SIĞORTANIN ƏSASLARI – 3-cü yazı

Fərdi və sosial sığorta

Əksər ölkələrdə sığorta iki böyük sahəyə ayrılır: fərdi və sosial sığorta. Onların arasında prinsipial fərqlər vardır.

Fərdi sığorta

Fərdi sığorta dedikdə, özəl (kommersiya) sığorta şirkətlərinin məşğul olduğu sığorta başa düşülür. Ona görə də çox vaxt “fərdi sığorta” termini əvəzinə “özəl sığorta” terminindən istifadə olunur. Fərdi sığorta sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin müqavilədə sığortanın bütün konkret şərtləri öz əksini tapır. Sığorta haqları sığortaçı tərəfindən hesablanır. Burada iqtisadi təsəvvürlər, sığortalanan risklərin səciyyəvi xüsusiyyətləri və təklif olunun sığorta təminatının həcmi əsas götürülür.

Könüllü sığorta müqaviləsi bağlayaraq, fiziki şəxslər, ev təsərrüfatları subyektləri və müəssisələr iqtisadi zərərlərin ən müxtəlif növlərindən özləri üçün müdafiə təminatı yaratmaq istəyirlər. Belə sığorta təminatı sığortanın çoxsaylı növləri çərçivəsində təklif olunur. Hər bir sığorta növü özünün normativ-hüquqi bazasına mailk olur və müəyyən sığorta texnologiyasından istifadə etməklə həyata keçirilir.

Sığortanın növləri

Sığorta müdafiəsini, obrazlı desək, hər budağı sığortanın xüsusi bir sahəsini təşkil edən ağaca bənzətmək olardı.

Sığortanın bütün növlərini sadalamaq praktik olaraq mümkün deyildir. Lakin öz əhəmiyyətinə görə onları eyniləşdirmək də olmaz. Sığortanın bir sıra növləri üzrə toplanan sığorta haqlarının həcmi o qədər də böyük olmur və onlar yalnız bir neçə sığorta şirkəti tərəfindən həyata keçirilir.

Hər bir sığorta sahəsində eyni növlü risklər birləşir və həmin risklər eyni qəbildən olan təhlükələrdən sığortalanırlar. Bu cür qruplaşdırma, sığorta statistikasına istinad edərək, sığorta riskinə müvafiq olan sığorta haqlarının həcmini hesablamağa, eləcə də hər bir sığorta növü üzrə sığorta müdafiəsinin həcmini, müqavilə iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən vahid sığorta şərtlərinin işlənib hazırlanmasına imkan verir.

Binaların və daşınar əmlakın yanğından

sığortalanması                                                            = Yanğın sığortası

Fiziki şəxslərin xəstəliklə əlaqədar

xərclərinin sığortalanması                                           = Tibbi sığorta

Zərərlərin ödənilməsi üzrə üçüncü şəxsin

iddiasını təmin etmək məqsədilə fiziki

şəxslərin sığortalanması                                               = Mülki məsuliyyət sığortası

Ev əmlakının yanğından, sındırmaqla oğurluqdan,

qarətdən, su xəttinin partlaması təhlükəsindən,

tufandan və dolu vurmasından sığortalanması               = Ev əmlakı sığortası

Sığorta risklərinin səciyyəvi xüsusiyyətlərindən asılı olaraq, sığortanın hər sahəsi daha kiçik sığorta növlərinə bölünür.

Sığortanın sahələri

Sığortanın növləri

Avtonəqliyyat sığortası – Avtonəqliyyat vasitəsi sahiblərinin mülkli məsuliyyətinin sığortası;

– Avtomobillərin sığortası;

– Avtonəqliyyat sərnişinlərinin bədbəxt hadisələrdən sığortası.

Məsuliyyət sığortası – Könüllü mülki məsuliyyət sığortası;

– Müəssisələrin mülki məsuliyyətinin sığortası;

– Peşə məsuliyyətinin sığortası;

– Yalnız maddi zərər vurulmasına görə peşə məsuliyyətinin sığortası*

Əmlakın yanğından sığortası – Kənd təsərrüfatı tikililərinin yanğından sığortası;

– Sənaye obyektlərinin yanğından sığortası

* Bir qayda olaraq, aşağıdakı peşə növlərinə şamil olunur: həkimlər, vəkillər, ekspertlər, məsləhətçilər, auditorlar və başqaları. Bu sığorta növündə sığorta hadisəsi adi zərərvurma və bunun nəticəsində maddi zərərin baş verməsi deyildir. Burada söhbət peşə səhvlərinə, yaxud xətalarına yol verilməsindən gedir ki, bu da nəticə etibarı ilə zərərçəkənə maddi ziyanın vurulmasına gətirib çıxara bilər. Bu sığorta növünə görə sığortalı bütün müqavilə müddəti və əlavə olaraq onun başa çatmasından sonra iki il müddəti ərzində peşə səhvlərinə görə sığortalanır.

Bəzi sığorta şirkətləri eyni zamanda sığorta fəaliyyətinin bir neçə sahəsində fəaliyyət göstərirlər. Məsələn, onlar əmlak sığortası, mülki məsuliyyət sığortası, bədbəxt hadisələrdən sığorta, nəqliyyat vasitələrinin müxtəlif növləri və hüquqi xərclərin sığortası ilə məşğul olurlar. Monosahəli, yaxud hər hansı bir sığorta növü üzrə fəaliyyət göstərən ixtisaslaşmış sığorta şirkətlərindən fərqli olaraq, bu cür sığortaçıları çoxsaxəli, yaxud multi-məhsul sığorta şirkətləri adlandırırlar. Sığorta xidmətlərinin diapozonu şirkətin fəaliyyəti üzrə (məsələn, nəqliyyat sığortası sahəsində) ümumi strateji və iqtisadi mülahizələr əsasında, yaxud dövlət sığorta orqanları tərəfindən (məsələn, həyat sığortası və tibbi sığorta sahəsində) müəyyən edilə bilər.

Sığorta növlərinin təsnifatı

Çoxsaylı sığorta növlərinin təsnif edilməsinə müxtəlif aspektlərdən yanaşmaq olar. Məsələn, təsnif etmə sığorta ödənişlərinin növlərinə, sığorta obyektlərinə və sığorta təminatının həcminə görə aparıla bilər.

Sığorta ödənişlərinin növlərinə görə təsnif etmə

Zərərin sığortalanması
Məbləğin sığortalanması
Sığorta ödənişləri zərərlərin ödənilməsi deməkdir..

Sığortaçı sığorta məbləği ilə əhatə olunan hissədə faktiki dəymiş zərərə görə ödəniş verir.

Konkret tələbat üzrə təminat verilir.

Sığortalının varlanmasının qadağan olunması qüvvədədir.

Sığorta ödənişləri əvvəlcədən razılaşdırılmış sığorta məbləği həcmində verilir.

Sığorta ödənişlərinin həcminin müəyyənləşdirilməsi üçün obyektiv meyar yoxdur.

Mücərrəd tələbat sığorta təminatı ilə əhatə olunur.

 

Zərərin sığortalanması üzrə nümunə:

Sığortalı 50 min avro dəyərində olan obyekti 100 min avro məbləğinə sığortala-mışdır. Obyekt tam zərərə məruz qaldıqda, sığortaçı yalnız 50 min avro həcmində konkret zərərə görə sığorta ödənişi verir. Əgər sığortaçı 100 min avro dəyərində olan obyekti 80 min avro məbləğində sığortalamışdırsa, o halda sığorta ödənişi məbləğinin həcmi sığorta məbləğinə mütənasib olaraq azaldılır. Belə ki, sığortalı sığorta haqqını aşağı sığorta məbləği hesabından ödəmişdir.

Məbləğin sığortalanması üzrə nümunə:

Sığortalı 100 min avro dəyərində həyat sığortası müqaviləsi bağlamışdır. Sığorta hadisəsi baş verdikdə, ona bütün sığorta məbləği ödənilir.

Sığorta obyektlərinə görə təsnif etmə
Şəxsi sığorta Əmlak sığortası

Maddi rifah sığortası

 

Sığorta obyekti hər hansı bir riskə məruz qala bilən konkret fiziki şəxsdir.

Həmin şəxsə dəyən maddi zərərlərə görə sığorta ödənişi verilir.

 

 

Sığorta obyekti müqavilədə konkret göstərilən əşyalar, yaxud predmetlər (binalar, yaxud şəxsi əmlak) ola bilər. Sığorta bir və ya bir neçə risklər üzrə həyata keçirilə bilər.

 

Sığorta obyekti konkret əşya  yaxud  predmetlər deyil, bütövlükdə maddi rifah olur.

 

Sığortalı özünün rifah halının aşağı düşməsi riskinə qarşı sığorta təminatı alır. Məsələn, məhkəmə xərclərinin ödənilməsi zərurəti yarandıqda, yaxud 3-cü şəxsin iddiası ilə əlaqədar zərərlərin ödənilməsi ilə reqress tələblərinin təmin olunması

· Həyat sığortası

· Tibbi sığorta

· Bədbəxt hadisələrdən sığorta

· Yanğın sığortası

· Tufan və ya qasırğadan sığorta

· Ev əmlakının ümumi sığortası

· Mülki məsuliyyət sığortası

· Hüquqi xərclərin sığortası

· Kreditlərin sığortası

 

Bir neçə sığorta növünün birləşdirilməsi

Sığorta müdafiəsinin sahələr və növlər üzrə bölünməsi sığorta təminatında müəyyən qüsurların yaranmasına səbəb ola bilər. Buna yol verməmək üçün bir neçə riski bir müqaviləyə daxil etmək mümkündür. Belə olduqda, daha bir müsbət nəticə əldə olunur: sığorta şirkətinin işinin sadələşməsi. Belə ki, sığorta müqaviləsinin bağlanması üçün bir ərizə ilə müraciət etmək kkifayətdir. Həmin müqavilə işlənib hazırlandıqdan sonra sığortalıya bir sığorta polisi verilir. Ümumi (kombinə edilmiş) və əlaqələndirilmiş sığortanı ayırırlar:

Ümumi sığorta Əlaqələndirilmiş sığorta
Bir müqavilə ilə eyni şərtlər əsasında bir neçə risk üzrə təminatın verilməsi. Sığortanın yeni xüsusi bir növüdür. Vahid sığorta tarifindən istifadə olunur. Müqaviləyə yalnız bütövlükdə xitam verilə bilər. Bir neçə sığorta müqaviləsinin bir sığorta paketində birləşdirilməsi. Bu cür müqavilələrin hər biri özünün ümumi sığorta şərtlərinə əsasən bağlanır. Hər sığorta növü üzrə sığorta tariflərindən istifadə olunur. Hər bir müqaviləyə ayrı-ayrılıqda xitam vermək olar.
Nümunələr:

· Ev əmlakının yanğın, oğurluq, su xətti sistemində qəza və digər risklərdən ümumi sığortası.

· Binanın yanğından, ildırım vurmasından, partlayışdan, uçan aparatların düşməsindən və digər risklərdən ümumi sığortası

Nümunə:

· Ev əmlakının sığortası, könüllü mülki məsuliyyət sığortası və bədbəxt hadisə sığortasını özündə birləşdirən ailə sığortası paketi

Sosial sığorta

Fərdi sığorta ilə bərabər əksəriyyət ölkələrdə dövlət sosial sığorta sistemi də mövcuddur. Bu sistem işəgötürənlərin, işçilərin, digər təsərrüfat subyektlərinin ödədikləri vəsait, habelə toplanmış vergi məbləğləri ilə maliyyələşdirilir. Sosial sığorta sistemini Almaniya Federativ Respublikasının nümunəsində nəzərdən keçirək.

Fərdi sığortadan fərqli olaraq sosial sığorta AFR-də dövlət sosial təminat sisteminin tərkib hissəsidir. Sosial sığorta dövlətin müəyyən sosial-siyasi məqsədlərinə xidmət edir. Ona görə də o, özünün bir sıra səciyyəvi cəhətləri ilə fərqlənir. Sosial sığortada dövlət dotasiyası kimi bir alətdən istifadə olunur. Əhalinin bütün işləyən təbəqəsi avtomatik olaraq dövlət sosial sığorta sisteminə qoşulur. Bütün əmək müqavilələrində bu barədə xüsusi maddə vardır. Sosial sığorta üzrə münasibətlər, bir qayda olaraq, qanuna müvafiq surətdə əmək hüququndan, yaxud peşə fəaliyyətinin bu və ya digər növünün səciyyəvi xüsusiyyətlərindən doğan müəyyən əsaslarla yaranır.

Sosial sığortanın əlamətləri

Sosial sığortanın ayrı-ayrı növlərinin normativ tənzimlənməsinin kifayət qədər mürəkkəb bir sistemi vardır. Bununla belə, onların hamısına aşağıdakı beş əlamət xasdır:

  1. Icbari xarakter;
  2. Məqsədli şəkildə əmək resurslarının qorunması;
  3. Maliyyələşdirmə mənbələri;
  4. Kollektiv həmrəylik prinsipinin həyata keçirilməsi;
  5. Sosial sığorta orqanlarına tabeliliyi.  Onları daha ətraflı nəzərdən keçirək:

1. İcbari xarakter

İşləyən əhali üçün sosial sığorta, bir qayda olaraq, icbari xarakter daşıyır. Sığorta münasibətlərinin yaranması və sığorta müdafiəsinin həcmi qanunla müəyyən olunur. Bu, sığortalıların mənafelərinin qorunmasına və cəmiyyətdə sosial fərqlərin aradan qaldırılmasına xidmət edir.

Icbari sığorta müqaviləsinin bağlanması üçün əsas olan istisnalar vardır. Məsələn, gəlirləri müəyyən edilmiş həddən yuxarı olan şəxslər qanunla icbari sosial sığorta müqaviləsi bağlamaqdan azad olunurlar. Onlara icbari tibbi sığorta müqaviləsi bağlamaq imkanı verilir.

2. Məqsədli şəkildə əmək resurslarının qorunması

Sosial sığorta işləyən vətəndaşlara təhlükə törədən və bilavasitə işçinin özünün şəxsiyyəti ilə əlaqədar olan müəyyən risklərə görə təminat verilməsi ilə məhdudlaşdırılır. Aşağıdakılar bu cür risklərə aid edilir: xəstəlik nəticəsində müvəqqəti əmək qabiliyyətsizliyi, yaxud istehsalat xəsarəti riski, əlillik nəticəsində daimi əmək qabiliyyətsizliyi, işə düzəlməyin mümkün olmaması ilə əlaqədar olaraq əmək gəlirinin itirilməsi riski, xəstəlik nəticəsində, əlilliyə və qocalığa görə xərclərin yaranması riski.

3. Maliyyələşdirmə mənbələri

Ödəniş vəsaitləri sosial sığorta fondlarından, ilk növbədə, sığortalıların və işəgötürənlərin sığorta haqları hesabına, bir çox hallarda isə yalnız işəgötürənlərin ayırmaları hesabına formalaşdırılır. Sosial sığortada dövlət dotasiyasından istifadə bütün sığorta fəaliyyətinin əsasını təşkil edən ekvivalentlik prinsipini pozur. Bu halda sığorta haqlarının həcmi sığortalıların gəlirlərinin həcmindən asılı olaraq, kollektiv həmrəylik prinsipinə uyğun şəkildə müəyyənləşdirilir. Beləliklə, sosial sığorta sistemi vasitəsi ilə dövlət səviyyəsində milli gəlirin yenidən bölüşdürülməsi həyata keçirilir.

AFR-də sosial pensiya sığortası nəsillərin kollektiv həmrəyliyi prinsipinə əsaslanır, həmin prinsipə uyğun olaraq, nəsillər arasında pul vəsaitlərinin transferi həyata keçirilir. Bu modelə görə işləyən nəsil sığorta haqlarını o məbləğdə ödəyirlər ki, həmin məbləğ artıq əmək fəaliyyəti ilə məşğul olmayan yaşlı nəslə pensiya ödənilməsinə imkan yaradır. Öz növbəsində, yaşlı nəsil ümid edir ki, özündən sonra onu əvəz edəcək nəsil eyni öhdəlikləri öz üzərinə götürəcək və sosial sığorta fondlarına ödədikləri sığorta haqları ilə pensiyaların verilməsini təmin edəcəklər.

4. Sosial sığorta sistemində sosial yardım forması

AFR-in sosial sığorta sistemi çərçivəsində həyata keçirilən sosial yardım, ilk növbədə, işçilərin işçi keyfiyyətlərinin bərpa olunmasına və onların əmək prosesinə qaytarılmasına yönəldilmişdir. Ona görə də, o, əsasən qeyri-pul formasında olur. Belə ki, bədbəxt hadisələrdən sığortada və pensiya sığortasında sosial sığorta sistemi vasitəsilə xəstələrin müalicəsi həyata keçirilir, eləcə də zəruri müalicə vasitələri təmin olunur. Onun, xidmətləri daha çox pul ödənişləri formasında göstərilən fərdi sığortadan əsas fərqi də elə bununla izah olunur.

5. Sosial sığorta orqanları

AFR-də mövcud qanunvericiliyə uyğun olaraq, sosial sığorta xüsusi sosial sığorta orqanları tərəfindən həyata keçirilir. Onlar sığortalıların və işəgötürənlərin nümayəndələrinin iştirakı ilə özünüidarə prinsipi ilə işləyir. Sosial sığorta orqanlarının qərarından sosial məsələlərin tənzim edilməsi üzrə məhkəmələrə şikayət oluna bilər.

 

Fərdi və sosial sığortanın fərqli cəhətləri

Sosial sığorta sistemi hüdudlarında göstərilən sosial yardımlar yalnız sığortalıların əsas tələbatının və yaşayış minimumunun təmin edilməsinə yönəldilmişdir. Bundan əlavə, sosial sığorta, öz əsas prinsip və məqsədlərinə uyğun olaraq, bu və ya digər formada əmək münasibətləri ilə bağlı risklərə görə sığorta təminatının verilməsi ilə məhdudlaşdırılır. Ona görə də, məsələn, bədbəxt hadisələrdən icbari sığortada yalnız istehsalatla əlaqədar olan, habelə, işə gedərkən və işdən evə qayıdarkən baş verən bədbəxt hadisə riskləri üzrə sığorta təminatı verilir. Sosial sığorta asudə vaxt ərzində,        idmanla məşğul olduqda, yaxud evdə olarkən baş verən bədbəxt hadisə risklərinə şamil edilmir. Sosial sığortanın şamil olunmadığı bütün sahələrdə fərdi sığorta ilə sığorta təminatı verilir. Bir sıra hallarda könüllü sığorta müqavilələrinin bağlanması yolu ilə icbari sığortadan azad olmaq mümkündür. Məsələn, könüllü tibbi sığorta müqaviləsi bağlayan tələbələr icbari tibbi sığorta müqaviləsindən azad edilir. Bundan başqa, fərdi sığorta sosial sığorta sistemi üzrə həyata keçirilən təminat növlərini tamamlayır. Beləliklə:

  • icbari tibbi sığortanı əlavə könüllü tibbi sığorta müqaviləsi bağlamaq yolu ilə genişləndirmək,
  • dövlət pensiya təıminatına əlavə olaraq, həyat sığortası müqaviləsi bağlamaq,
  • bədbəxt hadisədən könüllü sığorta müqaviləsi bağlamaq,
  • xəstəlik, əlillik və qocalığa görə xidməti tələbat halları üçün əlavə sığorta müqaviləsi bağlamaq mümkündür.

Xüsusilə pensiya təminatı nümunəsində fərdi və sosial sığorta sistemlərinin   qarşılıqlı əlaqəsini nümayiş etdirmək mümkündür. Üç dirək adlanan nəzəriyyəyə uyğun olaraq, pensiya təminatı daha çox üç dayağa söykənir: dövlət pensiya sığortası, korporativ pensiya təminatı və könüllü həyat sığortası. Dövlət pensiya sığorta sistemi ilə vətəndaşlara yalnız minimal pensiya təminatı verilir. Dövlət pensiyalarının artırılmasının ən başlıca mənbəyi həyat sığortası müqavilələridir.

Sosial və fərdi sığorta sistemində 1995-ci ildə qüvvəyə minmiş xəstəlik, əlillik və qocalığa görə xidməti tələbat halları məqsədilə həyata keçirilən sığorta xüsusi yer tutur. İcbari tibbi sığortanın şamil olunduğu vətəndaşlar üçün, bu sığorta sosial sığortanın xüsusi bir növünə çevrilir. Tibbi kommersiya sığorta şirkətləri ilə könüllü tibbi sığorta müqaviləsi olan şəxslər müvafiq qanunun tələblərinə əsasən xidməti tələbat halları üçün könüllü tibbi sığorta müqaviləsi bağlamalıdırlar. Bu halda, həmin müqavilələrə əsasən göstərilən xidmətlərin xarakteri və həcmi sosial sığorta sistemində analoji müqavilələrə əsasən göstərilən xidmətlərin xarakteri və həcmi ilə eyni olmalıdır. Xidməti tələbat halları üçün həm könüllü, həm də icbari sığortanın qanunvericilik əsasını sosial qanunvericilik təşkil edir və müvafiq olaraq, bu növ sığortada mübahisələr sosial məhkəmələrin yurisdiksiyasına aid olur. Yuxarıdakılardan göründüyü kimi, xidməti tələbat halları üçün könüllü sığorta fərdi sığortanın digər sahələri ilə müqayisədə bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir.

Fərdi sığortanın əhəmiyyəti

Sığorta vacib iqtisadi vəzifələri yerinə yetirir. Mikroiqtisadi səviyyədə onun funksiyası özəl ev təsərrüfatları və ayrı-ayrı müəssisələrin fəaliyyəti üçün zəruri olan təminatın verilməsindən ibarətdir. Bütün iqtisadiyyat miqyasında sığorta ictimai istehsal prosesinin maneəsiz olaraq həyata keçirilməsinə şərait yaradır.

Fərdi sığortanın mikroiqtisadi səviyyədə əhəmiyyəti

İqtisadi fəaliyyət göstərən müxtəlif təsərrüfat subyektləri və müəssissələr müəyyən üstünlüklər əldə etmək, nəticə etibarı ilə onlara təklif olunan sığortadan faydalanamq üçün sığorta müqaviləsi bağlayırlar. Bazarda təklif olunan sığorta müdafiəsinin, maddi xidmətdə olduğu kimi öz dəyər qiyməti vardır. Bu, sığortalıların maliyyə sabitliyini təmin edən çox vacib bir məhsuldur. Belə ki, bu halda gəlirlərin azalması, yaxud maliyyə vəziyyətinin pisləşməsi riski sığortaçının üzərinə qoyulur. Fizki və hüquqi şəxslər sığorta vasitəsi ilə müstəqil surətdə və vaxtlı-vaxtında risk dərəcəsinin azaldılması üzrə imkan əldə edirlər. Halbuki, onun baş verməsi ilə mövcud əmanətlər və ehtiyatlarla təminat almamış zərərlərin baş verməsinə gətirib çıxara bilərdi. Bundan əlavə, risklərin baş verməsi halları üçün daimi olaraq maliyyə resurslarının hazır vəziyyətdə saxlanması sığorta müqaviləsi bağlamaqdan baha başa gəlir.

Fiziki və hüquqi şəxslər üçün son dərəcə böyük rol oynadığından, sığorta müqaviləsinin bağlanması və aparılması maksimum dərəcədə müştərilərin maraqlarına yönəldilməlidir.

Riskin transfer edilməsi

Sığorta müqaviləsi bağlayaraq, özəl təsərrüfat subyektləri və müəssisələr müəyyən riskləri sığortaçıya ötürürlər. Ona görə də, sığortanın əhəmiyyəti, ilk növbədə, riskin azaldılmasından, yaxud onun ümumiyyətlə, aradan qaldırılmasından və sığortalının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

Sığortanın sayəsində risklər müəssisələr üçün hesablanan həcmdə olur. Özünün dəyər ifadəsini ödənilmiş sığorta haqqında taparaq, risklər istehsalçılar tərəfindən xərclərə, daha doğrusu, istehsal olunan məhsulun qiymətinə daxil edilir. Müəssisələr üçün təhlükə törədən risklərin sığorta vasitəsilə azaldılması müəssisənin menecerinə sığortalanmayan risklərə diqqət yetirmək imkanı verir. Məsələn, müəssisənin istehsal etdiyi məhsulun satış şəraitinin pisləşməsini bu cür risklərə aid etmək olar.

Zərərin əvəzinin ödənilməsi funksiyası

Sığorta hadisəsi baş verdikdə, sığortalıya, dəymiş zərərin mənfi iqtisadi nəticələrini aradan qaldırmağa kifayət edən vəsait ödənilir. Beləliklə, sığorta vasitəsilə fiziki və hüquqi şəxslərin sığorta hadisəsi baş verən anadək olan maddi vəziyyəti bərpa olunur.

Nümunələr:

  • Əmlak sığortası müqaviləsi üzrə sığortaçı yanmış binanın rekonstruksiyası üçün, habelə zərər dəymiş, yaxud oğurlanmış predmetlərin əvəzinə yeni malların alınması məqsədilə pul vəsaiti ödəyir.
  • Məsuliyyət sığortası müqaviləsi üzrə sığortalı onun tərəfindən üçüncü şəxslərə vurulmuş zərərin əvəzini ödəmək məsuliyyətindən azad olunur. Bu məsuliyyət sığortaçının üzərinə düşür.
  • Birgə təsərrüfat iştirakçılarından birinin, yaxud bir neçəsinin həyat sığortası müqaviləsi üzrə sığorta hadisəsi baş verdikdə, sığortaçı əmlakla əlaqədar vərəsəlik iddialarının təmin edilməsi üçün vəsait ödəyir və bununla həm də onun iflasa uğramasının qarşısını alır.

Maliyyələşdirmə imkanlarının yaxşılaşdırılması

Bank kreditləri alarkən xüsusi təsərrüfat subyektləri və müəssisələr, bir qayda olaraq, müəyyən təminat qoymalıdırlar. İnşanın maliyyələşdirilməsi, yaxud alınma məqsədilə kredit götürülən həmin obyektlərin özü, məsələn, bina yaxud avtomobil təminat kimi (girov) qoyula bilər, bu şərtlə ki, onlar müvafiq qaydada sığortalan-mış olsunlar. Beləliklə, sığortalanma kredit vəsaitlərinin alınması üçün zəruri şərtdir. Fiziki şəxslərə kredit verilərkən, kredit alanın həyat sığortası müqaviləsinə malik olması ən mükəmməl təminat hesab olunur. Müəssisələr maliyyələşdirilər-kən banklar ilk növbədə onların kreditqabiliyyətliliyini qiymətləndirirlər.Yalnız mükəmməl sığorta təminatı olduğu təqdirdə, müəssisə kreditqabiliyyətli hesab olunur.

Fərdi sığortanın makroiqtisadi səviyyədə əhəmiyyəti

Sığorta istehsalat və ticarətlə bərabər təkrar ictimai istehsalda da mühüm yer tutur. Sığorta xidmətlərinin göstərilməsi yalnız özəl təsərrüfat işlərinin aparılmasına və ayrı-ayrı müəssisələrin fəaliyyətinə deyil, bütövlükdə bütün iqtisadiyyata müsbət təsir edir.

Təkrar ictimai istehsal prosesinin fasiləsizliyinin təmin edilməsi

Sığorta sayəsində, bir qayda olaraq, zərərin yayılması və genişləndirilməsi ərazisinin məhdudlaşdırılması və onun digər şəxslər və müəssisələrə neqativ təsir göstərməsinin qarşısının alınması mümkün olur. Bununla ilkin zərərin lokallaşdırılması baş verir və o, digər təsərrüfat vahidlərini əhatə etmir. Ona görə də, demək olar ki, sığorta hadisəsi baş verdikdə, sığorta təkrar istehsal prosesinin davam etdirilməsini təmin edir.

Məsələn, sənaye müəssisəsində sığortalanmamış risk baş verdikdə, bu həmin müəssisənin kreditorlar, təchizatçılar və məhsul istehlakçıları ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Yalnız bu müəssisədə deyil,  həm də digər əlaqədar müəssisələrdə iş yerləri təhlükəyə məruz qala bilər.

Əgər müəssisə müəyyən bir riskin baş verməsinə görə sığortalanmışdırsa, onda zərər də onun üzərində cəmlənir. Bununla belə, sığorta bütövlükdə bütün iqtisadiyyatın sabitliyini artırır və təkrar istehsal prosesinin həyata keçirilməsi üçün şərait yaradır.

Dövlətin əlavə xərclərdən azad olması

Sığorta dövləti və bütövlükdə cəmiyyəti sığorta hadisələri üzrə dövlət büdcəsindən ödənişlər verməkdən azad edir. Məhz buna görə də o, normal sığorta fəaliyyətində maraqlıdır, əks təqdirdə, dövlət tez-tez istehsalat prosesinin pozulmaması və əmək bazarında şəraitin yaxşılaşdırılması üçün iqtisadi proseslərə qarışmalı olardı. Bir çox dövlət tədbirləri sığorta işinin inkişaf etdirilməsinə və iqtisadiyyatda sabitliyin bərqərar olunmasına yönəldilmişdir. Həm də, qəbul olunmuş qanuna görə sığorta haqları sığorta şirkətlərinin məhsullarının maya dəyərinə daxil edilmişdir ki, bu da vergiyə cəlb olunan bazanı aşağı salır. Bundan başqa, qanunla icbari formada sığortalanmalı olan risklərin siyahısı müəyyən edilmişdir.

İnvestisiya vəsaitlərinin akkumulasiyası

Sığorta şirkətləri öz fəaliyyətləri prosesində sığorta haqlarından xeyli pul vəsaiti toplamağa nail olurlar. Sığorta haqları sığorta xidmətlərinin göstərilməsindən əvvəl ödənildiyinə və həyat sığortasında yığım və sığorta, ümumiyyətlə, bir-biri ilə sıx bağlı olduğundan, sığorta şirkətlərinin əlində, sonradan onların investisiyaya yönəldilməsi üçün böyük vəsaitlər cəmlənir. Onlar daha çox borc öhdəlikləri əsasında kreditlərin verilməsində, qiymətli kağızların və torpaq sahələrinin alınmasında istifadə olunur. Həmin vəsaitlər əsasında mənzil tikintisi, sənaye və dövlətin maliyyələşdirilməsi həyata keçirilir. Bununla, sığorta şirkətləri iqtisadiyyatın inkişafına və milli gəlirin artmasına kömək edirlər.

Sığorta təşkilatlarının investisiya fəaliyyətinin iqtisadi nəticələri

  • Ümumi investisiya fəallığının stimullaşdırılması;
  • Yeni iş yerlərinin yaradılması;
  • Mal və xidmətlərə tələbatın artması;
  • Milli gəlirin artması

Elmi-texniki tərəqqinin inkişafının stimullaşdırılması

Sığorta elmi-texniki tərəqqini və yeni istehsal texnologiyasına keçidi stimullaşdırır. O, yeni işlərlə əlaqədar riskləri öz üzərinə götürür və beləliklə, iqtisadiyyatda çox gözəl investisiya iqliminin saxlanmasına şərait yaradır. Bir sıra texniki layihələrin, məsələn, müasir energetika qurğularının istismarı, avtomobil və hava nəqliyyatının inkişafı və digər layihələrin həyata keçirilməsi, bütövlükdə müvafiq sığorta təminatı olmadan mümkün olmazdı.

Sığortanın sosial funksiyası

Nəhayət, məsuliyyət sığortası vasitəsilə zərər çəkmiş üçüncü şəxslərin mənafeyinin müdafiəsi böyük sosial əhəmiyyət kəsb edir. Əksər hallarda, yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlər, yaxud digər zərərə məruz qalan şəxslər sığorta olmasaydı, zərər vuranlara qarşı öz iddialarını təmin edə bilməzdilər. Ona görə də, mülki məsuliyyətin sığortası eyni dərəcədə həm zərərvuranı müdafiə edir və onu ödənişin verilməsi ilə bağlı üçüncü şəxsin iddiasını təmin etmək məsuliyyətindən azad edir, həm də, zərərçəkənə dəyən zərər və itkilərin əvəzini ödəyərək, zərərvuranın adından onu qane edir. Bununla əlaqədar olaraq, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortasını xatırlamaq çox vacibdir. Bu sığorta avtomobil sahibləri üçün icbari xarakter daşıyır və yol-nəqliyyat hadisələrində zərərçəkənlərin mənafeyinin müdafiə edilməsini nəzərdə tutur.

Nəticələr

Sığortanın əhəmiyyəti

Mikroiqtisadi səviyyədə Makroiqtisadi səviyyədə
· Sığorta fiziki və hüquqi şəxslərin məruz qaldığı riskləri öz üzərinə götürür.

· Sığortalılara dəyən zərərə görə sığorta təminatı verir.

· Kredit alan sığorta təminatı ilə əhatə olunduqda, maliyyələşmə asanlaşır.

· Sığorta xalq təsərrüfatında təkrar ictimai istehsalın fasiləsizliyinin təmin olunmasına kömək edir.

· Dövləti əlavə xərclərdən azad edir.

· Dövlətin və iqtisadi fəaliyyətin maliyyələşdirilməsini həyata keçirir.

· Elmi-texniki tərəqqinin sürətlənməsinə kömək edir.

· Mülki məsuliyyət sığortası zərərçəkənlərin mənafeyinin müdafiəsini təmin edir.

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

Yazının 2-ci hissəsini buradan oxuya bilərsiniz

____________

Müəllif:

Şükür Hüseynov

Sığorta üzrə ekspert, təlimçi

DİQQƏT !!!

YAZINI FAYDALI VƏ DƏYƏRLİ HESAB EDİRSİNİZSƏ ADMİNİMİZ ÜÇÜN BAŞLADILAN TƏHSİL KAMPANİYASINA DƏSTƏK OLMANIZI VƏ YA ƏN AZINDAN FACEBOOK VASİTƏSİLƏ PAYLAŞMANIZI XAHİŞ EDİRİK !
LİNK BURADA

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir