Sığorta işinin təşkili – 1-ci yazı

 

Yazının 2-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 3-cü hissəsini buradan oxuya bilərsiniz

Sığorta fəaliyyətinin düzgün təşkili hər hansı sığortaçının gələcək uğurlarında başlıca şərtdir. Hazırda sığortaçılar dünya sığortasının ən yeni texnologiyalarını öz fəaliyyətlərində tətbiq etməklə daha böyük nailiyyətlər qazanmağa çalışırlar. ABŞ, Böyük Britaniya, Almaniya və Fransa sığorta biznesi məhz həmin ölkələrin yüksək sığorta texnikasının və mədəniyyətinin sayəsində bu günkü səviyyəyə gəlib çatmışdır. Müasir sığorta texnikası və mədəniyyəti həm də sığorta işinin düzgün təşkilini əhatə edir. Bəs, Alman sığortaçıları öz işlərini necə qururlar? AFR-in müvafiq qanunvericilik aktları sığorta fəaliyyətinin yüksək səmərəliliyinə əlverişli təminat yaradırmı? Bu və ya digər sualları aşağıda cavablandırmağa çalışaq:

Sığorta şirkətlərinin təşkilati-hüquqi formaları

Sığorta təminatı sığorta şirkətləri tərəfindən verilir. Onlar sığorta fəaliyyəti üzrə ixtisaslaşır və sığorta fəaliyyətindən başqa, yalnız bilavasitə sığorta ilə bağlı olan digər fəaliyyət növləri ilə də məşğul ola bilərlər. Siyasi partiyalar, ictimai-siyasi təşkilatlar, ictimai fondlar (o cümlədən, xeyriyyə cəmiyyətləri) istisna edilməklə, bir və ya bir neçə hüquqi və ya fiziki şəxs, bilavasitə sığorta fəaliyyəti göstərmək üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün təşkilati-hüquqi formalarda sığortaçını təsis edə bilərlər. Daha doğrusu, sığorta təşkilatları aşağıdakı hüquqi formalardan birini seçə bilərlər: 

  • Səhmdar cəmiyyət;
  • Qarşılıqlı sığorta cəmiyyəti;
  • İctimai-hüquqi təsisatlar, yaxud müəssisələr (dövlət yaxud bələdiyyə)

Digər təşkilati-hüquqi formadan olan təşkilatlar sığorta fəaliyyəti ilə məşğul olmaq hüququna malik deyildir. Belə ki, fərdi sahibkarlar, yoldaşlıq təsərrüfatları (açıq ticarət yoldaşlığı, kommandit yoldaşlıq) və s. sığortaçının öz üzərinə götürdüyü riskləri qəbul etmək iqtidarında olmurlar.

Səhmdar sığorta cəmiyyətləri

Səhmdar sığorta cəmiyyətlərinin fəaliyyəti, digər hər hansı səhmdar cəmiyyətlərdə olduğu kimi, səhmdar cəmiyyətlər haqqında Qanunla tənzim olunur. Lakin səhmdar sığorta cəmiyyətləri digər səhmdar cəmiyyətlərdən onunla fərqlənirlər  ki, onlar, gözə görünməyən məhsul olan sığorta təminatı formasında maliyyə xidmətləri göstərirlər. Ona görə də, səhmdar sığorta cəmiyyətlərinin normativ- hüquqi bazasında, başlıca olaraq, səhmdar sığorta cəmiyyətinin nizamnaməsi, firma adlandırılması, kapitalın həcmi ilə əlaqədar tələblər və s. aid olan bir sıra xüsusi normalar vardır.

Səhmdar sığorta cəmiyyətlərinin nizamnaməsində cəmiyyətin həyata keçirdiyi sığorta fəaliyyətinin bütün növləri, habelə sığorta ehtiyatlarının yerləşdirilməsi prinsipləri göstərilməlidir. Bununla yanaşı, cəmiyyətin yalnız birbaşa sığorta fəaliyyəti, yaxud həm də təkrarsığorta ilə məşğul olduğu nizamnamədə öz əksini tapmalıdır.

Səhmdar sığorta cəmiyyətinin adlandırılmasında mütləq “sığorta” sözündən istifadə edilməlidir. Yalnız sığorta fəaliyyətinin bir növü üzrə məşğul olan cəmiyyətlər, öz rəsmi adlarına, həm də, həmin fəaliyyət növünün adını daxil etməlidirlər. Rəsmi adlandırmada oxşarlığın qarşısını almaq üçün ərazi və regionların adlara əlavə edilməsi mümkündür.

Hər hansı digər səhmdar cəmiyyətdə olduğu kimi, səhmdar sığorta cəmiyyətində də nizamnamə kapitalı səhmdarların aldığı səhmlərin nominal dəyər qiymətini əks etdirir. Səhmdar sığorta cəmiyyətlərində nizamnamə kapitalı sığorta hadisəsi baş verdikdə, cəmiyyət tərəfindən sığorta ödənişinin verilməsini təmin edir. Beləliklə, digər səhmdar cəmiyyətlərdən fərqli olaraq, o, daha bir funksiyanı – sığortalıların mənafeyinə təminat verilməsi və sığortaçının öz vəzifələrini yerinə yetirməsi funksiyasını da daşıyır. Ona görə də, sığorta nəzarəti orqanları tərəfindən səhmdar sığorta cəmiyyətlərində nizamnamə kapitalının böyük məbləğdə olması tələbləri irəli sürülür. Nizamnamə kapitalının həcmi cəmiyyətin sığorta fəaliyyətinin növündən asılıdır.

Digər səhmdar cəmiyyətlərdə olduğu kimi, səhmdar sığorta cəmiyyətlərinin nizamnamə kapitalı səhmlərə bölünür. Sığorta cəmiyyəti üçün səhmlərin adi və adlı səhmlərə bölünməsi xüsusi əhəmiyyət kəsb edir. Səhmdar sığorta cəmiyyətlərinin nizamnamə kapitalı təminat funksiyasını yerinə yetirdiyinə görə, o, tam ödənilməyə bilər. Lakin yalnız adlı səhmlər tam ödənilməyə bilər.

Səhmdar sığorta cəmiyyətləri sığorta fəaliyyəti göstərmək üçün sığorta nəzarəti orqanları tərəfindən verilən lisenziya almalıdırlar. Lisenziyalaşdırma üçün təqdim edilən ən vacib sənədlərdən biri biznes plandır. Biznes plan sığorta şirkətinin hüquqi, sığorta və maliyyə fəaliyyəti haqqında məlumat verən bütöv bir sənədlər toplusundan ibarətdir.

Biznes planın məzmunu

  1. Hüquqi hissə
  • Cəmiyyətin sığortanın ümumi şərtlərinə əsaslanmayan nizamnaməsinin bir hissəsi;
  • Səhmdar cəmiyyətin daxil olduğu iştirak sisteminin əsasında dayanan müqavilələr;
  • Digər təsərrüfat subyektləri ilə sığorta fəaliyyətinin müəyyən sahələrinin onlara verilməsi haqqında müqavilələr. Məsələn, sığorta məhsullarının satışı, sığorta portfelinin idarə olunması, sığorta hadisələrinin tənzim edilməsi, mühasibat uçotu, yaxud kapital qoyuluşu.
  1. Sığorta texnikası
  • Planlaşdırılan sığorta fəaliyyətinin növlərini və sığorta təminatının adını və predmetinin göstərməklə, təminat verilən risklər haqqında məlumat.
  1. Maliyyə hissəsi
  • Zəruri nizamnamə kapitalı həcmində xüsusi vəsaitlərin olmasını təsdiq edən sənəddir;
  • Komissiya faiz mükafatlarının ödənilməsi üzrə xərclərin və sair cari xərclərin, sığorta haqları məbləğinin, sığorta hadisələrinin tənzim edilməsi üzrə fərz olunan xərclərin və sığorta fəaliyyətinin ilk üç ili üçün gözlənilən pula çevrilə bilmə qabiliyyətinin qiymətləndirilməsi

Biznes plan və sonradan ona edilən hər hansı əlavə və dəyişikliklər sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilməlidir. Qanunla müəyyən olunmuşdur ki, sığortanın Ümumi Şərtləri və tariflər artıq biznes plana daxil edilmir, ona görə də, onlar üçün sığorta nəzarəti orqanının razılığını almaq tələb olunmur. Biznes plandan başqa, lisenziya alma qaydaları çərçivəsində, eləcə də sığorta fəaliyyətinin həyata keçirilməsi gedişində sığorta nəzarəti orqanlarına daha bir çox sənədlər təqdim olunmalıdır. Onlardan aşağıdakıları qeyd etmək lazımdır:

  1. Substitutiv tibbi sığorta və icbari sığorta, məsələn, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası fəaliyyətini göstərən sığorta şirkətləri üçün – Sığortanın Ümumi Şərtləri;
  2. Substitutiv tibbi sığorta fəaliyyəti göstərən sığorta şirkətləri üçün  –  sığorta haqlarının və riyazi ehtiyatların hesablanması prinsipləri;
  3. Təkrarsığorta üzrə plan;
  4. İnzibati-təsərrüfat aparatının və agent şəbəkəsinin saxlanması üçün xərclərin hesabı (təşkilati xərclər üzrə fondda vəsaitin olmasını təsdiq edən sənəd təqdim olunur);
  5. Sığorta şirkətinin icraçı direktorları haqqında onların peşəkarlıq baxımından yararlılığını və tutduğu vəzifəyə uyğunluğunu təsdiq edən məlumat;
  6. Cəmiyyətin törəmə və tabeçiliyində olan şirkətləri haqqında məlumat;
  7. Məsul aktuari haqqında onun peşəkarlıq baxımından uyğun olmasını təsdiq edən məlumat.

Sığorta nəzarəti orqanları hər bir sığorta növü üzrə ayrı-ayrı lisenziya verirlər. Onun fəaliyyət dairəsi Avropa Birliyinin üzvü olan ölkələrə şamil olunur.  Sığorta şirkətləri xaricdə fəaliyyətlərini öz filialları, yaxud bilavasitə Almaniyadakı baş idarə vasitəsi ilə həyata keçirə bilərlər. Lakin hər bir halda onlar mütləq sığorta şirkətlərinin fəaliyyətinə, o cümlədən, xaricdə maliyyə nəzarətini həyata keçirən alman sığorta orqanlarına bu barədə məlumat verməlidirlər. Sığorta nəzarəti orqanları tərəfindən sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziya verildikdən sonra sığorta şirkətlərinin ticarət reyestrində dövlət qeydiyyatı aparılır. Həmin andan sığorta cəmiyyəti hüquqi şəxs kimi bütün hüquq və səlahiyyətlərə malik olur və sığorta fəaliyyətinə başlaya bilər.

Səhmdar sığorta cəmiyyətlərinin hesabatı

Təsərrüfat ili başa çatdıqda, səhmdar sığorta cəmiyyətləri illik balans və işlərin vəziyyəti haqqında hesabat hazırlamalıdırlar. Həmin sənədlərin təqdim edilməsi müddətləri, növü və formaları sığorta nəzarəti orqanları tərəfindən ciddi şəkildə müəyyən edilmişdir. İşlərin vəziyyəti haqqında hesabatda müəssisənin ümumi inkişaf konturları öz əksini tapmalıdır. Balans hesabatının ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə balansın ayrı-ayrı sahələri üzrə, eləcə də mənfəət və zərərlərin hesabı barədə izahat verilir.

İllik balans, onun əsasını təşkil edən mühasibat hesabatı sənədləri və işlərin vəziyyəti haqqında hesabat səhmdar cəmiyyətin müşahidə şurası tərəfindən təyin olunan auditorun yoxlamasına təqdim olunur. Yalnız bundan sonra illik maliyyə hesabatı sənədləri müşahidə şurası tərəfindən təsdiq oluna bilər.

İllik balans hesabatı nəşriyyatda dərc olunmalı və işlərin vəziyyəti haqqında hesabatla birlikdə dövlət qeydiyyat palatasına təqdim edilməlidir.

Səhmdar sığorta cəmiyyətləri bütün maliyyə sənədlərini aşağıdakılara da təqdim etməlidirlər:

  • Sığorta şirkətlərinin fəaliyyəti üzərində geniş nəzarət hüquqlarına malik olan sığorta nəzarəti orqanlarına;
  • Sorğu üzrə sığortalılara. Belə ki, onlar səhmdarlarda olduğu kimi, sığortaçının fəaliyyəti haqqında məlumat almaq hüququna malikdirlər.

Səhmdar cəmiyyətin orqanları

Səhmdar sığorta cəmiyyətlərinin orqanları idarə heyəti, müşahidə şurası və səhmdarların ümumi yığıncağıdır. Fəhlə və qulluqçuların cəmiyyətin idarə edilməsində iştirak hüququ müşahidə şurası vasitəsilə həyata keçirilir. Müşahidə şurası üzvlərinin üçdə bir hissəsi səhmdar sığorta cəmiyyətinin işçiləri tərəfindən seçilir. İşçilərinin sayı 2000 nəfərdən yuxarı olan səhmdar sığorta cəmiyyətlərində müşahidə şurası səhmdarlar və işçilər tərəfindən paritet əsaslarla seçilir: müşahidə şurası üzvlərinin yarısı səhmdarlar, yarısı isə işçilər tərəfindən seçilir.

Mənfəətdən istifadə

Səhmdar sığorta cəmiyyətinin rəhbərliyi səhmdarlar və sığortalılar qarşısında ikili məsuliyyət daşıdığına görə, mənfəətdən istifadə edilməsi haqqında qərar ətraflı ölçülüb-biçilməli və əsaslandırılmalıdır. Sığorta nəzarəti haqqında qanunda göstərilmişdir ki, səhmdar sığorta cəmiyyətinin mənfəətində tək səhmdarlar deyil, sığortalılar da iştirak etməlidirlər. Mənfəətin bölüşdürülməsi və sığorta haqlarının qaytarılması ehtiyatına ayırmaların edilməsi haqqında qərarı səhmdar sığorta cəmiyyətinin idarə heyəti verir. Həmin qərar müşahidə şurası tərəfindən təsdiq edilməlidir. Məsələn, həyat sığortası üzrə səhmdar cəmiyyətlər, bir qayda olaraq, xalis mənfəətin 90%-ni sığorta ehtiyatlarının qaytarılması ehtiyatına ayırırlar. Daha sonra, mənfəətin sərbəst qalan hissəsi səhmdar cəmiyyətlər haqqında qanuna müvafiq olaraq bölüşdürülür.

Qarşılıqlı sığorta cəmiyyətləri

Qarşılıqlı sığorta cəmiyyəti (QSC) elə təşkilati-hüquqi formaya malik müəssisədir ki, ona yalnız sığortada rast gəlmək mümkündür. Onun yaranması, tarixən sənətkarların sexlərdə birləşməsi vaxtına, orta əsrlərə təsadüf edir. Qarşılıqlı sığorta cəmiyyətlərinin təsərrüfat əhəmiyyəti böyükdür. Bir çox ən böyük alman sığorta şirkətləri məhz bu təşkilati-hüquqi formaya malikdirlər. Qarşılıqlı sığorta cəmiyyətlərinin fəaliyyəti sığorta nəzarəti haqqında Qanunla tənzim olunur. Səhmdar cəmiyyətlər kimi, QSC-lər də kommersiya təşkilatlarıdır və elə bu formada da ticarət reyestrində qeydiyyatdan keçməlidirlər. Qarşılıqlı sığorta cəmiyyətinin rəsmi adlandırılmasında onun bu təşkilati-hüquqi formaya malik olması göstərilməlidir, yəni, onun adında “qarşılıqlı əsasda sığortalanma” sözü, yaxud müvafiq ixtisar qeyd olunmalıdır.

QSC-lərin təsis edilməsi

Qanuna əsasən qarşılıqlı sığorta cəmiyyətlərinin təsisçilərinin sayı göstərilməmişdir. QSC-nin iki təsisçi tərəfindən yaradılmasına yol verilir.

Üzvlük

Qarşılıqlı sığorta cəmiyyətləri öz üzvlərinin sığortasını həyata keçirir. Cəmiyyətlə sığorta üzrə münasibətləri olan hər kəs QSC-nin üzvü ola bilər. Beləliklə, QSC-də üzvlük, sığorta sahəsində hüquqi münasibətlərin yaranmasında əsasdır. Sığortalı eyni zamanda cəmiyyətin üzvüdür, həm də qarşılıqlı sığorta cəmiyyətində birləşməkdə əsas məqsəd onun üzvlərinə sığorta təminatının verilməsindən ibarətdir.

Cəmiyyətin nizamnaməsində onun üzvü olmayan şəxslərin sığortalanması imkanları nəzərdən keçirilə bilər. Bu halda söhbət qarışıq tipli qarşılıqlı sığorta cəmiyyətlərindən gedir. Əgər nizamnamədə başqa cür nəzərdə tutulmamışdırsa, QSC-yə üzvlük, cəmiyyətlə onun üzvləri arasında sığorta üzrə münasibətlərə xitam verilməsi ilə başa çatır.

Sığorta öhdəlikləri üzrə qarşılıqlı sığorta cəmiyyəti ilə onun üzvləri arasında yaranan qarşılıqlı münasibətlər bütün üzvlər üçün eynidir. Bu, o deməkdir ki, üzvlük haqlarının miqdarı və göstərilən sığorta xidmətlərinin həcmi eyni prinsiplər əsasında müəyyən olunur. Lakin təbiidir ki, sığorta haqlarının həcmi sığorta olunan riskin xüsusiyyətindən asılıdır. Məsələn, həyat sığortasında və tibbi sığortada o, sığorta olunanların yaşından və səhhətindən asılıdır.

QSC üzvlərinin hüquq və vəzifələri nizamnamə ilə müəyyən olunur. Məsələn, aşağıdakı məlumatlar nizamnamədə öz əksini tapa bilər:

  • QSC-nin rəsmi adı və yerləşdiyi ərazi;
  • Cəmiyyətə üzv olmanın və üzvlükdən azad olmanın şərtləri;
  • Nizamnamə kapitalının formalaşdırılması qaydaları;
  • Sığorta haqlarının ödənilməsinin forma və qaydaları

Yazının 2-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 3-cü hissəsini buradan oxuya bilərsiniz

____________

Müəllif:

Şükür Hüseynov

Sığorta üzrə ekspert, təlimçi

 

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir