SIĞORTANIN ƏSASLARI – 1-ci yazı

Risk və sığorta
Risk haqqında ümumi məlumat

Əgər bu dünyada dəqiq bildiyimiz bir şey vardırsa, o da ondan ibarətdir ki, bütün fəaliyyətimizdə qeyri-müəyyənlik bizi fasiləsiz olaraq müşayiət etməkdədir. Qeyri-müəyyənlik riskin ürəyində, risk isə sığortanın lap özəyindədir. Sığorta spesifik bir fəaliyyət sahəsi olmaqla bilavasitə risklə bağlıdır. O halda, görək biz riskin mənasını axıradək anlayırıqmı? Gəlin, risk anlayışının sadə izahından başlayaq. Bu, ola bilsin ki, ilk baxışda son dərəcə uzun və təfsilatlı şərhlərlə yorucu görünə bilər. Lakin məqsədimiz sığortanın əsaslarının öyrənilməsindən ibarət olduğundan, birinci növbədə, məhz riskin hərtərəfli öyrənilməsindən başlamağımız təbiidir. Risk və sığorta anlayışlarını həm ingilis, həm də alman nəzəriyyəçilərinin baxışları prizmasından şərh etməyimiz də materialın xeyli uzanmasına səbəb olmuşdur.

Risk sözü dəqiq hansı mənanı verir? Bu söz, şübhəsiz ki, tez-tez gündəlik danışıq prosesində istifadə olunur və sanki, ondan istifadə edənlərin hamısı tərəfindən yaxşı başa düşülür. Bir çox adamlar üçün risk, verilmiş şəraitdə nəticə haqqında müəyyən şübhələr doğuran bir anlayışdır.Hadisə baş verə bilər və nə zaman ki, o baş verir, onun nəticələri bizim üçün müsbət olmur. Başqa sözlə, bu, bizim gözlədiyimiz nəticəyə uyğun gəlmir. Beləliklə, risk sözü iki məqamı – həm gələcək haqqında şübhəni, həm də, nəticəsi bizi indi olduğumuzdan pis vəziyyətdə qoya bilən məqamı özündə birləşdirir.

Risk müxtəlif mənaları ifadə edir:

Risk səbəb kimi

Biz risk sözündən nəticənin səbəbi kimi istifadə edirik. Bu halda biz, yanğın, oğurluq, şəxsi zərər haqqında risk kimi danışırıq. Biz “yanğın riski” ifadəsindən istifadə edərkən, yanğın zərəri riskini nəzərdə tuturuq, lakin bu zaman daha çox potensial səbəbə istinad edirik.

Risk ehtimal kimi

Biz tez-tez hər hansı hadisənin baş verməsi riskindən danışırıq. Lakin hadisələr bəzən yüksək, bəzən də cüzi risk ehtimalı yaradır. Avtomobilin açarını avtomobildə unudub saxlamaq, oğurluq riski üçün böyük imkan yaradır, avtomobili ağzı bağlı qarajda saxlamaq isə oğurluq üçün aşağı risk ehtimalı deməkdir. Əsas məsələ ondadır ki, burada risk dərəcələri mövcuddur, risk ehtimalı vardır.

Risk obyekt kimi

Biz riskə baxmağa getmək dedikdə, onu nəzərdə tutmuruq ki, gedirik tufana baxmağa. Bu kontekstdə biz riskə məruz qalmış obyekti, yaxud şəxsi nəzərdə tuturuq. Fabrik, təyyarə, maşın, yaxud gəmi riskə aid edilə bilər və biz kimi isə ona baxmağa göndərə bilərik.

Risk zərər və itki kimi

“Risk götürmək” dedikdə, onu demək istəmirik ki, biz, yanğını, yaxud tufanı, gəmini və ya fabriki götürmək istəyirik. Bu halda biz, onu nəzərdə tuturuq ki, özümüzü gələcək nəticələrlə bağlı şübhə yaranmış bir vəziyyətdə qoyuruq.

Risk fel kimi

Nəhayət, biz risk sözünü təkcə isim kimi yox, həm də fel kimi işlədirik. Biz svetofor işıqlarının arasında yolu keçərkən, risk edirik, yaxud yeni bir layihəyə sərmayə qoyarkən, risk etmiş oluruq.

Sığortaya dair ədəbiyyatlarda sığorta riskinin mahiyyəti müxtəlif cür ifadə edilmişdir. Sığorta anlamında riskə aşağıdakı qaydada bir neçə cür tərif vermək olar:
• Risk uğursuz hadisə ehtimalıdır;
• Risk təhlükələrin birləşməsidir;
•Risk öncədən bilinməyən hadisədir – faktiki nəticələrin gözlənilən nəticələrdən fərqli yönümüdür;
• Risk zərər və itkilərin baş verməsinin mümkünlüyünün qeyri-müəyyənliyidir;
• Risk zərər və itkilər ehtimalıdır.

Qeyri-müəyyənlik:

Qeyri-müəyyənlik riskin mahiyyətinin lap özəyindədir. Biz deyə bilərik ki, risk fərddən kənarda mövcuddur. Bu mənada o, obyektivdir və heç bir fərddən asılı deyildir.

Riskin dərəcəsi

Riskin müxtəlif dərəcələrdə olması ideyası onun ikinci komponentidir. Biz belə bir təsəvvür yarada bilmərik ki, bütün risklər bərabər səviyyədə baş verə bilər, onların bəzisi daha çox, digərləri isə daha az riskli olurlar. Bəs riskin dərəcəsi nə məna verir? Bir nümunəni nəzərdən keçirək: Çayın sahilində bir ev vardır. Həmin çay adətən daşaraq öz sahillərini yuması ilə tanınır. Burada gələcək nəticə haqqında şübhə vardır. Çayın daşıb-daşmaması və evə ziyan vurması qeyri-müəyyəndir. Gəlin indi ikinci evi təsəvvür edək. Həmin ev çay sahilindən daha uzaqdadır və alçaq bir təpənin üstündə yerləşir. Bu ikinci evin daha az riskli şəraitdə olduğu təsvir edilə bilər. Lakin risk altında olan dəyərləri nəzərdən keçirərkən, bizim mühakimələrimiz kökündən dəyişir. Gəlin fərz edək ki, çayın sahilindəki birinci ev az istifadə olunan evdir və onun təmiri pis vəziyyətdə olub, ümumi qiyməti 5 000 dollardan yuxarı deyildir. İkinci ev isə cah-cəlallı evdir və dəyəri 200 000 dollardan yuxarıdır. Biz indi təsəvvür etməliyik, hansı ev, yüksək potensial kəskinlik baxımından daha artıq riski özündə birləşdirir. Bu nümunə riskin dərəcəsi baxımından iki mühüm konsepsiyanı nümayiş etdirir:
Baş vermə tezliyi və ağırlıq (kəskinlik) dərəcəsi
Biz bilməliyik ki, risk hadisə ehtimallarının və baş verə bilən hadisələrin ağırlıq dərəcəsinin məcmusudur. Iki evin timsalında görə bilərik ki, çayın sahilindəki evin daşqın nəticəsində zərər çəkməsi tezliyi təpənin üstündəki evlə müqayisədə daha yüksəkdir.Lakin daşqın baş verdiyi təqdirdə, yüksək dəyər qiyməti ilə əlaqədar olaraq, ikinci ev üçün zərərin ağırlıq dərəcəsi daha yüksəkdir.
Biz zərər və itkilərin baş verməsi tezliyi və onların ağırlıq dərəcəsini birləşdirdikdə, iki münasibətin şahidi oluruq. Müxtəlif risk şəraitlərinin sayının çoxluğu hadisələrin tez-tez baş verməsi və ağırlıq dərəcəsinin aşağı olmasını şərtləndirir.
Məşhur bir diaqram bu vəziyyəti çox gözəl əks etdirir. Bu Henrix üçbucağıdır.

 

Henrix üçbucağı göstərir ki, işdə hər bir böyük zərərə, 30 xırda zərər və 300 zərərlə nəticələnməyən hadisə düşür. Bu üçbucaq işdə baş vermiş minlərlə hadisələrin təkrar-təkrar müşahidə edilməsi yolu ilə formalaşdırılmışdır. Gəmilər və təyyarələrlə əlaqədar yaranan zərər və itkilər böyük zərər hesab olunur.

Risk və təhlükə

Risklə əlaqədar anlayışlardan biri də təhlükədir. Təhlükə zərərlə nəticələnən hadisənin dolayısı ilə səbəbidir. Məsələn, daşqın riskdir, lakin evin çaya yaxın məsafədə yerləşməsi həmin daşqına səbəb ola biləcək təhlükə amilidir.

Risk zərər və itkilərin həcmini artıran bilavasitə səbəbdir. Çox vaxt bu, hər hansı işlə əlaqədar bir şəxsin nəzarətindən kənar olur. Tufan, yanğın, oğurluq, nəqliyyat hadisəsi və partlayış, bunlar hamısı risklərdir.

Nəticələrə təsir edə bilən amillər təhlükələrdir. Bu təhlükələr bilavasitə zərərlərin səbəbi deyildir, lakin onlar riskin fəaliyyət göstərə biləcəyi effekti artıra və azalda bilər. Sığortaçı bəzi riskləri sığortalayıb-sığortalamamaq barəsində və hansı həcmdə sığorta haqqı müəyyən edilməsi ilə əlaqədar qərar qəbul etmək istədikdə, təhlükənin nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İrəlidə biz təhlükə və risklərin qiymətləndirilməsi məsələsini nəzərdən keçirəcəyik.

Təhlükə fizik və mənəvi ola bilər. Fiziki təhlükələr riskin fiziki xüsusiyyətləri ilə əlaqədar olur. Binanın konstruksiyasının növü, mağaza, yaxud fabrikin təhlükəsizlik sistemi, yaxud binanın çaya yaxın olması və s. bu cür amillərdəndir. Mənəvi təhlükələr nəticəyə təsir edə bilən insani aspektlərlə əlaqədardır. Bu, adətən sığortalının münasibətinə aid olur.

Riskin qiymətləndirilməsi

Sığortanın mahiyyətini qısaca ifadə etsək, deyə bilərik ki, sığorta risk transfer (ötürülmə) mexanizmidir. İnsanlar sığortaçıya zərər dəyib-dəyməməsinin fərqinə varmadan, şübhə və inamsızlıqlarını transfer etməyi xoşlayırlar. Bunun qarşılığında, onlar sığorta haqqını ödəməklə, dərhal və müəyyən itkiyə məruz qalmağa hazır olmalıdırlar. Risk sığorta əməliyyatının mərkəzində dayanır; risk olmadıqda, sığortaya az ehtiyac olardı.

Risk həyata həyəcan və dinamizm gətirir. Lakin o, həm də şəxsi zərər və iztirablar payını da insanlara bəxş eləyir. Biz heç vaxt riski aradan qaldıra bilmərik. Ən yaxşı halda biz onu elə üsulla idarə edə bilərik ki, onun təsirini minimuma endirmək mümkün olsun. İlk öncə biz nəzərimizi riskin qiymətləndirilməsinə yönəltməliyik. Bütövlükdə riski qiymətləndirməyin iki yolu vardır: Riskin sırf insani aspektdən qiymətləndirilməsi və riskin fiziki qiymətləndirilməsi, yaxud riskin müəyyən edilməsi.

Riskin insani aspektdən qiymətləndirilməsi

Biz artıq riskin hər şeyi əhatə etmə xüsusiyyətini vurğulamışıq. O, həyatın bütün aspektlərini əhatə edir:

• Şəxsi
Ayrı-ayrı fərdlər riskin bir çox müxtəlif formaları ilə üzləşirlər: karyeranın seçilməsi, təhsil almaq üçün hər hansı bir istiqamətin seçilməsi, uyğun sərmayə qoyuluşu sahəsinin seçilməsi, hətta evlənmək üçün partnyor seçimi və s.

• Tibbi
Həkimlər və cərrahlar çox tez-tez şübhə və qeyri-müəyyənlik qarşısında müxtəlif seçimlərlə qarşılaşırlar: əməliyyat aparmalı, ya yox, digər xəstəliyə zidd olan dərman üçün resept yazmalı, ya yox, qeyri-müəyyən və tam olmayan məlumatlar əsasında diaqnoz qoymaq və s.

• Siyasi
Siyasi aləmdə, xüsusilə beynəlxalq siyasətdə risk dərəcəsi artmaqdadır. Səksəninci illərin sonundan etibarən biz, bir çoxlarının demokratiya fonunda apardıqları nümayiş və hərəkatların şahidi olmuşuq. Hər bir parlament üzvü seçkilər dövründə hər dəfə risklərlə üzləşir və s.

• Biznes
Biznes aləmi risk və tərəddüdlər üzərində qurulmuşdur. Potensial investor öz pullarını sadəcə olaraq tikinti şirkətinə, yaxud banka qoyur. Onlar gəlir əldə etmək üçün bəzən riskə getməyi üstün tutur və ümid edirlər ki, bununla uğur qazanacaqlar.

Riskin müəyyən edilməsi

Riski necə müəyyən etməli? Siz böyük fabrik kompleksində, satış yerlərində, aeroportda, bankda, univermaqda və s. riskin müəyyən edilməsinə necə başlamalısınız? Riskin müəyyən edilməsi üçün xüsusi üsullar tətbiq olunur.

• Bəziləri sığorta obyektinə baş çəkərək yerində araşdırmalar aparmağı, digərləri yalnız masa arxasında oturaraq məlumatlara əsaslanmağı üstün tuturlar.
• Bəziləri layihənin hazırlıq mərhələsində araşdırmalara başlayır, digərləri layihə üzrə işlərin yerinə yetirilməsinə başlandıqdan sonra riskin aydınlaşdırılmasına üstünlük verirlər.
• Bəziləri riskin müəyyən edilməsində keyfiyyət amillərinə üstünlük verir və demək olar ki, statistik məlumatlardan istifadə etmirlər, lakin başqaları öz yanaşmalarında daha çox statistik məlumatlara əsaslanırlar.
• Bəzi sığortaçılar texniki üsullarla zərər və itkilərdən sonrakı şəraiti təhqiq edirlər, lakin əksəriyyət sığortaçılar zərər və itkilərə səbəb olan hər hansı hadisənin baş verməsinədək vəziyyəti öyrənirlər və s.

Yoxlama vərəqəsi

Yoxlama vərəqəsi risk haqqında əsas məlumat mənbəyidir. Bu, fiziki yoxlama aparılması işindən azad edir, vaxta qənaət olunmasına şərait yaradır və qiymətin müəyyənləşdirilməsində əlavə məsrəflərin qarşısını alır.Bununla bağlı ilk növbədə aşağıdakıları yadda saxlamaq lazımdır:
• Yoxlama vərəqəsi sadə dildə yazılmalı və tam olmalıdır. Mürəkkəb sualların verilməsi və mürəkkəb dil ünsürlərindən, yaxud jarqonlardan istifadə edilməsi yolverilməzdir;
• Yoxlama vərəqəsində ikimənalı ifadələrdən istifadə oluna bilməz.
• Yoxlama vərəqəsi qısa olmalıdır;
• Yoxlama vərəqəsi “qorxulu” olmamalıdır;
Aşağıdakı nümunə bunlardan birini nümayiş etdirir:

YOXLAMA VƏRƏQƏLƏRİ

YANĞIN YOXLAMA VƏRƏQƏSİNİ BURADAN YÜKLƏYƏ BİLƏRSİNİZ

Bunlar yanğın riskinə aiddir və yoxlanılmalı olan bütün avadanlıqlar əsasən yanğınla bağlı olan avadanlıq və işlərdir.  Cavabdeh şəxs formanı qaytarmazdan əvvəl əmin olmalıdır ki, bütün predmetlərə baxılmışdır və onların cari vəziyyəti onu tam qane edir.

Üstünlükləri:
• Riskin müəyyənləşdirilməsi üçün tez və səmərəli üsuldur;
• Xərclər kifayət qədər aşağı olur;
• Onlar illərə və vahidlərə əsasən risklərin asanlıqla müqayisə edilməsinə şərait yaradır;
• Onlar sizin biznesinizdən asılı olaraq çox asanlıqla dəyişdirilə bilər.

Mənfi cəhətləri:
• Risk müəyyən edənə gələn məlumatlar ikinci əl məlumatlardır;
• Yoxlama vərəqələrində göstərilən cavablar qanedici olmaya bilər. Əlavə sorğuya cavabın əldə olunması isə müəyyən qədər vaxt itkisinə səbəb ola bilir;
• Bütün sınaq və konsultasiyalara baxmayaraq, formalarda ikimənalılıq və anlaşılmazlıqlar ola bilər. Suallar və terminlər səhv ifadə edildikdə, nəticələr gözlənilən mənanı vermir;
• Biz heç vaxt formanın hansı üsulla doldurulmasından əmin ola bilmirik.

Riskin ölçülməsi. Tariflər.

Sığorta risklərinin müəyyən edilməsi və sonrakı mərhələdə onların ölçülməsi üçün bir sıra amillər əsas göyürülür.

Risk haqqında məlumatların səciyyəvi cəhətləri

Riskin ölçülməsində hansı cəhətlər əsas götürülməlidir? Riskin ölçülməsi baxımından hansı aspekt, yaxud aspektlər mühüm əhəmiyyət kəsb edir?
Risk konsepsiyası haqqında ətraflı düşündükdə, aydın olur ki, risk haqqında məlumatın iki xüsusi cəhəti vardır: sığorta riskinin (hadisəsinin) baş vermə tezliyi və hər bir hadisənin ağırlıq dərəcəsi (kəskinliyi). Riskin bu iki aspekti, hər bir fərdi riskin faktiki təbiətindən asılı olmayaraq, ümumidir. Nəzərdən keçirilən hadisənin növündən asılı olaraq, risklərin baş vermə tezliyi ilə onların ağırlıq dərəcəsi arasındakı qarşılıqlı münasibətlər dəyişə bilər, lakin hər bir halda riskin bu iki müxtəlif xüsusiyyəti həmişə olur.
Əgər yanğın riskini nəzərdən keçirsək, biz bunun şahidi ola bilərik.Həyatda baş verən yanğınların əksəriyyəti xırda yanğınlardan ibarət olur. Məişət zəminində hər il cüzi zərərlərə səbəb olan minlərlə kiçik miqyaslı yanğınlar baş verir. Lakin təsadüfən evin tamamilə məhvinə səbəb ola bilən böyük yanğın hadisəsi də baş verə bilər. Biz yanğın riskinə istinad edərək, zərər və itki profilini üç bölməyə ayıra bilərik: sol-əl riskləri, orta risklər və sağ-əl riskləri.
Sol-əl riskləri – sayının çox olması; – dəyərinin aşağı olması; – əvvəlcədən bilinməsi; – katastrofik nəticələr üçün az potensiallı olması
Orta risklər – sayının orta səviyyədə olması; – ağırlıq dərəcəsinin orta səviyyədə olması; – əvvəlcədən bilinməsi çətin olan; – orta məbləğ ciddi məbləğdə ola bilər.
Sağ-əl riskləri – sayının az olması; – çox yüksək qiymətə malik olması; – əvvəlcədən bilinməsi son dərəc çətin olan; – katastrofik nəticələrə potensiallı olması.
Riskin bu şəkildə qurulması riskin araşdırılması strategiyası üzrə qərarların qəbul edilməsində şirkətə kömək edir. Sağ əl risklərin baş verməsi şirkət üçün son dərəcə böyük zərər və itkilərlə nəticələnə bilərdi. Odur ki, şirkətdə bu cür xoşagəlməz hadisələrin qarşısını almaq üçün müvafiq maliyyə tədbirlərinin görülməsi tələb olunur. Bu isə nəticə etibarı ilə özlüyündə hansı formadasa, sığorta təminatının alınması zərurətini doğurur. Lakin digər risk quruluşunda katastrofik potensial yox dərəcəsindədir, Burada hadisələrin sayı çox olur, lakin ağırlıq dərəcəsi aşağı olmaqla şirkət üçün böyük risk yaratmır. Bu halda şirkət sığorta xidmətindən istifadə edə bildiyi kimi, özünümaliyyələşdirmə formasında da gələcək zərər və itkilərin qarşısını almaq üzrə tədbirlər nəzərdə tuta bilər.

Məlumat bazası

Məlumat bazası statistikanın xam məlumat materiallarını təqdim edir. Məlumatlar aşağıdakı iki formada ola bilər:
Məlumatlar keçmişdə baş vermiş hadisələrin təsvir edilməsi üçün istifadə oluna bilər. Məsələn, biz avtonəqliyyat hadisələri üzrə məlumatları toplaya və sonra digər lazımi məsələlərə aydınlıq gətirə bilərik. Toplanmış məlumatdan asılı olaraq, biz avtomobilin qiyməti, sürücünün yaşı, hadisənin vaxtı və digər cəhətləri öyrənə bilərik. Xam məlumatlar, həm də bəzi proqnozların verilməsi, qərarların qəbul edilməsi və mühakimələrin yürüdülməsində əsas kimi istifadə oluna bilər. Biz bunu bütün qiymətləndirmə biznesində müşahidə edə bilərik. Hər hansı bir xüsusi risk üzrə xam məlumatlar toplana və bunların əsasında müvafiq tarif dərəcəsi müəyyənləşdirilə bilər.
Bununla sığortaçı sadəcə olaraq keçmişdə baş verənləri təsvir etmir, o, keçmiş haqqında bilgilərdən istifadə etməklə gələcək haqqında qərarlar qəbul etmək imkanı əldə edir.
Bu mərhələdə seçim artıq şirkət daxilində mövcud olan baza məlumatlardan istifadə etmə və yeni məlumatlar yaratma arasındadır.

MƏLUMAT BAZASI

 

Mövcud məlumat bazası
Bu məlumat sığorta polisi, iddialar, sığorta məbləği, investisiya, şəxsi heyətin sayı, aktivlər və s. haqqında ola bilər. Sığorta biznesi, bir çox digər təşkilatlarda olduğu kimi, öz sabit fəaliyyətində məlumatların sərbəst axınına əsaslanır və o, öz biznesi gedişində kifayət qədər məlumat bazası yaradır.

Sığorta məlumat bazasının əsas xüsusiyyətləri
Fərz edək ki, şirkət yalnız yanğın, oğurluq və bədbəxt hadisə riskləri nəticəsində yarana biləcək zərər və itkilərə görə narahatdır. Belə olan halda məlumat bazası aşağıdakı üç kateqoriyaya bölünə bilər:


Bu kateqoriyaların hər birinin içərisində digər yarımbölmələr olacaqdır. Məsələn, oğurluq məlumat bazasında “xüsusi evlərdə oğurluq” və “kommersiya təyinatlı binalarda oğurluq” bölmələrini qeyd etmək olar.

Mövcud məlumat bazasından istifadə
Tamamilə başqa məqsədlə toplanmış məlumat bazasından sığortaçı öz məqsədləri üçün istifadə edə bilər. Bu başqa məqsəd anderraytinq, iddialar, mühasibat, yaxud rəsmi hesabatlar ola bilər və belə olduqda toplanmış məlumatlar bazasından digər məqsədlər üçün məlumatları ayırıb çıxarmaq mümkün olur.
Yuxarıdakı iki məqamın fonunda belə bir sual ortaya çıxır. Nəyə görə hər kəs mövcud məlumat bazasından istifadə etməyi lazım bilir? Bu suala iki sadə cavab vardır: qiymət və sürət. Siz bir sığortaçı kimi özünüzə lazım olan məlumatları heç bir xərc çəkmədən əldə edirsiniz və siz bu məlumatları dərhal əldə edirsiniz.

Məlumat bazasının yaradılması
İndi isə gəlin məlumat bazasının mövcud olmadığı və bizim onu özümüz yaratmalı olduğumuz halları nəzərdən keçirək. Bu hal, şirkət yeni məhsul buraxmağa başladığı, əvvəllər təklif olunmamış xüsusi bir kontrakt formasını nəzərdən keçirdiyi hallarda baş verə bilər. Şirkət özünün ümumi reklamında istifadə etmək üçün məhsul haqqında zəruri məlumatları yığmağa başlayacaqdır. Sual belədir, onlar məlumatları haradan əldə edəcəklər? Biz onların qarşısında açılan variantları aşağıdakı füqurda göstərildiyi kimi iki başlıq altında qruplaşdıra bilərik:

 

Dərc olunmuş məlumatlar
Bu məsələdə hökumət statistikanın əsas mənbəyi hesab olunur. Digər əsas mənbə Sığortaçılar Assosiasiyası olmalıdır.

Hökumət

Dünyanın bir sıra digər hökumətləri kimi, Azərbaycan hökuməti də zəruri hesab edilən müxtəlif statistik məlumatları toplayır. Əhali haqqında baza məlumat, hökumətin gəliri və xərcləri, müdafiə məsələləri, istehsal, inflyasiya və s. məlumatılar toplanır və bunlar, ümumi ictimaiyyətin istifadəsi üçün mümkün olur.

Sığortaçılar Assosiasiyası

Yuxarıdakı məlumatlar sığortaçılar assosiasiyasında da əldə oluna bilər. Hər il “Sığorta Statistikası” adı altında buklet buraxılır. Həmin bukletdə yuxarıda göstərilən bütün məlumatlar öz əksini tapır və ərizə ilə müraciət etməklə onları asanlıqla əldə etmək mümkündür.

Məlumatların toplanması

Şirkətin məlumat bazası və bu məsələnin həll edilməsi ilə əlaqədar dərc edilmiş məlumat mənbəyi olmadıqda, biz özümüz zəruri məlumatların toplanması problemi ilə üzləşməli oluruq. Bu halda iki sual meydana çıxır: Biz məlumatları necə toplamalıyıq? Biz bu məlumatları nədən, yaxud kimdən əldə etməliyik?

Məlumatların toplanması metodları

Bir sıra məlumat toplama metodları mövcuddur və çox vaxt onlardan birinin, yaxud bir neçəsinin tətbiq edilməsi lazım gəlir. Lakin bir çox hallarda, məlumat toplama metodlarının hamısından istifadə etmək zərurəti yaranır.
Birbaşa müşahidə
Məlumat toplamada ən düzgün metodlardan biri fenomeni öz gözlərinizlə müşahidə etməyiniz ola bilər. Orada müəyyən dərəcədə qeyri-müəyyənlik və anlaşılmazlıq olduqda, siz təbiidir ki, hər hansı bir şəxsin mülahizələrinə və şərhinə istinad edə bilməzsiniz.

Müsahibələr
Müsahibə birbaşa müşahidədə ən əlverişli üsuldur. Bu halda əsas məsələ kimdən və harada müsahibə alınmasını müəyyənləşdirməkdən ibarətdir.

Eksperimentlər
Bir çox sığortaçılar zərər və itkilərə nəzarət mexanizmlərinin yaradılmasında fəal iştirak edirlər.Yanğına qarşı yeni mübarizə avadanlığının yaradılması buna əyani misaldır. Müəyyən avadanlığın istifadəyə yararlı olub-olmaması sığortaçı, yaxud yanğın əleyhinə mübarizə xidməti (agentliyi) tərəfindən necə müəyyənləşdirilməlidir? Fərz edək ki, bu, yeni texnikadır. Bu halda onlar, təbiidir ki, həmin avadanblıqdan artıq keçmişdə istifadə etmiş kimdənsə, məlumat almaq imkanına malik ola bilməyəcəklər. Belə olduqda, bu yeni avadanlıqla bağlı məlumatların əldə olunmasının yeganə yolu həmin avadanlıqdan istifadə etməklə bəzi eksperimentlərin keçirilməsindən ibarət ola bilər.

Sorğu
Xam məlumatların əldə edilməsi üçün ən ümumi metodlardan biri sorğudur. Sorğu müvafiq formada hazırlananraq doldurulmaq üçün adamlara göndərilir. Maraqlı şəxs sorğu formasını dolduraraq şirkətə qaytarır. Sorğu formasından istifadə etmək sürət və qiymət baxımından çox əlverişlidir. Sorğunu dolduran şəxs onun ardınca düşmür və həmin sorğu qısa bir zaman çərçivəsində ölkənin digər tərəfinə göndərilə, yaxud dünyanın istənilən nöqtəsinə çatdırıla bilər. Bu isə öz növbəsində həm vaxta, həm də qiymətə qənaət edilməsinə şərait yaradır.

Yığcamlıq
Sorğu mümkün qədər qısa olmalıdır, çünki heç kəs qırx səhifədən ibarət sorğu formasını doldurmaq istəməzdi.

Sadəlik
Bir söz kifayət olduğu halda, dörd, ya beş sözdən istifadə etməyə lüzum yoxdur.

Qeyri-müəyyənlik
Formanı dolduran tərəf dəqiq zaman kəsiyində olan məlumatları verməlidir.

Əsas suallar
Çətin və dolaşıq sualların cavablandırılması tələb olunmamalıdır.

Şəxsi suallar
Tam zəruri hallar istisna olmaqla, şəxsi səciyyəli sualların verilməsindən uzaqlaşmaq lazımdır.

Cavabların səciyyəsi
Suallar şüurda faktiki təhlil edilməklə, həmişə dizayn olunmalıdır. Çox suallar komputerdə təhlil edilməli, öyrənilən obyektin tam şəbəkəsini, yaxud sayını, adamlar haqqında məlumatı, yaxud ümumi şəraiti tam əks etdirməlidir.

Riskə dair məlumatın təqdim edilməsi
Risk haqqında məlumat müxtəlif metodlarla təqdim edilə bilər. Bu, cədvəlləri, qrafikləri, diaqramları və piktorial (şəkilli) təqdimetmənin digər formalarını özündə birləşdirir.
Cədvəllər: sadə cədvəllər – satılmış polislərin sayı, satılmış motor polislərinin sayı, işçilərin səhhət zərəri ilə bağlı məlumatlar, hadisələrin tezlik və ağırlıq dərəcələri, iddiaların təhlili;
Qrafiklər: sadə xətli qrafiklər, çoxxətli qrafiklər, x-y qrafikləri;
Xətli diaqramlar: Sadə xətli diaqramlar – satılmış polislərin sayı, polislərin növləri, çoxxətli diaqramlar, mürəkkəb tərkibli diaqramlar;
Piroqvari diaqramlar: sadə diaqramlar, hərtərəfli piroqvari diaqramlar;
Piktoqramlar: sənaye yanğın zərərləri;
Hiktoqramlar: iddiaların tezliyi və xərclər

____________

Müəllif:

Şükür Hüseynov

Sığorta üzrə ekspert, təlimçi

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir