SIĞORTANIN ƏSASLARI – 2-ci yazı

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

Risk-menecment

Riskin baş vermə dərəcəsinin aşağı salınmasını təmin edən planlaşdırma, bu yönümdə tədbirlərin həyata keçirilməsi və onların həyata keçirilməsi üzərində nəzarət risk-menecment adlanır. Bu termin riskin idarə edilməsini, yəni onun müəyyən edilməsi və sonradan aradan qaldırılması ilə əlaqədar tədbirlər kompleksini nəzərdə tutur.

Şəxsi həyatda risk-menecment fərdi təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin bir elementidir. Müəssisələrdə isə bu idarəetmə orqanlarının, yaxud xüsusi şöbələrin bir vəzifəsinə çevrilir. Burada vacib olan budur ki, təhlükəsizliyin təmin edilməsi bütün müəssisənin və onun əməkdaşlarının məqsədinə çevrilmiş olsun.

Risk-menecment təhlükələrin və onların baş verməsinin dərk olunmasına əsaslanır. Müvafiq qarşısıalınma tədbirləri hər bir risk üzrə ayrı-ayrılıqda təhlil olunur və işlənib hazırlanır.

Təhlükələr

Təhlükə dedikdə, iqtisadi zərər və itkilərin baş verməsinin mümkünlüyü başa düşülür. O, təhlükəsizliyin təhlükəyə məruz qalmasını nəzərdə tutur. Bəzən “təhlükə” sözünü mənaca çox yaxın olan “risk” sözü ilə əvəz edirlər.

Təhlükələr çox müxtəlif olurlar. Onlar əmlak zərərlərinin baş verməsinə gətirib çıxara, insanların xəstələnməsi və ölümünə səbəb ola bilər, yol verilmiş diqqətsizlik və səhlənkarlıq nəticəsində digər şəxslərə vurulmuş zərərə görə ödənişlərin verilməsi zərurətini yarada bilər.

Fiziki şəxslər və fərdi təsərrüfatla məşğul olanlar, iqtisadi fəaliyyətlə məşğul olan müəssisələrlə müqayisədə tam fərqli risklərə məruz qalırlar. Baxmayaraq ki, hər iki tərəf üçün maddi və əmlakla bağlı zərər və itkilər riski mövcuddur. Lakin müəssisə bununla bərabər, həm də xüsusi olaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar risklərə məruz qala bilirlər. Bu, özünü daha çox iqtisadi durumun dəyişməsi nəticəsində konyunkturanın dəyişkən olmasında, satış bazarında dəyişikliklər və müştərilərin davranışı ilə əlaqədar zərər və itkilərin baş verməsində göstərir.

Sahibkarlıq fəaliyyəti ilə əlaqədar risklər

Baş vermə səbəblərindən asılı olaraq riskləri iki qrupa bölürlər:

Subyektiv risklər, başqa sözlə, bilavasitə insanların münasibəti ilə şərtlənən risklər. Məsələn: yandırma, yüngül, qeyri-ciddi hərəkət, qaynaq işləri, avtomobilin ehtiyatsız idarə edilməsi.

Obyektiv risklər, başqa sözlə, baş verməsi bir qayda olaraq, insanların davranışından asılı olmur. Məsələn: ildırım vurması, təbii fəlakət, və s.

Zərər

Ciddi təhlükələr zərərin baş verməsinə gətirib çıxarır. Beləliklə, zərər – təhlükələrin konkretləşməsi və həyata keçməsidir. Zərər özünü maddi zərər formasında büruzə verdiyi kimi, qeyri-maddi zərər formasında da büruzə verə bilər. Maddi zərər zərərçəkənin məruz qaldığı bilavasitə zərər və itkilərdir. Məsələn, əmlakın itirilməsi, məsrəflərin yaranması buna aid edilə bilər. Qeyri-maddi zərər bilavasitə zərərçəkənin əmlak vəziyyətinə təsir göstərmir. Buna misal olaraq, bədbəxt hadisələrdən sonra ağrıların yaranmasını, yaxın qohumun itirilməsini və s. göstərmək olar.

Maddi zərər fiziki şəxsə, əşyaya, yaxud, ümumilikdə maddi vəziyyətə vurula bilər. Bununla əlaqədar olaraq, zərərləri şəxsi zərər, əmlak zərəri və maddi zərər adı altında üç qrupa bölürlər.

Şəxsi zərər Əmlak zərəri Maddi zərər
Fiziki şəxsin yaralanması və ya ölümü Əmlakın itməsi, ona zərər dəyməsi və ya onun məhv olması Bütövlükdə maddi rifaha aid edilir. (məsələn, vəkilin, yaxud notariusun düzgün olmayan məsləhəti nəticəsində yaranan maddi zərər)

Maddi zərər zərərçəkənin maddi rifahında iki şəkildə öz əksini tapa bilər:

Əvvəlcədən görünməyən xərclərdə Gəlir mənbəyinin itirilməsində
– yeni ev əmlakı aldıqda;

– avtomobilin təmirində;

– həkim xidmətinə görə haqqın verilməsində və xəstəxanada olmaya görə

– ailə başçısının ölümü ilə əlaqədar;

– peşə yararsızlığı baş verdikdə;

– iş itirildikdə

Riskin təhlili və idarə edilməsi

Mövcud risklərin sayının çoxluğu və onların baş verməsi nəticəsində yaranan zərər və itkilərlə əlaqədar olaraq, həmin risklərin qarşısının alınması böyük əhəmiyyət kəsb edir. Təhlükəsizliyin yüksəldilməsi üzrə həyata keçirilən istənilən tədbirin ilkin şərti risklərin (təhlükələrin) vaxtlı-vaxtında müəyyən edilməsidir. Məsələn, qarşıda təhlükələrin mövcud olması haqqında xəbərdarlıq edən yol işarələri bu məqsədə xidmət edir.

Zərərlərin qarşısının alınması vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu məqsədlə, yol hərəkəti qaydaları, yanğın təhlükəsizliyi normaları, sanitar-gigiyena normaları, kiçik sahibkarlıq fəaliyyətini tənzim edən əsasnamələr və digər müxtəlif qanunvericilik aktları dərc olunur.

Təkcə dövlət deyil, hər hansı xüsusi şəxs və müəssisə də risklərin baş verməsinin qarşısının alınması üçün tədbirlərin görülməsində maraqlıdır. Risk-menecment müəssisələrdə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sənayeləşdirmə və elmi-texniki tərəqqi həmişə yeni-yeni təhlükə mənbələri yaradır.

Risklərin idarə edilməsi prosesi üç mərhəlkədən ibarətdir:

  • Risklərin təhlil edilməsi;
  • Risklərin idarə edilməsi;
  • Risklərə nəzarət olunması

Risklərin təhlil edilməsi

Risklərin idarə edilməsi həmişə onların təhlilindən başlanır. Müəssisənin sahibi əvvəlcə onun müəssisəsini, evini, habelə onun özünü və ailəsini hansı təhlükələrin gözlədiyini aydınlaşdırmalıdır.

Risklərin təhlil edilməsi prosesi də, öz növbəsində, üç mərhələyə bölünür:

Yalnız risklərin səbəblərini bilməklə, onları uğurla idarə etmək və təhlükələrin qarşısını almaq mümkündür. Bizim nümunədə xarrat emalatxanasının sahibi sistematik olaraq onun müəssisəsinin məruz qala biləcəyi təhlükələri üzə çıxarmalıdır. Burada aşağıdakı hadisələrin baş verməsini təsəvvür etmək olar:

  • Yanğın müddətində bina və binanın içərisində, ağac-yonma materialları da daxil olmaqla, emalatxananın bütün avadanlıqları yanır;
  • Qiymətli mebel oğurlanır;
  • Güclü külək emalatxananın damını atır, yağış suları bütün ağac materiallarını isladır və o, yararsız hala düşür;
  • Gözlənilmədən qiymətli avadanlıq sıradan çıxır;
  • İri topdansatış alıcı iflasa uğrayır və ödənişi həyata keçirə bilmir.

Risklərin təhlili yalnız mümkün təhlükələrin üzə çıxarılmasını deyil, həm də onların bütün istehsalat prosesi üçün qiymətləndirilməsini əhatə edir. Ona görə də, bu halda risklərin qiymətləndirilməsindən danışırlar. Risklərin qiymətləndirilməsi üçün iki üsuldan istifadə olunur.

Qayıdaq xarrat emalatxanasının sahibi ilə əlaqədar misalın üzərinə.

Əvvəlcə cənab Müller bu və ya digər hadisənin tez-tezmi baş verməsi haqqında suala cavab verməlidir. Məsələn, onun emalatxanasında yanğın hadisəsi tez-tezmi baş vermişdir? Vacib avadanlıqlar tez-tezmi sıradan çıxmışdır? Təkrar oğurluq hadisələri baş vermişdirmi?

Bundan əlavə, zərərin həcmi son dərəcə böyük rol oynayır.

Təhlükələrin təsəvvür olunan baş vermə səviyyəsinə görə bütün riskləri üç sinfə bölmək olar:

  • Bu və ya digər obyektin əsasının mövcudluğunun məhvinə səbəb ola bilən təhlükələr (məsələn, müəssisənin yanğın nəticəsində tam məhv olması);
  • Bu və ya digər obyektin əsasının mövcudluğunu təhlükəyə məruz qoya bilən təhlükələr (məsələn, avadanlığın sıradan çıxması və yaxud əsas müştərinin itirilməsi);
  • Bu və ya digər obyektin mövcudluğuna təsir göstərməyən təhlükələr (məsələn, küləyin sındırdığı pəncərə).

Zərərin həcmi itirilmiş, yaxud xarab olmuş avadanlıq və materialların əvəzinə alınmış yeni avadanlıq, material və s. dəyəri ilə, habelə müəssisənin itirilmiş mənfəətinin səviyyəsi ilə müəyyənləşdirilir.

Təhlil çərçivəsində risklərin müəyyən edilməsi və qiymətləndirilməsi ilə yanaşı, həm də təhlükələrin səbəblərini müəyyənləşdirmək də zəruridir. Təhlükənin səbəbləri müəssisənin özünə aid olan daxili amillərlə əlaqədar olduğu kimi, müəssisəxarici amillərlə də bağlı ola bilər. Birinci qrupa istehsalın təşkilində yol verilmiş səhvlər, həmin səhvlərin işçilər tərəfindən kifayət qədər dərk olunmaması, və yaxud zəruri yanğındanmüdafiə vasitələrinin olmaması səbəbindən yaranan təhlükələr daxildir. Ikinci qrupa təbii fəalkətlər, yaxud müəssisə üçün vacib olan sifarişçilərin ödənişqabiliyyətsizliyi ilə əlaqədar risklər daxildir.

Risklərin idarə edilməsi

Risklərin idarə edilməsində ən mühüm vəzifələrdən biri risklərin təhlili mərhələ-sindən sonra onların idarə edilməsidir. Bu məqsədlə müvafiq qərarlar qəbul etmək, zəruri tədbirlər görmək və onların gedişinə nəzarət edilməsini həyata keçirmək lazımdır. Nəticə etibarı ilə risklərin idarə edilməsi prosesi üç məqamı əhatə edir:

Bizim nümunədə xarrat sexinin sahibi risklərin təhlil edilməsi yolu ilə şəraiti ətraflı öyrənərək, müxtəlif addımlar ata bilər. Onun aşağıdakı imkanları vardır:

  • O, riski öz üzərinə götürə bilər;
  • Riskdən qurtulmağa, yaxud onu azaltmağa cəhd göstərə bilər;
  • Riski digər obyektə ötürə bilər.

Sahibkarlar və fərdi şəxslər onlar üçün təhlükə doğuracaq risklərdən qurtulmaq, yaxud onların miqyasını azaltmaq üçün heç bir tədbir görmədən həmin riskləri öz üzərlərinə götürə bilər, yaxud onları digər obyektlərə ötürə bilərlər. Bu qərarın əsasında o inam dayanır ki, təhlükələr onlardan yan keçəcək, yaxud risk baş verdiyi halda belə onların mövcudluğunun maliyyə əsaslarını sarsıtmayacaqdır.

Lakin onlar son dərəcə nadir hallarda bu cür hərəkət edirlər. Axı hamıya məlumdur ki, bütöv bir müəssisədə olduğu kimi, xüsusi mənzildə də hər an yanğın, yaxud təbii fəalkət nəticəsində tamamilə alt-üst ola bilər.

Buna alternativ müəyyən təhlükələrin qarşısının alınması, yaxud zərərin həcminin azaldılması üçün təhlükəsizlik tədbirlərinin görülməsidir. Belə ki, həm insan həyatı, həm də hər hansı iqtisadi fəaliyyət labüd surətdə təhlükələrlə əlaqədardır və bütün risklərdən yaxa qurtarmaq heç də həmişə mümkün olmur. Ən yaxşı halda yalnız bəzi sahələrdə risklərdən qurtulmaqdan söhbət gedə bilər. Qarşısıalınma tədbirləri həm risklərin baş vermə anınadək, həm də onların həcmini azaltmaq məqsədilə risklər baş verdikdən sonra belə həyata keçirilə bilər.

Müvafiq qaydada müqavilələrin bağlanması yolu ilə risklərin digər obyektlərə ötürülməsi ilk növbədə həmin risklərin qarşısının alınması tədbirlərinə aid edilə bilər.

Riskləri həyatdan tamamilə çıxarmaq mümkün olmadığından, risk dərəcəsinin isə, ən yaxşı halda qismən azaldılması mümkün olduğuna görə risk-menecment çərçivəsində qarşısıalınma tədbirlərinin görülməsi yolu ilə maliyyə itkilərindən müdafiə son dərəcccə mühüm əhəmiyyət kəsb edir.

Bir çox hallarda müəssisə və təşkilatlar müxtəlif qarşısıalınma tədbirlərinin birləşdirilməsinə üstünlük verirlər. Belə ki, bir tərəfdən, müəssisələr zəruri yanğın təhlükəsizliyi tədbirləri görür, bədbəxt hadisələr üzrə təhlükələrin azaldılması və sındırmaqla oğurluq hallarının qarşısının alınması üçün müəyyən addımlar atırlar. Digər tərəfdən, onlar həmin risklərə qarşı sığorta müqavilələri bağlayırlar. Bununla belə, müəssisə sığorta haqlarından qənaət etmək məqsədilə risklərin bir hissəsini öz üzərinə götürə bilərlər. Bu halda onlar lazımi sığorta ehtiyatları yaratmalıdırlar ki, zərərlə nəticələnən hadisələr baş verdikdə, zərər və itkilərin əvəzini ödəməyə qadir olsunlar.

Nəticələr

  1. Nəticələr:
  • Öncədən görünməyən xərclər;
  • Gəlir mənbələrinin itirilməsi;
  • Qarşısıalınma tədbirlərinin həyata keçirilməsi zərurəti
  1. Qarşısıalınma tədbirlərinin subyektləri kimi çıxış edirlər:

dövlət, fiziki şəxslər, müəssisələr.

  1. Risk-menecmentin yolu:
    • Risklərin müəyyən edilməsi;
    • Risklərin qarşısının alınması;
    • Riskin dərəcəsinin aşağı salınması;
    • Risklərin sığortaçılara ötürülməsi (sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalının maliyyə təminatı).
  2. Hər bir konkret hadisənin səciyyəvi xüsusiyyətləri nəzər alınmaqla müxtəlif tədbirlərin uzlaşdırılması

Risklərin maliyyə müdafiəsi

Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, təhlükələrin baş verməsinin və nəticə etibarı ilə zərər və itkilərin yaranmasının qarşısını almaq əslində mümkün deyildir. Ona görə də, xüsusi təsərrüfat subyektləri əvvəlcədən özlərini müxtəlif risklərdən qorumaq və onların arzu olunmayan iqtisadi nəticələrini tam, yaxud qismən kompensasiya etmək qayğısına qalmalıdırlar. Bu məqsədə müxtəlif yollarla nail olmaq mümkündür. Bu və ya digər variantı həyata keçirən subyektlərdən və təminatın şərtlərindən asılı olaraq, maliyyə müdafiəsində aşağıdakı imkanlar mövcuddur:

  • Dövlət tərəfindən maliyyə təminatı;
  • Maliyyə özünütəminatı;
  • Sığorta

Dövlət sığorta proqramları

Əksər ölkələrdə müəyyən risklər baş verdikdə, zərərçəkənlərə dövlət tərəfindən yardım göstərilir. Lakin bu cür hadisələrin sayı çox məhdudlaşdırılmışdır. Hazırda bazar iqtisadiyyatının ümumi prinsiplərinə uyğun olaraq, risklərin qarşısının alınması vətəndaşların şəxsi vəzifələrindən birinə çevrilmişdir. Vergi ödəyicilərinin vəsaitlərindən yalnız müstəsna hallarda bu məqsədlərlə istifadə oluna bilər. Belə ki, bir çox ölkələrdə təbii fəlakətlər baş verdikdə, zərərçəkənlərə yardım etmək məqsədilə dövlət proqramları mövcuddur. Bununla bərabər, dövlət səviyyəsində sosial-siyasi məsələlərin həll edilməsi məqsədilə sığorta və xüsusi olaraq, sosial sığorta kimi bir alətdən istifadə olunur.

Aşağıda fiziki şəxslərə, xüsusi ev təsərrüfatlarına və müəssisələrə göstərilən dövlət yardımının əsas növləri verilir:

Maliyyə yardımı –  Özəl sahibkarlığın inkişaf etdirilməsi məqsədilə qaytarılmamaq şərtilə kredit, zəmanət və pul şəklində verilir.

Maddi təminat – İşəgötürənlərin və işçilərinin sosial təminatı üzrə vəzifələri çərçivəsində müəyyən kateqoriyadan olan şəxslərə (dövlət xadimlərinə, hərbiçilərə, müharibədə zərər çəkmiş şəxslərə) pul vəsaiti ödənilir.

Sosial yardım – Ağır maddi vəziyyətə düşmüş şəxslərə dövlət səviyyəsində göstərilən yardım. Lakin nəzərə almaq lazımdır ki, belə ağır vəziyyətə düşmüş şəxslər bu cür vəziyyətdən müstəqil surətdə çıxmaq üçün xüsusi vəsaitlərə malik olmamalıdırlar.

Dövlət yardımları, bir qayda olaraq, qanunla müəyyən olunmuş obyektiv əsaslar olduqda verilir.

Özünü təminat

Xüsusi şəxslərin və ev təsərrüfatlarının ən sadə fərdi maddi təminat forması yığımdır. Xərclərdən müəyyən qədər imtina etmək və pulları yığmaqla, gələcəkdə istifadə etmək məqsədilə vəsait toplamaq olar. Lakin bu cür yığım heç bir halda müəyyən hadisələrin baş verməsi anında ödənilməsi nəzərdə tutulan sığorta təminatını əvəz edə bilməz. Əmanət pullar tədricən yığılır və müəyyən zaman kəsiyində yığılan pullar kifayət qədər olmur. Lakin zərər və itkilərlə bağlı xərcləri ödəmək üçün pullara olan tələbat gözlənilmədən və istənilən vaxt yarana bilər.

Eləcə də, müəssisələr ehtiyatlar yaratmaq yolu ilə zərər və itkilərin iqtisadi nəticələrini aradan qaldıra bilməzlər. İqtisadi baxımdan bu cür yol qəbuledilməzdir. Belə ki, hər bir konkret hadisə üzrə ehtimal olunan zərərin həcmini hesablamaq mümkün deyildir. Bundan əlavə, bu məqsədlər üçün ehtiyatların yaradılması vəsaitlərin qeyri-rasional istifadə edilməsi demək olardı, hansı ki, müəyyən şəraitlərdə onlar istifadəsiz qala bilər.

Buna baxmayaraq, fərdi yığım və müəssisələr tərəfindən ehtiyatların yaradılması sığorta ilə bərabər, riskin baş verməsi hallarında zəruri maddi təminat sisteminə çevrilir. Məsələ burasındadır ki, heç də fiziki və hüquqi şəxslər üçün təhlükə törədən bütün risklər sığorta təminatı ilə əhatə olıunmur. Məsələn, sahibkarlıq fəaliyyəti ilə bağlı risklər, ümumiyyətlə, qismən sığortalanır. Müxtəlif avadanlıq, paltar yaxud avtomobillərin və bu qəbildən olan digər köhnəlmiş əşyaların dəyişdirilməsi, yaxud yeniləşdirilməsi sığorta müdafiəsi ilə əhatə olunmur.

Əgər sığortalı şüurlu surətdə mümkün zərərə qarşı sığorta təminatından tam həcmdə imtina edərsə, onda o, müvafiq xüsusi vəsaitlərə malik olmalıdır. Nəqliyyat sığortasında, yaxud tibbi sığortada sığorta müqaviləsinə azadolma məbləği tətbiq edildikdə, daha aşağı sığorta tarifi tətbiq edilir. Lakin bununla belə, sığorta hadisəsi baş verdikdə, sığortalanmayan zərərin ödənilməsi məsuliyyəti sığortalının üzərinə düşür.

Risklərin sığortalanması

Mümkün zərər və itkilərin baş verməsinə qarşı ən yaxşı və ona görə də, ən geniş yayılmış maliyyə təminatı aləti sığortadır. Sığortanın ayrı-ayrı sahələri yanğın, sındırmaqla oğurluq, tufan, dolu, xəstəlik, işsizlik, yaxud ölüm kimi hadisələr baş verdikdə, sığorta müdafiəsinə təminat verirlər. Sığorta təminatının həcmi qanun, yaxud konkret sığorta müqaviləsinin şərtləri ilə müəyyən olunur.

Sığorta ödənişləri üçün vəsait sığortalılar tərəfindən ödənilən sığorta haqları hesabına formalaşdırılır. Buradan belə çıxır ki, sığorta ilə əlaqədar bütün xərclər sığortalıların ödədikləri müvafiq sığorta haqları ilə bağlanmalıdır. Məhz maliyyələşdirmənin bu prinsipi sığortanın əsasını təşkil edir.

Sığorta yığımdan və ehtiyatların yaradılmasından onunla fərqlənir ki, sığorta ödənişlərinin həcmi ayrı-ayrı müqavilələr üzrə yığılan məbləğlərlə məhdudlaşmır. Sığortalama zamanı risklərin çoxsaylı sığortalılar arasında yenidən bölüşdürülməsi baş verir.

Sığorta həm də maddi təminatdan fərqlənir. Əgər pul mavinatı ciddi şəkildə müəyyənləşdirilmiş məhdud şəxslər dairəsində verilərək, onların ən başlıca tələbatlarının ödənilməsinə hesablanmışdırsa, sığorta, zərərlərin tam həcmdə ödənilməsinə təminat verir.

Sığorta dövlət sosial yardımından həm də onunla fərqlənir ki, burada sığorta ödənişinin verilməsi iddiaçının yardıma ehtiyacı olub-olmamasından asılı olmayaraq həyata keçirilir.

Sığorta müqaviləsinin qüvvəyə minməsinin lap başlanğıcından sığortalıya tam sığorta təminatı verilir. Sığorta haqqının ödənilməsi faktı ona müqavilədə göstərilən həcmdə sığorta təminatı almaq hüququ verir. Bu halda konkret sığorta hadisəsinə görə sığorta ödənişlərinin toplanmış sığorta haqları ilə əlaqələndirilməsinin heç bir əhəmiyyəti yoxdur.

Sığorta fəaliyyəti iki istiqamətdə həyata keçirilə bilər:

  • Fərdi sığorta kimi. Bu, iqtisadiyyatın müstəqil bir sahəsidir və sığorta ödənişləri ilə sığorta haqlarının ekvivalentliyinə əsaslanır.
  • Sosial sığorta kimi. Bu, dövlətin sosial siyasətinin tərkib hissəsini təşkil edir və kollektiv məsuliyyət prinsipi üzərində qurulur. Sosial sığorta cəmiyyətdə sosial bərabərsizliyn ləğv olunmasına və əhalinin minimum həyat səviyyəsinin təmin olunmasına yönəldilmişdir.

Sığorta anlayışı

 Sığorta üçün aşağıdakılar səciyyəvidir:

  1. Sığorta sığortalının pula olan tələbatını ödəyir;
  2. Bu tələbatın həcmi qeyri-müəyyəndir, lakin onu qiymətləndirmək mümkündür;
  3. Sığorta vasitəsi ilə bütün xalq təsərrüfatı miqyasında risklərin tənzim edilməsi baş verir.

A) Pul tələbatının ödənilməsi

Sığortanın əsas vəzifəsi tələbat yarandıqda, sığorta ödənişini həyata keçirmək-dən ibarətdir. Bu cür tələbat təhlükə baş verərkən, sığortaçının müştərisində yaranır və bununla əlaqədar baş qaldıran neqativ iqtisadi nəticələrin aradan qaldırılması zərurəti ilə şərtlənir.

Risklərin baş verməsi nəticəsində yaranan və yalnız pul formasında qiymətləndirilməsi mümkün olan zərər və itkilər sığorta təminatı ilə əhatə olunur. Bütün iqtisadi zərərlər, məsələn, yanğın nəticəsində əmlakın məhv olması bu cür risklərdəndir. Buradan belə çıxır ki, dəyərinin qiymətləndirilməsi üçün obyektiv kriteriyalar olmayan əşyalar, məsələn, ailə fotoşəkilləri, yaxud vəfat etmiş qohumun məktubu və s. sığorta olunmayan əşyalardır.

Sığorta təminatı almış pul tələbatının həcmi müxtəlif üsullarla müəyyənləşdirilə bilər. Bir qayda olaraq, konkret və mücərrəd pul tələbatlarını ayırırlar.

Pula olan tələbat

  • Konkret pul tələbatı – Yalnız baş vermiş zərərin (oğurlanmış əşyaların qiyməti, avtomobilin təmir xərclərinin həcmi, yanmış binanın qiyməti) həcmi ilə müəyyən edilir.
  • Mücərrəd pul tələbatı – Sığortalının özü tərəfindən müəyyən olunur. Məsələn, sığortalı həyat sığortasında sığorta məbləğini, yaxud bədbəxt hadisə sığortasında və tibbi sığortada gündəlik pul müavinətinin həcmini özü müəyyənləşdirir.

B) Pul tələbatının qeyri-müəyyənliyi və həmin tələbatını qiymətləndirilməsi imkanı

Sığorta təminatı ilə əhatə olunan pul tələbatı qeyri-müəyyən olmalıdır. Bu o deməkdir ki, sığorta hadisəsinin baş verib-verməyəcəyi əvvəlcədən məlum olmamalıdır. Başqa sözlə, sığorta hadisəsi təsadüfən baş verməlidir. Təhlükələrin hamı üçün mövcud olmasına baxmayaraq, onların vaxtı və miqyası qeyri-müəyyən olaraq qalır.

Aşağıdakı hadisələr təsadüfi xarakter daşıyır:

  • Onun ümumiyyətlə baş verməsi məlum deyildir, məsələn, dolu düşəcəkmi, yaxud bədbəxt hadisə baş verəcəkmi?
  • Onun baş verəcəyi məlum olsa da belə, hər halda nə vaxt baş verəcəyi qeyri-müəyyəndir. Məsələn, həyat sığortasında sığortalının nə vaxt vəfat edəcəyi məlum deyildir.

Sığorta şirkətləri yalnız o halda sığorta təminatı verə bilərlər ki, həmin təminat üçün nə qədər vəsaitin lazım gəldiyini qiymətləndirə bilsinlər. Ona görə də sığorta haqlarının hesablanması üçün sığorta hadisələrinin statistikasından istifadə olunur.

C) Risklərin tənzim edilməsi

Sığorta işi ona əsaslanır ki, müəyyən təhlükələr bütün fiziki şəxslər, ev təsərrüfatları və müəssisələr üçün mövcuddur, lakin baş verən təhlükəli hadisələr yalnız onlardan bir neçəsinin mənafeyinə toxunur. Ona görə də, risklərin ümumi miqyasda tənzim edilməsindən danışmaq olar. Sığortaçı müvafiq sığorta haqqını qəbul edərək, ayrı-ayrı riskləri öz üzərinə götürür. Bu halda toplanmış sığorta haqlarının ümumi məbləği baş verən zərər və itkilər və işlərin aparılması üzrə xərclərin ödənilməsi üçün kifayət etməlidir. Risklər vaxt baxımından da tənzim edilir. Belə ki, sığorta şirkətləri illik zərərlilik risklərinə təminat vermək üçün sığorta ehtiyatları (zərərlilik riskləri üzrə ehtiyatlar), xüsusi doluvurma və tufan/qasırğa risklərinə qarşı sığortalamalarda sığorta ehtiyatları yaradırlar.

Bir tərəfdən sığortalılar tərəfindən ödənilən, digər tərəfdən sığorta ödənişləri və sığorta şirkətlərinin sığorta fəaliyyəti üzrə xərcləri qarşılıqlı surətdə bir-birini tarazlaşdırmalıdır. Sığorta fəaliyyətinin həyata keçirilməsində bu prinsip bərabərlik (ekvivalentlik) prinsipi adlanır.

Makroiqtisadi səviyyədə risklərin tənzim edilməsi üçün sığorta şirkətləri ehtimal nəzəriyyəsindən istifadə etməklə, hesablanan zərərlərin baş verməsi ehtimalının orta statistik göstəricilərinə istinad edirlər. Bundan başqa, sığorta texnikası risklərin tənzim edilməsində digər alətlərdən də istifadə etməyə imkan verir. Buna misal olaraq, sığorta haqları hesablanarkən əlavələrin tətbiq edilməsini, şərikli sığorta və təkrarsığorta müqavilələrinin bağlanmasını göstərə bilərik. Sığorta müdafiəsinin təmin edilməsi sığorta şirkətləri tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində göstərilən bir xidmətdir. Banklarda olduğu kimi, söhbət maliyyə xidmətlərinin göstərilməsindən gedir. Hüquqi nöqteyi-nəzərdən sığorta, sığorta riskinin baş verməsi hallarında zərərin ödənilməsi üzrə sığorta şirkətinin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini vəd etməkdir.

Sığorta xidməti maliyyə xidmətlərinin bir növü kimi son dərəcə mürəkkəb və mücərrəd bir xidmət sahəsidir. Mürəkkəb riyazi hesablamalar və sığorta təminatı həcminin dəqiq hüquqi çərçivəyə salınması zərurəti onu mürəkkəb bir prosesə çevirir. Bu vəziyyət sığorta şirkətlərinin öz müştəriləri ilə sıx əməkdaşlıq etməsini şərtləndirir. Əgər əvvəllər bu və ya digər sığorta şirkətində sığortalanmış şəxslər onun müsbət maliyyə vəziyyətinə bir təhlükə mənbəyi hesab olunurdularsa, indi bu cür münasibət kökündən dəyişmişdir. Sığortalılar sığorta şirkətlərinin müştəriləri sayılırlar. Onlarla fəal və imkan daxilində fərdi qaydada iş aparılmalıdır.

ÇIXARILAN NƏTİCƏLƏR

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

____________

Müəllif:

Şükür Hüseynov

Sığorta üzrə ekspert, təlimçi

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir