Beynəlxalq Əmək Təşkilatının yaranması, strukturu və Azərbaycanla əlaqələri

Beynəlxalq Əmək Təşkilatı çoxtərəfli təşkilatlardan biridir. Onun 80 illik tarixində öz istiqamətlərini və vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsi nəticə çıxarmağa əsas verir ki, bu müvəffəqiyyətin əsasını baş verən dəyişikliklərə cavab olaraq yeniliklərə cəhd etməsi təşkil edir.

Beynəlxalq Əmək Hüququ sahəsində ilk atılan addımlar. İsveçrə hökuməti tərəfindən 1905-ci və 1906-cı illərdə Bern şəhərində keçirilmiş beynəlxalq konfranslarda beynəlxalq əmək hüququ sahəsində ilk iki konvensiya qəbul edilmişdir. Bu konvensiyalardan biri “Sənaye müəssisələrində çalışan qadınların gecə əməyinin ləğvi”, digəri isə “Sənayedə ağ fosfordan istifadənin qadağan olunması” (ağ fosfor insan dərisini asanlıqla yandıraraq toxumalarda yanıq yaraları yarada bilən və ətrafa zəhərli duman yaymaq gücunə malik kimyəvi birləşmədir) haqqında konvensiyalar idi.

Beynəlxalq Əmək Təşkilatı. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-ın nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir. 1940-cı ilin may ayında təhlükəsizliklə bağlı BƏT-in ştab-ofisi müvəqqəti olaraq Kanadada yerləşdirilir. ABŞ-ın Böyük Britaniyada səfiri təyin olunması ilə əlaqədar 1941-ci ildə Con Vinantı irlandiyalı Eduard Pelan əvəz edir. Onun təşəbbüsü ilə Filadelfiyada 41 ölkənin hökumət, işəgötürən və işçilərinin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Əmək Konfransının keçirilən yığıncağında Konstitusiyaya əlavələr haqqında Deklarasiya qəbul edildi. II dünya müharibəsinin sonlarında – 1944-cü ildə Filadelfiya Bəyannaməsi ilə Beynəlxalq Əmək Konfransı Beynəlxalq Əmək Təşkilatı ilə əvəz olundu. 1946-cı ildə BƏT yeni yaradılmış Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış bölməsi kimi qəbul edilir. Filadelfiya bəyannaməsi ilə BƏT-in 10 proqramı işlənib hazırlanmışdır; 1. Tam məşğulluq və həyat səviyyəsinin yüksəldilməsi; 2. İşlə təminat; 3. Təhsil; 4. Əmək haqqı sahəsində siyasət; 5. Kollektiv danışıqlar hüququ; 6. Sosial təminat; 7. Əməyin mühafizəsi; 8. Uşaq və anaların müdafiəsi; 9. Lazımi qidalanma və mənzil təminatı; 10. Ümumi və peşə təhsili sahəsində bərabər imkanlar.

Filadelfiya Bəyannaməsi aşağıdakı məsələləri bir daha təsbit etdi:

  1. Əmək əşya deyil;
  2. Fikirlərini azad ifadə etmə və birliklərdə birləşmə inkişaf üçün zəruridir;
  3. Yoxsulluq daha inkişafa təhlükə yaratmamalıdır;
  4. Öz istəklərini təmin etmək uğrunda aparılan müharibə xalqlara qarşı amansızlıqdır;
  5. Fəhlə, əməkçi və s. nümayəndələri onlarla müzakirələr apara və demokratik qərarlar qəbul edə bilərlər.
  6. Bəyannamə bütün insanların irqi, cinsi bərabərliyini, iqtisadi təhlükəsizlik və bərabər şərait imkanlarının olduğunu bəyan etdi.

Hazırda BƏT-in mənzil qərargahı Cenevrədə (İsveçrə) yerləşir. BƏT aşağıdakı istiqamətlər üzrə fəaliyyətini həyata keçirir:

  1. Əmək haqqında Konvensiya və Tövsiyələrin işlənməsi;
  2. Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə texniki yardımın göstərilməsi;
  3. BƏT fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə təhsilin və tədrisin təşkili.

BƏT-in qarşıya qoyduğu məqsədləri reallaşdırmaq uğrunda mübarizəsi və bu mübarizənin səmərəsi beynəlxalq aləmdə yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, 1969-cu ildə BƏT-in yaradılmasının 50 illik yubileyi zamanı təşkilat Nobel sülh mükafatına layiq görülmüşdü. 20-ci yüzilliyin 90-ci illərində Mərkəzi və Şərqi Avropa ölkələrində baş vermiş sosial siyasi dəyişikliklər, totalitar sistemin aradan qaldırılması, SSRİ-nin süqutu, Yuqoslaviyanın dağılması, Çexoslovakiyanin iki dövlətə parçalanması, Albaniyanın yeni dünya qaydasına qoşulması nəticəsində təkcə Avropa qitəsindən BƏT-ə 17 yeni üzv qəbul olundu ki, onlardan biri də Azərbaycan Respublikasıdır. BƏT haqqında bir çox məsələlərin izahı onun nizamnaməsində öz əksini tapıb.

BƏT-in nizamnaməsinin orijinal mətni 1919-cu ildə qəbul edilib. Nizamnamədə göstərilir ki, BMT-yə üzv olan hər bir dövlət BƏT-in nizamnaməsində göstərilən şərtləri rəsmən qəbul etdiyini Beynəlxalq Əmək Bürosunun baş direktoruna bildirmək şərti ilə BƏT-ə üzv ola bilər. Bundan sonra isə BƏT-in baş konfransında hökumət təmsilçilərinin 2/3-i toplantıda iştirak etməsi şərti ilə və iştirak edən təmsilçilərin 2/3-nin həmin dövlətin lehinə səs verməsi ilə təşkilata üzv qəbul edilə bilər. BƏT-ə üzv olan hər bir ölkə BƏT-dən çıxmaq istəsə, bu zaman həmin ölkə Beynəlxalq Əmək Bürosunun baş direktoruna çıxmaq istəməsi barədə məlumat verməlidir. Əks təqdirdə, o təşkilatdan çıxa bilməz. Bu istək baş direktora bildirildiyi tarixdən etibarən iki ay sonra və bu tarixdə üzv dövlətin təşkilata üzvlüyü səbəbindən yaranan bütün maliyyə borclarını yerinə yetirdikdən sonra qüvvəyə minəcək. Hər bir ölkə dörd nümayəndə ilə təmsil olunur və onların hər birinin Konfrans tərəfindən keçirilən bütün iclaslarda səs vermə hüququ var. BƏT-ə üzv olan dövlətlərin sənaye və məşğulluq problemləri ilə maraqlanan nazirliklər, İnzibati Şuradakı təmsilçiləri vasitəsilə və yaxud belə bir təmsilçisi olmadığı halda, dövlət tərəfindən bu məqsəd üçün müəyyən olunmuş digər səlahiyyətli şəxs vasitəsilə baş direktorla əlaqə yarada bilərlər. Beynəlxalq Əmək Təşkilatı istədiyi vaxt beynəlxalq sahibkarların, zəhmətkeşlərin təşkilatları daxil olmaqla hökumətdən kənar tanınmış beynəlxalq qurumlarla əməkdaşlıq edə bilərlər. BƏT maliyyə və büdcə ilə əlaqədar işlər də həyata keçirir. Üzv dövlətlərdən hər biri Konfrans və İnzibati Şuranın toplantılarında iştirak edən nümayəndələrinin yol xərclərini və gecələmə xərclərini özü ödəyir. Lazım gəldikdə isə Beynəlxalq Əmək Bürosunun digər bütün xərcləri ilə Konfrans və İnzibati Şuranın toplantılarının xərcləri Beynəlxalq Əmək Bürosunun Baş direktoru tərəfindən BƏT-in ümumi büdcəsindən ödənilir. BƏT-in büdcəsinin təsdiq edilməsi, toplanması Konfrans tərəfindən, nümayəndələrin üçdə ikisinin səs çoxluğu ilə müəyyən olunur. BƏT-in büdcəsi isə üzv dövlətlərin üzvlük haqqından təşkil olunur. Təşkilata maliyyə borclarını ödəməkdə gecikən üzv dövlət, həmin gecikmiş borcların miqdarının əvvəlki iki il üçün müəyyən olunmuş borc miqdarına bərabər olması və yaxud də çox olması halında, Konfransda, İnzibati Şurada və hər hansı bir komitədə və ya İnzibati Şura üzvlərinin seçimlərində səs vermək hüququndan məhrum edilir. Bununla yanaşı, Konfrans, ölkənin öz əlində olmayan səbəblər ucbatından ödəməyi həyata keçirmədiyinə inanarsa, bu zaman mövcud nümayəndələrin üçdə ikisinin səs çoxluğu ilə bu üzvün səs vermə hüquqlarının bərpa olunmasına icazə verilə bilər. BƏT-in strukturuna aşağıdakı orqanlar daxildir:

  1. Beynəlxalq Əmək Konfransı;
  2. İnzibati Şura;
  3. Beynəlxalq Əmək Bürosu;
  4. Üçtərəfli komitələr;
  5. Regional və xüsusi konfranslar.

BƏT-in başlıca orqanı Beynəlxalq Əmək Konfransıdır. O demək olar ki, BƏT-in qanunverici orqanıdır. Konfrans, bir qayda olaraq, hər ilin iyun ayında İsveçrənin Cenevrə şəhərində çağırılır və üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilir. Hər üzv dövlət konfransda 4 nümayəndə ilə təmsil olunur: iki nümayəndə hökumətdən, bir nümayəndə sahibkarlardan, bir nümayəndə isə işçilərdən ibarət olur. Beynəlxalq Əmək Konfransı həmçinin əmək məsələləri ilə bağlı konvensiyaları müzakirə və təsdiq edir. Konfransda səsvermə zamanı verilən səslərin ümumi sayı Konfransda iştirak edən nümayəndələrin sayının yarısına bərabər olmazsa, səsvermə etibarsız sayılır. Beynəlxalq Əmək Konfransı iki ildən bir BƏT-in proqram və büdcəsini təsdiq edir, fəaliyyət prinsiplərini və gələcək siyasətin istiqamətlərini müəyyənləşdirir. Əgər müzakirə olunan məsələlərin içərisində qadınların vəziyyəti ilə bağlı mövzular olarsa, dörd nümayəndənin məsləhətçilərindən biri hökmən qadın olmalıdır.

İnzibati Şura – BƏT-in başlıca orqanı olub Konfrans tərəfindən üç illiyə seçilir. Əgər hər hansı bir səbəbə görə İnzibati Şuraya keçirilən seçkilər bu vaxtın sonuna qədər keçirilməsə, İnzibati Şura seçki keçirilənə qədər öz fəaliyyətini davam etdirir. Şura 56 üzvdən ibarətdir. Bunlardan 28 nümayəndə hökumətləri, 14 nümayəndə sahibkarları, 14 nümayəndə isə işçiləri təşkil edir və Konfrans tərəfindən gizli səsvermə yolu ilə seçilir. İnzibati Şura öz fəaliyyət istiqamətini özü müəyyənləşdirir. İnzibati Şuranın tərkibində həmçinin bir neçə komitə də fəaliyyət göstərir. Qəbul edilmiş Konvensiya və tövsiyələrin yerinə yetirilməsinə müntəzəm olaraq nəzarət edilməsinə görə bilavasitə İnzibati Şuranın Konvensiya və tövsiyələrin tətbiqi üzrə Konfrans komitəsi (bu həm də normalar tətbiqi üzrə Konfrans Komitəsi adlanır), birləşmə azadlığı prinsipinin gözlənilməsinə nəzarət isə İnzibati Şuranın birləşmə azadlığı üzrə komitəsi və birləşmə azadlığı sahəsində istintaq və barışıq üzrə Komissiya tərəfindən həyata keçirilir. Konvensiya və tövsiyələrin tətbiqi üzrə ekspertlər Komitəsi BƏT-in nəzarət funksiyalarının həyata keçirilməsində mühüm rol oynayır.

BƏT-in daimi katibliyi – Versal müqaviləsinə əsasən yaradılan Beynəlxalq Əmək Bürosudur. Buraya baş direktor rəhbərlik edir və üç funksiyası var: – icra orqanı – əlaqələndirmə mərkəzi – tədqiqat və sənədləşmə mərkəzi. Baş direktor İnzibati Şura tərəfindən təyin olunur və beş ildə bir dəfə seçilir. Bu şəxs İnzibati Şuranın bütün təlimatlarını yerinə yetirir.

BƏT-in konvensiyalarına qoşularaq onu paraflayan dövlət həmin konvensiyaların həyata keçirilməsinə dair müntəzəm hesabat verməlidir. Bu prosesə iki orqan nəzarət edir: üçtərəfli komitə və müstəqil ekspert komitəsi.

Azərbaycan Respublikası və BƏT. Azərbaycanın fəaliyyətində yaxından iştirak etdiyi qurumlardan biri də BƏT-dir. Respublikamız bu quruma 1992-ci ilin may ayının 19-da qəbul edilmişdir. BƏT ekspertlərinin Azərbaycana ilk gəlişi 1993-cü ilin əvvəllərinə təsadüf edir. BƏT-in Əməyin Statistikası Departamentinin direktoru F.Mehranın başçılıq etdiyi ekspertlər qrupu milli uçot və statistika sisteminin təkmilləşdirilməsində, onun beynəlxalq norma və standartlara uyğunlaşdırılmasında Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə etmişlər. 1993-cü ilin iyun ayında BƏT-in Cenevrədə keçirilən hesabat konfransında Azərbaycan nümayəndələrinin iştirakı zamanı ixtisaslaşmış qurumun ərazisində müharibə gedən ölkələrə texniki yardım proqramına respublikamız da daxil edildi. Bu texniki yardım kompyuter sistemini, məşğulluq və sosial təminat strukturlarını, habelə mütəxəssislərin öyrədilməsinin təşkilini əhatə edirdi. 1999-cu il 1 yanvar tarixində qüvvəyə minən yeni Əmək Məcəlləsinə BƏT ekspertləri tərəfindən tövsiyə edilmiş beynəlxalq əmək standartlarına uyğun olan zəruri qaydalar daxil edilmişdir. Bir qayda olaraq, bütün milli əmək və sosial müdafiə qanunvericiliyi BƏT-in ekspertizasından keçir.

Müəllif: Ülkər Nəcəfova

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir