Publik hüquqi şəxs və hüquqi şəxsin fərqi nədir?

garage-3-512Publik hüquqi şəxslər doktrinası hüququn digər doktrinaları ilə müqayisədə daha gəncdir. Mülki hüququn digər konsepsiyalarının, digər anlayışlarının min illik tarixi olsa da, publik hüquqi şəxs doktrinası təxminən 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində yaranıb. XIX əsrin axırından bir çox Avropa ölkələrində tətbiq olunub və nəhayət 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya mülki məcəlləsinin 80, 85 və 87-ci paraqraflarında öz əksini tapıb. Keçmiş SSRİ məkanında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada, Moldovada və Baltik ölkələrində qəbul olunub.

Publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu (Qanun) ilə tənzimlənir. Hüquqi şəxslər və publik hüquqi şəxslər arasındakı əsas fərqlər aşağıdakı kimi xarakterizə oluna bilər

1. ANLAYIŞLAR

Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır (Qanunun 2.2 yarımbəndi).

Hüquqi şəxs – Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.2-ci yarımbəndi).

2. YARADILMASI

Publik hüquqi şəxs – Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. Publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.

Hüquqi şəxs – “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupu tərəfindən yaradılır. Həmçinin dövlət də hüquqi şəxsin təsisçisi kimi çıxış edə bilər.

3. SAHİBKARLIQ FƏALİYYƏTİ

Publik hüquqi şəxs – Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin (Qanunun 3.1 bəndi). Publik hüquqi şəxs həmçinin inzibati orqan kimi ödənişli xidmətlər həyata keçirə bilər.

Hüquqi şəxs – “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada istənilən növ sahibkarlıq fəaliyyəti ilə, xüsusi razılıq (lisenziya) alınmasını tələb edən fəaliyyət növləri ilə yalnız belə razılığın (lisenziyanın) alınmasından sonra məşğul ola bilər.

4. İŞÇİLƏRİNİN STATUSU

Publik hüquqi şəxs – Dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirdiyindən işçilər dövlət qulluqçusu statusuna malik ola bilərlər. Bu məsələ publik hüquqi şəxs yaradılan zaman onun nizamnaməsi ilə müəyyənləşdirilir.

Hüquqi şəxs – İşçilər dövlət qulluqçusu statusuna malik olmur.

5. ŞİKAYƏT VERİLMƏSİ

Publik hüquqi şəxs – “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş inzibati icraat qaydasında publik hüquqi şəxsin əməkdaşlarının hərəkətlərindən şikayət verilə bilər.

Hüquqi şəxs – Mülki və Mülki Prosessual Qanunvericilik ilə müəyyən edilmiş qaydada hüquqi şəxsin özünün hərəkətindən şikayət verilə bilər.

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir