«Tax Free» sistemi nədir?

logo_tax-freeBeynəlxalq təcrübədə ƏDV-nin qaytarılması

Bir çox ölkələr üçün turizm biznesindən gəlirlər dövlət büdcəsi üçün əhəmiyyətli mənbələrdən birini təşkil edir. Turistlərin maksimal şəkildə cəlb edilməsində maraqlı olan həmin ölkələrdə turist axınının stimullaşdırılması üçün müxtəlif metodlardan istifadə edilir.  ƏDV-nin qaytarılması da bu təcrübələrdən biridir. «Tax Free» adlanan bu sistem, demək olar ki, Avropa Birliyinin bütün ölkələrində mövcuddur. «Tax Free» və ya «ƏDV-dən azad olunma» mal alarkən ödənilmiş əlavə dəyər vergisinin  həmin ölkənin gömrük sərhədlərindən çıxarkən alıcıya geri ödənilməsi şəklində tətbiq edilir və  turistlər üçün nəzərdə tutulur. Qaytarılan məbləğ konkret ölkədə tətbiq edilən ƏDV-nin həcmindən asılı olur. Bundan əlavə, hüquqi şəxslər üçün, o cümlədən xarici işgüzar səfərlərə aid xərclərdən tutulan ƏDV-nin qaytarılması sistemi mövcuddur ki, bu da «Business Tax Free» adlanır.

Məqsəd nədir?

Dövlət istehlak edilən malların dəyərinə vergilər tətbiq etməklə büdcəyə vəsait cəlb edir ki, bu da son nəticədə vətəndaşların ümumi problemlərinin həllinə yönəldilir. Belə çıxır ki, hər hansı ölkənin vətəndaşı olmayan şəxs aldığı mala görə vergi ödəyərkən boş yerə vəsait xərcləmiş olur və ödədiyi verginin əvəzində heç bir şey əldə etmir. Məsələyə bu məntiqlə yanaşdıqda hökumət həmin xarici vətəndaşın ödədiyi vergini özünə qaytarmaqla nə qazanır? Bu addımın atılması, hər şeydən öncə, malı hiss olunacaq dərəcədə ucuzlaşdırır və satışı stimullaşdırır. Bu yolla yerli istehsalçıların məhsullarının ixracı artır. Bundan başqa, ƏDV-nin geri qaytarılması ölkəni turistlər üçün daha cəlb­edici edir və turist səfərləri ölkəyə yeni pullar gətirilməsinin qaynağına çevrilir…

Çətinliklər və onların aradan qaldırılması

Bu sistem hər iki tərəf üçün əlverişli olsa da onu həyata keçirmək xeyli çətindir: minlərlə ticarət nöqtələri və milyonlarla alıcılarla işləmək lazım gəlir. Hökumətə bununla müstəqil fəaliyyət sahəsi kimi məşğul olmaq sərfəli deyil. Buna görə də «Tax Free» üzrə qaytarma prosesinin bilavasitə rəsmiləşdirilməsi ilə özəl şirkətlər məşğul olurlar. Hazırda bu sektorun lideri iki şirkətdir – «Global Refund» və «Premier Tax Free».

«Global Refund» 1980-ci ildə İsveçdə fəaliyyətə başlamış, tədricən fəaliyyətini bütün Avropaya, hətta 1997-ci ildən Sinqapura qədər genişləndirə bilmişdir. Hazırda «Tax Free»nin qaytarılması sahəsində bu şirkətlə dünya üzrə 240000-dən çox satış nöqtəsi əməkdaşlıq edir.

«Premier Tax Free» şirkəti bir qədər gec – 1985-ci ildə İrlandiyada yaradılmışdır. Hazırda dünya üzrə 75000 ticarət mərkəzi bu şirkətin tərəfdaşıdır.

Nələri bilmək zəruridir?   

İlk öncə turist getdiyi ölkədə «Tax Free» sisteminin işlədiyinə əmin olmalıdır. ƏDV-nin qaytarılması şərtləri  müxtəlif ölkələrdə dərəcələr və mal kateqoriyalarına görə həyata keçirilir. Hər bir ölkə verginin hansı mala görə hansı həcmdə qaytarılmasını özü müəyyənləşdirir. Qaytarılan verginin məbləği birbaşa alınan malın dəyərindən asılı olur. Bu dəyər hər bir ölkə üçün müxtəlifdir. Məsələn, Avstriyada ƏDV-nin qaytarılması üçün minimum 75 avro dəyərində mal almaq gərəkdir. Bu zaman «Tax Free» 10-20% təşkil edəcək. Belçikada minimum 125 avro dəyərində mal alan ödədiyi ƏDV-nin 21%-ni geri ala bilir. Almaniyada limit 20 avro, qaytarılacaq verginin həcmi isə 19%-dir. Hollandiyada ödədiyin məbləğin 19%-ni geri almaq üçün minimum 50 avro dəyərində mal almaq lazımdır. Xaricə səyahət edən şəxs onu da bilməlidir ki, ƏDV-nin qaytarılması üçün istənilən ticarət məntəqəsindən alış-veriş etmək olmaz. Yalnız «Tax Free» sistemi ilə işləyən və üzərində «Tax Free Shopping» loqotipi olan mağazada alış-veriş həyata keçirilməlidir. Ödəniş zamanı satıcıdan ƏDV-nin qaytarılması üçün çeki rəsmiləşdirməyi tələb etməlisiniz. İri ticarət nöqtələrində «Tax Free» çekləri  bir çox hallarda servis bölməsində rəsmiləşdirilir. Ən vacib məqam odur ki, alınan mal mağazada möhürlənməli, onun üzərində bütün etiketlər və yarlıklar saxlanmalıdır və ölkədən gedənə qədər açılmamalıdır. Ən vacib məqamlardan biri kassa və «Tax Free» çeklərinin saxlanmasıdır. Sonrakı addım gömrük məntəqəsini tapmaqdır. Burada «Tax Free» çekləri göstərilir və onlara xüsusi möhür vurulur. Yadda saxlayın ki, bunu unutduqda pasport yoxlanışından sonra bu möhürü vurdurmaq və pulu qaytarmaq mümkün olmayacaq. Qeydiyyatdan və pasport yoxlanışından keçdikdən sonra pulu müvafiq xidmət şirkətinin (məs., «Tax Free cash Refund») xüsusi məntəqələrindən almaq olar. Əgər bu məntəqələr hər hansı səbəb üzündən işləməzsə, xidmət şirkətinin müvafiq ölkədəki bölmələrindən əldə etmək mümkündür. Əgər ƏDV sizin bank hesabınıza qaytarılırsa, mal alarkən çeklərdə öz bank rekvizitlərinizi göstərməlisiz. Pullar 1-2 ay ərzində bank hesabına yatırılır.

«Tax Free»nin əhatə dairəsi genişlənir

Həm turizmin, həm də ticarətin inkişafı baxımından cəlbedici rol oynayan bu sistemə artıq MDB məkanında da maraq artmaqdadır. Gürcüstanda bu sistem artıq uğurla həyata keçirilir. Rusiya və Belarusda isə onun tətbiqinə 2012-ci ildən başlanıb. Ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif  müsabiqələrin, yarışların keçirilməsi, o cümlədən 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsinin Azərbaycanda təşkil edilməsi bu sistemin respublikamızda da tətbiqini zəruri edir.

mənbə: taxes.gov.az

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir