Sığortanın iqtisadi mahiyyəti və onun sosial-iqtisadi funksiyaları – 2-ci yazı

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

Sığortanın funksiyaları

Keçmiş sovet dövlətinin mövcud olduğu bütün dövr ərzində iqtisadiyyatın müxtəlif sahələri kimi, sığorta da dövlət tərəfindən inhisara alınmışdı. Keçmiş SSRİ və müttəfiq respublikaların maliyyə nazirlikləri çərçivəsində sığorta sisteminin fəaliyyəti dövlət büdcəsinin mənafeyinə tabe edilmişdi. Büdcə kəsirlərinin doldurulması məqsədilə sığorta fondlarından böyük məbləğdə vəsait təmənnasız olaraq və icbari qaydada dövlət tərəfindən çıxarılırdı. Sığorta maliyyənin yardımçı bir sahəsinə çevrilmişdi.

Sığorta öz məzmununa və mənşəyinə görə maliyyə və kreditdən köklü surətdə fərqlənir. İqtisadi kateqoriya olan “sığorta” iqtisadi münasibətlər sistemidir. Birincisi, sığortada, hüquqi və fiziki şəxslərin ödədikləri sığorta haqları hesabına vəsaitlərin xüsusi fondu yaradılır. İkincisi, təbii fəlakətlər və digər təsadüfi mənfi hadisələr nəticəsində əmlak zərərlərinin əvəzinin ödənilməsi üçün, habelə vətəndaşların həyatında müxtəlif hadisələr baş verdikdə, onlara yardım göstərilməsi məqsədilə həmin fondun vəsaitlərindən istifadə olunur.

Məlumdur ki, iqtisadi kateqoriya kimi, maliyyənin mahiyyəti pul vəsaitləri fondlarının yaradılması və onlardan istifadə edilməsi prosesində iqtisadi münasibətlərlə əlaqədardır. Sığortanın da mahiyyəti pul vəsaitləri fondlarının yaradılması və onlardan istifadə edilməsi ilə əlaqədardır.

Maliyyə üçün həmişə pul münasibətləri zəruri və pul vəsaitləri fondlarının yaradılması səciyyəvi olduğu halda, sığorta natural formada da ola bilər. Sığortanın mahiyyətinin ilkin açıqlamasını verərkən, qeyd etmək lazımdır ki, o, zərərin maraqlı iştirakçılar arasında qapalı şəkildə bölüşdürülməsi mexanizmidir. Qarşılıqlı sığorta buna klassik nümunə ola bilər.
Bundan başqa, sığorta həmişə sığorta hadisəsinin baş verməsi ehtimalı ilə bağlıdır, yəni, sığortaya mütləq səciyyəvi bir cəhət – münasibətlərin ehtimal olunma xüsusiyyəti xasdır. Sığorta fondu vəsaitlərindən istifadə olunması sığorta hadisəsinin baş verməsi və onun nəticələri ilə əlaqədardır.
Dövlət büdcəsinin gəliri fiziki və hüquqi şəxslərin ödəmələri (haqları) hesabına yaradılır, lakin büdcə sistemində həmin vəsaitlərdən istifadə bu haqları ödəyənlərin çərçivəsindən çox kənara çıxır. Burada zərərin yenidən bölüşdürülməsi ərazi vahidləri arasında aparıldığı kimi, zamana görə də aparılır.
Sığorta isə sığorta haqları hesabına yaradılan xüsusi sığorta pul fondunun köməyi ilə zərərin qapalı şəkildə yenidən bölüşdürülməsini nəzərdə tutur. Sığortada həmin fondun yaradılması və ondan istifadə edilməsi üzrə yenidənbölüşdürmə münasibətləri yaranır. Bu isə bir tərəfdən onu maliyyəyə yaxınlaşdırır, digər tərəfdən fərqli çalarlarını üzə çıxarır. Sığortada dəyərin pul formasında hərəkəti sığorta hadisəsinin baş verməsi nəticəsində zərərin baş verməsi ehtimalının dərəcəsindən asılıdır. Sığortanın, onu kredit kateqoriyasına yaxınlaşdıran bir cəhəti vardır – bu, sığorta vəsaitləri fondunun qaytarılma xüsusiyyəti ilə bağlıdır.
Məlumdur ki, yalnız kredit, alınmış pul ssudasının qaytarılmasını təmin edir. Lakin sığorta haqlarının sığortanın səciyyəvi cəhəti kimi bu cür qaytarılmasını qeyd edərkən, nəzərə almaq lazımdır ki, o, hər şeydən əvvəl həyat sığortasına aiddir.
Doğrudan da, sığorta haqlarının böyük bir hissəsi (netto premiya) sığorta hadisəsi baş verərkən qaytarılır (sığortalının müəyyən müddətədək yaşaması və onun ölümü hallarında). Bu, həqiqətən də sığorta haqlarının qaytarılmasıdır və o, icbari xarakter kəsb edir. Lakin əmlak sığortasında, bədbəxt hadisələrdən sığortada və sığortanın bir sıra digər növlərində sığorta ödənişinin verilməsi yaxud sığorta təminatı yalnız sığorta hadisəsi baş verərkən və müvafiq sənədlərdə əsaslandırılmış həcmdə həyata keçirilir. Əmlak və sığortanın digər riskli növləri üzrə sığorta ödənişləri verilərkən, həmin məbləğlərin ünvanlılığı itir. İqtisadi məzmununa görə bu cür ödənişlərin həyata keçirilməsi sığorta haqlarının qaytarılmasından fərqlidir.
Beləliklə, pul formasında çıxış edən və həmin münasibətləri hüquqi sənədlərlə möhkəmləndirən sığorta, onu “maliyyə” və “kredit” kateqoriyaları ilə birləşdirən ümumi cəhətlərə malikdir. Lakin eyni zamanda, iqtisadi kateqoriya kimi, sığorta yalnız onun üçün səciyyəvi olan xüsusiyyətlərə malik olub, yalnız onun özünə xas olan rolu yerinə yetirir.

Sığortanın iqtisadi bir kateqoriya kimi cəmiyyətdə rolu və funksiyaları müxtəlif mənbələrdə müxtəlif cür ifadə edilməsinə baxmayaraq, ümumi mahiyyət etibarı ilə onun rolu və funksiyaları artıq hamıya bəllidir. Məzələn, B.Serbinovski və V.Qorkuşanın “Sığorta işi” kitabında göstərilir ki, sığorta dörd funksiyanı yerinə yetirir: risk, qarşısıalınma, əmanət və nəzarət.
1. Sığortanın risk funksiyasının məzmunu riskin ödənilməsində ifadə olunur. Bu funksiyanın fəaliyyəti çərçivəsində təsadüfi sığorta hadisələrinin nəticələri ilə əlaqədar pul resurslarının sığortanın iştirakçıları arasında yenidən bölüşdürülməsi baş verir. Risk funksiyası sığortada əsas funksiyadır. Belə ki, sığorta riski, zərər ehtimalı kimi, zərərçəkənlərin maddi zərər və itkilərinin ödənilməsi üzrə sığortanın əsas mahiyyəti ilə bağlı olan bir anlayışdır.
2. Sığortanın qarşısıalınma funksiyasının əsas məqsədi sığorta fondunun vəsaitləri hesabına sığorta riskinin azaldılması üzrə tədbirlərin maliyyələşdirilməsindən ibarətdir. Həyat sığortasında sığorta kateqoriyası daha çox kredit kateqoriyasına yaxınlaşır.
3. Sığortanın əmanət funksiyasının mənası ondan ibarətdir ki, burada sığortanın köməyi ilə həyatın müddətli sığortasında pul məbləği toplanır. Bu əmanət ailənin əldə olunmuş yaşayış səviyyəsinin sığorta müdafiəsinə tələbatı səbəbindən yaranır.
4. Sığortanın nəzarət funksiyası sığorta fondunun vəsaitlərinin dəqiq, məqsədli şəkildə yaradılmasına və istifadəsinə nəzarətdə ifadə olunur.

Sığortanın funksiyaları və iqtisadi kateqoriya kimi onun məzmunu bir-biri ilə üzvü surətdə bağlıdır. V. Şaxov “Sığorta” kitabında iqtisadi kateqoriya baxımından sığortanın ilk növbədə aşağıdakı funksiyalarını önə çəkir:

1. Xüsusi sığorta pul vəsaitləri fondunun yaradılması.
2. Zərərin ödənilməsi və vətəndaşların şəxsi maddi təminatı.
3. Sığorta hadisələrinin qarşısının alınması və zərərin minimuma endirilməsi

Birinci funksiya sığorta şirkətlərinin öz üzərinə götürdüyü risklərin ödənilməsi məqsədilə sığortada xüsusi pul vəsaitləri fondunun yaradılmasıdır. Bu fond həm icbari, həm də könüllü qaydada yaradıla bilər. Dövlət iqtisadi və sosial şəraitdən çıxış edərək, ölkədə sığorta işinin inkişafını tənzim edir.

Xüsusi sığorta fondunun yaradılması funksiyası sığortanın sabitliyini, ödəniş və məbləğlərin verilməsini təmin edən ehtiyat və rezerv fondları sistemində həyata keçirilir. Əgər kommersiya banklarında əhalinin, məsələn, pul yığımları məqsədilə toplanmış vəsaiti yalnız əmanət səciyyəsi daşıyırsa, xüsusi sığorta fondunun yaradılması funksiyasına rəğmən sığorta əmanət-risk səciyyəsi daşıyır.

Mənəvi planda sığorta prosesinin hər bir iştirakçısı, məsələn, həyat sığortasında, bədbəxt hadisə baş verərkən, yaxud sığorta müqaviləsinin başa çatması ilə maddi təminat alacağına inanır. Əmlak sığortasında xüsusi sığorta fondunun yaradılması ilə sığorta müqaviləsində göstərilən sığorta şərtləri və sığorta məbləği hüdudlarında zərər çəkmiş əmlakın dəyərinin ödənilməsi probleminin həll edilməsi ilə yanaşı, zərər çəkmiş əmlakın tam dəyərinin, yaxud onun bir hissəsinin maddi ödənilməsi üçün şərait yaranır.
Xüsusi sığorta fondunun yaradılması funksiyası ilə müvəqqəti sərbəst qalmış vəsaitlərin bank və digər kommersiya strukturlarında investisiya edilməsi, pul vəsaitlərinin daşınmaz əmlak(lar)a qoyulması, qiymətli kağızların alınması və s. problemlər öz həllini tapır. Bazar inkişaf etdikcə, sığortada müvəqqəti sərbəst vəsaitlərdən istifadə edilməsi mexanizmi də daim təkmilləşəcək və genişlənəcəkdir. Zaman keçdikcə, sığortada xüsusi sığorta fondlarının yaradılması funksiyasının əhəmiyyəti artacaqdır.

Sığortanın ikinci funksiyası zərərin ödənilməsi və vətəndaşların şəxsi maddi təminatıdır. Yalnız sığorta fondunun yaradılmasının iştirakçıları olan fiziki və hüquqi şəxslər əmlak zərərinə görə ödəniş almaq hüququna malikdirlər.
Göstərilən funksiya vasitəsi ilə fiziki və hüquqi şəxslərə zərərin ödənilməsi mövcud əmlak sığortası müqaviləsi çərçivəsində həyata keçirilir. Zərərin ödənilməsi qaydaları sığorta müqaviləsinin şərtləri əsasında sığorta şirkətləri tərəfindən müəyyən olunur və dövlət tərəfindən tənzim olunur (sığorta fəaliyyətinin lisenziyalaşdırılması).

Üçüncü funksiya sığorta hadisəsinin qarşısının alınması və zərərin həcminin minimuma endirilməsini nəzərdə tutur. Bu, geniş kompleks tədbirlərin, o cümlədən, bədbəxt hadisələrin, təbii fəlakətlərin mənfi nəticələrinin azaldılması, yaxud ona yol verilməməsi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sığortalının sığortalanmış əmlaka diqqət və qayğı ilə yanaşmasını nəzərdə tutan və bağlanmış sığorta müqaviləsinin şərtlərində öz əksini tapan hüquqi təsir də buraya aiddir.

Sığorta hadisəsinin qarşısının alınması və onun nəticələrinin minimuma endirilməsi üzrə sığortaçının həyata keçirdiyi tədbirlər qarşısıalınma tədbirlər adlanır. Bu funksiyanı yerinə yetirmək üçün sığortaçı xüsusi qarşısıalınma pul fondunu yaradır.
Sığortalanmış əmlakın ilkin vəziyyətdə saxlanılmasına kömək edən qarşısıalınma tədbirlərinin həyata keçirilməsi üçün (məsələn, yanğına qarşı tədbirlərin maliyyələşdirilməsi, yanğınsöndürən avadanlıqların alınması və s.) sığortaçı hansısa məbləğdə pul vəsaitlərinin xərclənməsi marağındadır. Sığortaçının qarşısıalınma tədbirləri üzrə çəkdiyi xərclər məqsədəmüvafiqdir. Belə ki, bu halda yanğın, yaxud hər hansı digər sığorta hadisəsinin qarşısı alınır və sığorta ödənişlərinin verilməsi üçün xeyli pul vəsaitinə qənaət edilmiş olur.
Qarşısıalınma tədbirləri fondu sığorta haqlarından müvafiq ayırmalar hesabına yaradılır.

Şəxsi və əmlak sığortasının iqtisadi mahiyyəti

Əmlak sığortası Azərbaycanda sığortanın elə sahəsidir ki, burada müxtəlif çeşidli əmlak və avadanlıqlar sığorta hüquqi münasibətlərinin obyekti kimi çıxış edir. Əmlak dedikdə, fiziki və hüquqi şəxslərin operativ idarəsində olan əşya və qiymətli dəyərlərin məcmusu başa düşülür. Pul və qiymətli kağızlar, habelə başqa şəxslərin əşya və digər əmlak təminatının alınması hüququ da əmlakın tərkibinə daxildir.

Əmlak sığortasının iqtisadi mahiyyəti zərər vurulması nəticəsində onun iştirakçılarına zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş xüsusi sığorta fondunun təşkil edilməsindən ibarətdir. Həm sığortalının (sığorta fondunun iştirakçısının) mülkiyyətində, həm də onun sahibliyində, istifadəsində və sərəncamında olan əmlak və avadanlıqlar sığorta obyekti ola bilər. Yalnız əmlak sahibləri deyil, həm də həmin əmlakın saxlanması üçün məsuliyyət daşıyan hüquqi və fiziki şəxslər sığortalı kimi çıxış edə bilərlər. Özgə və xüsusi əmlakın sığortalanması şərtləri konkret sığorta qaydalarında əks olunmuş şərtlərdən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Əmlak sığortasının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, ona yalnız təbii fəlakətlər və digər əvvəlcədən bilinməyən hadisələr nəticəsində əmlaka zərər vurulmasının ehtimal xarakterini açan risk funksiyası xasdır.

Əmlak sığortası şəxsi sığortadan əhəmiyyətli dərəcədə fərqlənir. Şəxsi sığortada sığortaçı və sığortalının qarşılıqlı münasibətləri hansısa əmlakla əlaqədar olmur. Məsuliyyət sığortasında da münasibətlər, bir qayda olaraq, müəyyən əmlakdan istifadə olunması əsasında yaranır, lakin onun mahiyyəti həmin əmlakın dəyərindən asılı deyildir.

Azərbaycanda şəxsi sığorta, insanın həyatının, sağlamlığının və əmək qabiliyyətinin sığorta obyekti kimi çıxış etdiyi sığorta sahəsi kimi izah olunur. Xarici praktikada şəxsi sığortaya insan həyatında ehtimal olunan hadisələrlə əlaqədar sığorta müqaviləsi üzrə bütün mümkün hüquqi münasibətlərin birləşdirildiyi sığorta növlərindən biri kimi baxılır. Bu, bir qayda olaraq, əvvəlcədən daha böyük ehtimalla baş verməsinin doğruluğunun bilinməsi mümkün olan konkret hadisələrdir. Onların baş verməsinin proqnozu demoqrafik statistikanın mövcud məlumatlarına əsaslanır. İsan həyatında doğum, ölüm, yetkinlik yaşı, nişanın (boşanmanın) qeydiyyatı faktı, zədələrin olması, xəsarət alma, müəyyən yaşadək yaşama və s. bu cür ehtimal olunan hadisələrə aiddir. Sözün geniş mənasında şəxsi sığorta – bu ömürlük (ölümədək), müddətli (3-25 yaş), qarışıq sığorta və annuitet (renta və pensiya sığortası) sığortalarından ibarətdir. Ümumi qaydaya görə sağlamlıq, yaxud tibbi xərclərin sığortasını da şəxsi sığortaya aid edirlər.

Ölkə sığortasında şəxsi sığortanı həyat və bədbəxt hadisə sığortaları (fərdi qəza) kimi iki sahəyə ayırırlar. Bütövlükdə şəxsi sığorta risk və əmanət funksiyalarını birləşdirir.

Şəxsi sığortanın risk funksiyası zərər yetirilməsi, yaxud şəxsiyyətin həyat və sağlamlığına zərər vurulması təhlükəsi ehtimalının xarakterini açır. Şəxsi sığortanın əmanət funksiyası qabaqcadan şərtləşdirilmiş pul (sığorta) məbləğinin bağlanmış sığorta müqaviləsi üzrə hesaba yığılmasına imkan verir. Həmin məbləğ sığortalının sığortaçıya ödədiyi aylıq, yaxud rüblük sığorta haqlarından (sığorta premiyalarından) yaradılır.

Şəxsi sığorta ilə əmlak sığortasının iqtisadi mahiyyətinin eyniyyəti ondan ibarətdir ki, burada sığorta fondunun iştirakçıları arasında qapalı yenidən bölüşdürmə münasibətləri yaranır. Şəxsi və əmlak sığortasının iqtisadi mahiyyətinin konkret çalarları onların öz funksiyalarında ifadə olunur.

Sığortanın iqtisadi mahiyyəti barədə qeyd olunanları aşağıdakı kimi ümumiləşdirə bilərik: Sığorta iqtisadi kateqoriya olub, məqsədli pul vəsaitləri fondlarının yaradılmasının forma və metodlarını əhatə edən iqtisadi münasibətlər sistemidir.
Həmin fondların vəsaitlərindən əvvəlcədən görünməyən müxtəlif mənfi hadisələr (risklər) baş verərkən, yaranan zərər və itkilərin əvəzi ödənilir.
Xüsusi sığorta fondunun yaradılması zərərin ödənilməsi, sığorta hadisəsinin qarşısının alınması funksiyalarını ifadə edir.

Sığorta şəxsi, əmlak və məsuliyyət sığortalarına ayrılır. Dünyada sığorta fəaliyyətini səhmdar, qarşılıqlı və dövlət sığortası formalarında (Azərbaycanda isə yalnız açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında) həyata keçirirlər. Tibbi sığorta isə prinsip etibarı ilə digər sığorta növlərindən fərqlənir və o, xüsusi münasibətlər sistemindən ibarətdir.

Yazının 1-ci hissəsini buradan oxuya bilərsiniz

____________

Müəllif:

Şükür Hüseynov

Sığorta üzrə ekspert, təlimçi

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir