti bütün zəruri maddi-texniki vasitələrin təqdim olunmasını və personal və digər kənar xidmətlərin göstərilməsini nəzərdə tutur.

Satış təşkilatı sığorta şirkətinin fəaliyyətində həlledici rol oynayır. Zaman etibarı ilə, sığorta məhsullarının satışı sığorta xidmətləri göstərilənədək həyata keçirilir. Sığorta məhsullarının satışı sığorta təminatının, sığorta haqlarının ödənilməsinin qarşılığında sığortaçıdan sığortalıya ötürülməsini, habelə müştərilərə servis xidmətləri göstərilməsini nəzərdə tutur.

Satış funksiyası həm yeni bağlanan müqavilələrə, həm də artıq mövcud sığorta portfelinə şamil olunduğuna görə, o, daimi qaydada həyata keçirilir.

Sığorta xidmətlərinin göstərilməsi sığorta müdafiəsinin təklif olunması deməkdir. Vaxt etibarı ilə bu funksiya satışdan sonra gəlir. Sığorta xidmətlərinin göstərilməsi yeni müqavilələrin bağlanmasını və artıq mövcud olan müqavilələrin idarə edilməsini, habelə zərərlərin tənzim edilməsini nəzərdə tutur. Buraya həm də, sığorta texnikası məsələləri, şərikli sığorta və təkrarsığorta aid edilə bilər.

İnzibati-təsərrüfat işləri bilavasitə məhz sığorta xidmətlərinin göstərilməsi ilə bağlı bütün fəaliyyət növlərini əhatə edir. Məsələn, kadrların idarə edilməsini, istehsal vasitələrinin idarə edilməsini, məlumatların təhlil edilməsini buraya aid etmək olar. Öz mahiyyətinə görə inzibati-təsərrüfat işi maddi-texniki və kadr təminatı üzrə fəaliyyətin davamıdır.

Maliyyələşdirmə sığorta hadisələri baş verdikdə, sığorta ödənişlərinə təminat verməlidir.

Müştəri qrupları üzrə təşkilati struktur

Son vaxtlar sığorta işində müştəri qrupları, yəni, satış və bazar tələbləri yönümündə meyllər getdikcə daha aydın müşahidə olunmaqdadır. Bu, təklif olunan sığorta təminatının sığortalıların ayrı-ayrı qruplarının tələblərinə daha tam uyğunlaşdırılmasını təmin etməyə və hətta daxili satış şöbələri vasitəsilə sığorta məhsullarının satışında müştərilərə fərdi yanaşmaya şərait yaradır.

Bu prinsipin həyata keçirilməsi müştərilərə ayrı-ayrı sığorta məhsullarının təklif edilməsini və satışını deyil, sığortalının müəyyən sahələrdə problemlərinin optimal həlli yollarının işlənməsini nəzərdə tutur. Həqiqətən, sığortalı müəyyən sığorta məhsulunun alınmasında deyil, xəstəlik hallarında öz maddi təminat problemlərinin optimal həllində maraqlıdır. Odur ki, əsas meyl sığorta məhsullarının sadəcə təklif olunmasından sığortalıların problemlərinin kompleks həllinə yönəldilməkdədir. Sığorta təminatı digər xidmətlərin, məsələn, tikinti üzrə kredit-əmanət müqavilələrinin bağlanması və b. Ilə tamamlanır.

Sığortalı qrupları bir birindən sığortaladıqları risklərin xüsusiyyəti və dərəcəsi ilə fərqlənirlər. Ayrı-ayrı qrupların problemlərinin həlli müxtəlif yanaşmalar tələb edir. Bu halda əsas məqsəd ondan ibarətdir olmalıdır ki, müştəriyə lap əvvəldən, yəni, sığorta müqaviləsinin bağlanması haqqında ərizə ilə müraciət edildiyi andan, sığorta hadisəsinin tənzim edilməsi anınadək “bir əldən” xidmət göstərilsin. Bu, sığorta şirkətinin təşkilati strukturunun tək sığorta məhsullarına, yaxud sığorta növlərinə görə deyil, həm də fərdi sığorta təminatına ehtiyacı olan qruplar üzrə qurulması zərurətini şərtləndirir. Bununla əlaqədar olaraq bütün sığortalıları fiziki və hüquqi şəxslərə ayırmaq son dərəcə böyük əhəmiyyət kəsb edir. Fiziki şəxslərlə müqavilələrdə fərdi həyatda qarşıya çıxan risklərlə əlaqədar sığorta təminatı verilir və bu, sahibkarlıq və peşə risklərini əhatə etmir. Bu sahədə qarşıya çıxan sığorta növləri yüksək standartlaşma dərəcəsi ilə fərqlənir. Fiziki şəxslərin sığortası üçün sığorta haqlarının nisbətən aşağı orta səviyyəsi xarakterikdir və müvafiq olaraq, bir sığorta hadisəsi üzrə zərərlərin tənzim edilməsində nisbətən az xərclər tələb olunur.

Fiziki şəxslərin sığortasında aşağıdakı müştəri qruplarını ayırırlar:

  • Gənclər;
  • Gənc analar;
  • Tənha vətəndaşlar;
  • Yaşlı insanlar;
  • Adi gəlir səviyyəsi olan ev təsərrüfatları;
  • Yüksək gəlir səviyyəli ev təsərrüfatları

Hüquqi şəxslərin sığortası təsərrüfat fəaliyyəti ilə məşğul olan müəssisələrin riskləri və fərdi sahibkarlıqla məşğul olanların peşə riskləri üzrə sığorta təminatı verir. Sığortalanan risklərdə böyük zərərlərin baş verməsi ehtimalı vardır, ona görə də onlara sığortaçı tərəfindən ayrılıqda baxılır.                                                    Hüquqi şəxslərin sığortasında aşağıdakı müştəri qruplarını ayırırlar:

  • Böyük sənaye müəssisələri;
  • Təsərrüfat fəaliyyəti ilə məşğul olan orta və kiçik müəssisələr;

Azad peşə sahibləri (həkimlər, vəkillər, notariuslar, vergi üzrə məsləhətçilər, auditorlar, incəsənət xadimləri).

Müştəri qrupları üzrə təşkilati strukturun aşağıdakı üstünlüklərini qeyd etmək olar:

  • Müəyyən müştəri qruplarının spesifik tələblərinə uyğun olan kompleks sığorta məhsulları təkilf olunur;
  • Bu və ya digər müştəri qruplarının tələbləri dəyişdiyi təqdirdə, sığortaçının tez reaksiya vermək imkanı yaranır və o, müvafiq qaydada təkilf olunan kompleks sığorta məhsullarını uyğunlaşdıra bilir;
  • Dərhal bütöv bir sığorta xidməti “paketini” satmaq imkanı, bu halda sığortanın ayrı-ayrı növləri üzrə satılan polislərin miqdarı azalır;
  • Rəqabət aradan qalxır;
  • Müştərilərlə daha sıx əlaqə yaranır;
  • Sığorta haqlarının müştəri qrupları üzrə hesabı;
  • Sığorta müqaviləsi üzrə sığorta xidmətlərinin təklif olunması ilə əlaqədar bütün məsələlərdə müştəri sığortaçının yalnız bir əməkdaşı ilə qarşılaşır;
  • Bir dəfəyə bir neçə risklər üzrə təminat verən sığorta müqavilələri eyni bir şöbədə aparılır;
  • Xidmətin bu növü üzrə gənc əməkdaşlardan istifadə etmək daha yaxşıdır;

Müştəri qrupları üzrə təşkilati struktur bəzi nöqsanlara da malikdir:

  • Müştəri qrupları üzrə xidmətlərin göstərilməsi filial və agent şəbəkəsində çətinləşir;
  • Bu cür keçid yüksək xərclər və çətinliklərlə bağlıdır;
  • Bu cür iş prinsipinə keçdikdə, xüsusilə yaşlı təbəqəni təmsil edən əməkdaşlar ciddi çətinliklərlə qarşılaşırlar;
  • Sığorta müqavilələri bağlandıqda və zərərlər tənzim edildikdə, səhvlərə yol verilməsi ehtimalı artır. Belə ki, bir müştəriyə xidmət edən əməkdaş, sığortanın müxtəlif növlərini bilməlidir;
  • əməkdaşları əvəz edən şəxsləri tapmaq çətin olur, işin mahiyyətini anlamaq üçün yeni əməkdaşlara uzun müddət tələb olunur;
  • müştərilərin ayrı-ayrı qrupları arasında dəqiq hədd çəkmək çətindir;
  • sığorta portfelinin məhdud olması və müştərilərin az olması səbəbindən kiçik sığorta şirkətləri üçün müştəri qrupları ilə işi təşkil etmək məqbul deyildir;
  • ayrı-ayrı müştəri qrupları üzrə yüksək zərərlilik şirkətin fəaliyyətində maliyyə nəticələrinə mənfi təsir göstərir;
  • müxtəlif sığorta növlərinin eyni zamanda bir yerə yığılması işi çətinləşdirir.

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 2-ci hissəsini buradan oxuya bilərsiniz

____________

Müəllif:

Şükür Hüseynov

Sığorta üzrə ekspert, təlimçi

 

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir