Sığortanın iqtisadi mahiyyəti və onun sosial-iqtisadi funksiyaları – 1-ci yazı

Sığortanın iqtisadi mahiyyəti və onun ictimai rolu

Sığorta – müəyyən hadisələr (sığorta hadisələri) baş verdiyi hallarda, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən sığorta haqlarından yaradılan pul fondları hesabına onların əmlak mənafelərinin qorunması üzrə münasibətlər sistemidir. Sığortaçı və sığortalı bu cür münasibətlərdə əsas tərəflərdir.  Sığorta iqtisadi təhlükəsizliyin və etibarlı maddi rifahın təmin olunması üsullarından biri, düşünülmüş ehtiyatlılıq və tədbirlilikdir.

Hələ ibtidai insanlar ən qədim zamanlarda onu primitiv formada tətbiq edirdilər. Qədim dövrdə öz üzvlərinə maddi yardım göstərən sığorta cəmiyyətlərinə bənzər müəssisə-cəmiyyətlər mövcud olmuşdur. Məsələn, Roma əsgərləri xüsusi ittifaqlar yaradırdılar. Həmin ittifaqların əsas məqsədi əsgər başqa qarnizona keçirildikdə, hərbi qulluqdan azad edildikdə ona yardım etmək, nəhayət, vəfat etdikdə, dəfn xərclərini qarşılamaq üçün pul ödənişlərini həyata keçirməkdən ibarət idi. Qədim yunanlar dəniz səyahəti zamanı baş verə biləcək zərər və itkilərin əvəzinin ödənilməsi üçün qarşılıqlı münasibətlər əsasında xüsusi ittifaqlar yaradırdılar.

Müasir sığorta işinin mənşəyi İtaliya gəmiçiliyi dövrünədək (XIV əsrin ortaları) uzanıb gedir. Dəniz sığortası müqaviləsi xüsusi sığorta (dəniz) ssudasından yaranmışdır. Bankir tacirlə ssuda haqqında müqavilə bağlayır və müəyyən müddət ərzində öncədən müəyyənləşdirilmiş reys üzrə gəmi, yaxud mallar üçün məsuliyyəti öz üzərinə (ssuda həcmində) götürərdi. Dəniz səyahəti başa çatdıqda, bankirin tacirə qarşı bütün iddiaları təmin olunardı. Lakin ssudanın icrası yalnız görüntü xarakteri kəsb edirdi, əslində isə tacir müqavilədə olmayan bir məbləği, riskə görə müasir sığorta haqqına bənzər məbləğ ödəyirdi, əgər gəmi qəzaya uğrayardısa, bankir öz şəxsi pullarını tamamilə itirirdi.

İctimai istehsalın riskli xüsusiyyəti iqtisadi kateqoriya kimi sığortanın zəruriliyinin başlıca səbəbidir. Sığorta istehsal münasibətlərinin zəruri elementidir. O, ictimai istehsal prosesində maddi zərərlərin ödənilməsi ilə əlaqədardır. Normal təkrar istehsal prosesinin ən vacib şərtlərindən biri onun fasiləsizliyi və arasıkəsilməzliyidir.

Sığortanın mahiyyəti arzu olunmayan, əlverişsiz şərait yarandıqda, zərər və itkilərlə müşayət olunan ziyanın minimuma endirilməsindən ibarətdir. Lakin qeyd etmək lazımdır ki, sığorta, heç də maddi və digər zərərlərin baş verdiyi istənilən halda köməyə çatmır. Əksinə sığorta yardımından istifadə olunması üçün bir sıra əlavə şərtlərin də olması vacibdir.

Sığorta təminatının həyata keçirilməsi üçün hadisə təsadüfi və ya qeyri-müəyyən zaman anında qanunauyğun səciyyə daşımalıdır. Hadisələrin təsadüfi səciyyə daşıması onun ümumiyyətlə, baş verməsinin məlum olmadığını bildirir (məsələn, heç də, hər bir sığortalanmış bina yanmır). Fərz olunan hadisənin qeyri-müəyyənliyi onu bildirir ki, həmin hadisə mütləq baş verəcək, lakin onun məhz nə vaxt baş verəcəyi məlum deyildir (hər bir insan ölməlidir, lakin onun həyatının neçə il davam edəcəyi və ölüm anı naməlum olaraq qalır).

Sığorta anlamında təsadüfilik mütləq olmamalıdır. Sığorta baxımından hadisələr, baş verməsi ehtimalı müəyyən oluna bilən (məsələn, statistik müşahidələr vasitəsilə) hadisələrdir. Başqa sözlə, söhbət baş verməsi ehtimalı əvvəlcədən təxmin edilə bilən, hesablanması və ölçülməsi mümkün ola bilən hadisələrdən gedir.

Sığorta nöqteyi nəzərindən hadisə dedikdə, insanın iradəsindən asılı olmayaraq baş verən (fırtına, daşqın və s.) və ya onun baş verməsi təhlükəsinin aradan qaldırılması üçün bütün qarşısıalınmaz tədbirlərinin görüldüyü hadisələr nəzərdə tutulur. Məsələn, yanğın sığortası yalnız yanğın təhlükəsizliyi qaydalarına tam riayət olunması şərtilə aparıla bilər. Bu sığorta həm də o şərtlə aparıla bilər ki, zərərli hadisələrin baş verməsinə “yardım edən” qəsdən yandırma cəhdlərinə görə, cinayət qanunvericiliyinə müvafiq olaraq, məsuliyyətə cəlb olunma, yaxud cəzalandırılma nəzərdə tutulmuş olsun.

Arzu olunmayan mənfi hadisələrin baş verməsinin qarşısının alınması cəhdləri müəyyən şəxsin onun baş verməsində maraqlı olmaması, ondan qurtulmağa çalışması ilə izah olunur. Bu cür marağın olmaması sığortanı bir növ fırıldaqçılığa, yaxud dələduzluğa çevirir (məsələn, sığorta ödənişini almaq məqsədilə gəminin qəsdən batırılması, qohumların sığorta məbləğini almaq üçün intihar, yaxud qəsdən öldürmə hərəkətləri törətməsi və s.)

Təhlükə və mənfi maddi və digər nəticələrə gətirib çıxaran hadisələrin müəyyən baş vermə ehtimalı bir şəxs tərəfindən deyil, əksəriyyət adamlar tərəfindən dərk olunmalıdır. Bu cür hadisələr hamını qorxu altında saxlaya bilər, lakin əslində onlar hamı üçün zərər və itkilərə səbəb olmur. Belə hadisələrin qarşısının alınmasında, yaxud mənfi nəticələrinin minimuma endirilməsində maraqlı olan şəxslər ümumi xəzinəyə müəyyən məbləğdə pul vəsaitini qoymağa hazır olurlar. Bununla da onlar gözlənilməz hadisələr baş verərkən, zərər və itkilərin ödənilməsini təmin edirlər.

Sığortada “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi çox dəqiq işləyir. Lakin bu prinsip çox vaxt sığorta münasibətlərinin iştirakçıları tərəfindən düzgün başa düşülmür. Bəziləri “ümumi xəzinədən” qoyduqları puldan çox, digərləri az alırlar, bir çoxları isə, əgər hadisə onlara toxunmursa, ümumiyyətlə, heç bir şey almırlar. Məsələn, müəssisənin sığortalanmış binası yanmırsa, onda sahibkar yanğının vurduğu zərərə görə ödəniş də almır. Buna baxmayaraq, o, yanğın sığortasını təkrarən həyata keçirir. O bilir ki, müvafiq əsasları olduğu təqdirdə, onun sığorta ödənişini almaq üzrə iddiaları təmin ediləcəkdir.

Sığorta çoxsaylı insanların birgə maliyyə iştirakı ilə, xüsusi zərərvurucu hadisələrin baş verməsi səbəbindən təsadüfən yaranan maliyyə zərərlərinin təmin olunmasına xidmət edir.

İqtisadi kateqoriya kimi, sığorta iqtisadi münasibətlər sistemindən ibarətdir. O, pul vəsaitlərinin məqsədli fondlarının yaradılması və əvvəlcədən görünməyən müxtəlif arzu olunmayan mənfi hadisələr baş verdikdə, zərərlərin əvəzinin ödənilməsi üçün onlardan istifadə olunmasının, həmçinin insanların həyatında müəyyən hadisələr baş verdikdə, onlara yardım göstərilməsinin forma və metodlarının məcmusunu əhatə edir.

Aşağıdakı cəhətlər sığortanın iqtisadi mahiyyətini səciyyələndirir:

  1. Sığortalama prosesində pul yenidənbölüşdürmə münasibətləri baş verir. Bu, maddi və digər zərərlərin vurulmasına səbəb ola bilən sığorta hadisələrinin baş verməsi ehtimalı və imkanı kimi sığorta riskinin olması ilə şərtlənir. Həmin xüsusiyyəti ilə sığorta ictimai istehsalın sığorta müdafiəsi kateqoriyası ilə əlaqədardır.
  2. Sığorta üçün onun iştirakçılarının qapalı yenidənbölüşdürmə münasibətləri səciyyəvidir. Bu münasibətlər bir və ya bir neçə obyektlə əlaqədar zərər məbləğinin sığortaya cəlb olunan bütün iştirakçılar arasında bərabər prinsiplərlə qapalı şəkildə bölüşdürülməsi ilə bağlıdır. Zərərin belə qapalı bölüşdürülməsi o ehtimala əsaslanır ki, zərərə məruz qalan obyektlərin sayı, bir qayda olaraq, sığortanın iştirakçılarının sayından az olur. Sığorta iştirakçılarının sayı lap çox olduqda, bu fərq daha da böyüyür.
  3. Zərərin qapalı şəkildə bölüşdürülməsinin təşkil edilməsi üçün, sığorta iştirakçılarının ödədikləri sığorta haqları hesabına məqsədli təyinat üzrə pul şəklində sığorta fondu yaradılır. Bu fondun vəsaiti yalnız onu yaradan iştirakçıların arasında istifadə edildiyindən, iştirakçıların ödədiyi sığorta haqlarının həcmi zərərin bölüşdürülməsində onlardan hər birinin payını ifadə edir. Ona görə də, sığorta iştirakçılarının dairəsi nə qədər geniş olarsa, sığorta haqqının həcmi o qədər az, sığorta isə o qədər səmərəli və əlverişli olar. Əgər sığortada milyonlarla sığortalı iştirak edərsə və yüz minlərlə obyekt sığortalanarsa, onda minimum haqla maksimum zərəri ödəmək imkanı yaranır. Zərərin qapalı şəkildə bölüşdürülməsi xüsusiyyəti ilə sığorta digər maliyyə kateqoriyalarından fərqlənir. Məsələn, dövlət büdcəsinin gəlirləri müəssisə və vətəndaşların ödəmələri hesabına formalaşır, lakin toplanmış pul vəsaitlərindən istifadə olunması tək onun ödəyicilərinə şamil olunmur.
  4. Sığorta zərərin həm müxtəlif ərazi vahidləri üzrə, həm də vaxta görə yenidən bölüşdürülməsini nəzərədə tutur. Bu halda sığorta fondunun il ərzində sığortalanmış təsərrüfatlar arasında ərazi üzrə səmərəli yenidənbölüşdürülməsini təmin etmək üçün kifayət qədər böyük ərazi və xeyli sayda obyektin sığortalanması tələb olunur. Yalnız bu şərtə riayət olunduqda, böyük ərazini əhatə edən təbii fəlakətlərə görə zərərin bölüşdürülməsini təmin etmək mümkündür. Fövqəladə hadisələrin baş verməsinin təsadüfi xüsusiyyəti ilə əlaqədar olaraq, zərərin vaxta görə bölüşdürülməsi bir təsərrüfat ilinin hüdudlarından kənara çıxır. Fövqəladə hadisələr bir neçə il dalbadal olmaya da bilər, digər tərəfdən, onların baş verməsinin dəqiq vaxtı məlum deyildir. Belə vəziyyət sığortaçı üçün “uğurlu” illərdə daxil olan sığorta haqlarının bir hissəsinin ehtiyat fondunun yaradılması üçün ehtiyatda saxlanması zərurətini yaradır. Bu isə sığortaçının “uğursuz” illərində son dərəcə böyük həcmli zərərlərin ödənilməsi üçün mənbə rolunu oynayır.
  5. Sığortanın səciyyəvi cəhətlərindən biri sığorta fondunda toplanan tədiyyələrin qaytarılma imkanıdır. Sığorta haqlarının məbləği iki hissədən ibarət olan sığorta tarifləri əsasında müəyyən olunur. A) ehtimal olunan zərərin ödənilməsi üçün nəzərdə tutulan netto-sığorta haqları (netto-premiyalar) və B) sığortanı həyata keçirən sığorta təşkilatının saxlanması üçün nəzərdə tutulan təsərrüfat xərcləri (işlərin aparılması xərcləri). Netto premiyaların həcmi müəyyən bir dövr ərzində (adətən 5 yaxud 10 il) və müəyyən ərazi hüdudlarında (vilayət, ölkə, respublika) ehtimal olunan zərər əsasında müəyyən olunur. Ona görə də, netto-premiyaların bütün məbləği müəyyən bir dövr və ərazi çərçivəsində zərər və itkilərin əvəzinin ödənilməsi formasında qaytarılır. Lakin bilavasitə sığortaya xas olan səciyyəvi xüsusiyyətlər də vardır. Ona görə də, sığorta fəaliyyəti aşağıdakılara əsaslanır:
  • Sığorta riskinin müəyyən edilməsi, sığortaçıların gəlir və xərcləri arasında optimal balansın müəyyən edilməsi, investisiyaların tənzim olunması və sığortaçılara optimal nəticələrə nail olmağa imkan verən sığorta iqtisadiyyatına;
  • Sığortaçıya və sığortalıya statistik məlumatların verilməsini təmin edən, sığorta tariflərinin və sığorta haqlarının hesablanmasında, sığortaçıların zərər və itkilərinin ödənilməsi üçün sığortaçının vəsaitlərinin kifayət həcmdə olmasının qiymətləndirilməsində, onlara sığorta ödənişinin və sığorta məbləğinin ödənilməsində zəruri olan sığorta və maliyyə riyaziyyatına;
  • Həm sığorta müqaviləsi üzrə münasibətləri, həm də sığortaçı ilə dövlət arasında, habelə digər subyektlər arasındakı münasibətləri tənzim edən, hüququn spesifik bir sahəsi olan sığorta hüququna.

Şəklin mənbəyi: http://www.ratcliffeinsurance.net/

____________

Müəllif:

Şükür Hüseynov

Sığorta üzrə ekspert, təlimçi

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir