Podrat Müqaviləsi nədir? + Nümunəvi forma

Mülki Məcəlləyə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

Muzd barəsində razılaşma

Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.

Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.

Təqribi smetadan kənaraçıxmanın nəticələri

Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir.

Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.

İşi şəxsən yerinə yetirmək vəzifəsi

Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

Sifarişçinin zərərin əvəzini ödəmək vəzifəsi

Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir.

Podratçının hazırladığı daşınar əşyaya girov hüququ

Əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər.

Tikinti aparılan torpaq sahəsinə ipoteka hüququ

Əgər müqavilənin predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə, podratçı müqavilədən irəli gələn tələblərinə əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər.

Podrat müqaviləsinin ləğvi

Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi

Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi

Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

Qüsurlar olduqda əlavə icra tələbi

Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi

Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina

Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

Məmulatın qüsuru nəticəsində muzdun azaldılması

Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

İşin podratçının materialları ilə icra edilməsi

Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır.

Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur.

Podratçının sifarişçini vaxtında xəbərdar etmək vəzifəsi

Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur:

  • sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;
  • sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda;
  • podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda.

Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər.

Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi

Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

Yerinə yetirilmiş işin qəbul edilməsi

Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Sifarişçinin əmlakının məhv olması üçün podratçının məsuliyyəti

Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.

Podratçının riski

Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.

Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür.

Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri

Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

Qarantiya müddəti

Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur.

Podratçının əşyanın qüsurunu bilərəkdən gizlətməsinin nəticələri

Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz.

Podrat müqaviləsi üzrə iddia müddəti

Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

____________

www.huquqsunas.az tərəfindən Mülki Məcəllənin tələblərinə əsasən hazırlanmış nümunəvi podrat müqaviləsi formasını buradan yükləyə bilərsiniz.

____________

Mülki Məcəlləni buradan yükləyə bilərsiniz.

şəklin mənbəsi: www.unitedlex.com

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir