Əmək müqaviləsi və ya Xidmət müqaviləsi? Şirkətlər daha çox hansına üstünlük verirlər?

employment

Əmək müqaviləsi və ya Xidmət müqaviləsi? Şirkətlər niyə daha çox xidmət müqaviləsi imzalamağa üstünlük verirlər?

Bu yazımda sizə əmək və xidmət müqavilələrinin xüsusiyyətləri, onların əsas fərqi və şirkətlərin işçilərlə nəyə görə xidmət müqaviləsi imzalamağa üstünlük verdiklərinin səbəbləri barədə məlumat verəcəyəm.

huquqsunas.az+emek+muqavilesiƏmək müqaviləsi nədir? Əmək müqaviləsinin tərəfləri kimlərdir, yəni kimlər arasında imzalanır? Əmək müqaviləsinin əsas xüsusiyyətləri hansılardır? Fiziki şəxs (işçi) neçə yaşına çatdıqda əmək müqaviləsi imzalaya bilər?

Əmək Məcəlləsinin 5-ci maddəsində əmək müqaviləsinə anlayış verilir: Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.”-dir.

Yuxarıda verilən anlayışdan göründüyü kimi, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanır və onlar arasında mövcud olacaq əmək münasibətlərinin əsas şərtlərini, hər iki tərəfin əsas hüquqlarını və vəzifələrini özündə əks etdirir. Burada yeganə mübahisəli məqam “fərdi” sözünün işlənməsidir və nisbətən çaşqınlıq yaradır. Çünki Əmək Məcəlləsinin 46-cı maddəsinin 2-ci bəndinə əsasən Əmək müqaviləsi kollektiv qaydada da bağlana bilər. Yəni bir qrup şəxs (briqada, işçi qrupu və s.) onlar adından kollektiv əmək müqaviləsinin bağlanması üçün bir şəxsi müvəkkil edə bilərlər. Ona görə də, hesab edirəm ki, Əmək müqaviləsinə anlayış verilən zaman onun təkcə fərdi qaydada yox kollektiv qaydada da bağlanıla bilinməsi ehtiva olunmalıdır.

Əmək müqaviləsinin əsas xüsusiyyətlərini isə aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Yazılı formada bağlanır;
  • Əmək müqaviləsi yalnız 15 (on beş) yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
  • Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər;
  • Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə müddətsiz bağlanmış hesab edilir;
  • Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir;
  • Əmək müqaviləsində Əmək Məcəlləsinin 43-cü maddəsində qeyd edilən məlumatlar mütləq göstərilməlidir;
  • Əmək müqaviləsi bağlanan zaman işçi Əmək Məcəlləsinin 48-ci maddəsində qeyd edilən sənədləri təqdim etməlidir;
  • Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir.

huquqsunas.az+xidmet+muqavilesiBəs Xidmət müqaviləsi nədir? Xidmət müqaviləsinin tərəfləri kimlərdir, yəni kimlər arasında imzalanır? Xidmət müqaviləsinin əsas xüsusiyyətləri nələrdir? Fiziki şəxs neçə yaşına çatdıqda xidmət müqaviləsi imzalaya bilər?

İlk öncə “Xidmət müqaviləsi” və ya “Xidməti müqavilə”-nin nə demək olduğuna baxaq (qeyd: mən “Xidmət müqaviləsi” anlayışından istifadə etməyə üstünlük verirəm). Hər hansı xidmətin göstərilməsi (satın alınması) məqsədilə Sifarişçi ilə İcraçı arasında Xidmət müqaviləsi imzalanır. Yəni xidmət müqaviləsinin tərəfləri Sifarişçi (xidmətləri satın alan tərəf) və İcraçıdır (Xidmətləri göstərən tərəf).

Xidmət müqaviləsi mülki hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Mülki Məcəllənin 390-cı maddəsinin 1-ci bəndinə əsasən, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” Mülki Məcəlləyə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir (28.1-ci maddə). Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir (28.2-ci maddə). Yəni fiziki şəxs 18 yaşına çatdıqda Xidmət müqaviləsini imzalaya bilər.

Bəs şirkətlər nəyə görə əmək müqaviləsinə deyil, mülki xaarakterli xidmət müqaviləsinə üstünlük verirlər?

İşçi xidmət müqaviləsi imzaladığı zaman VÖEN-ə (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) sahib olmalıdır və göstərdiyi Xidmətlər müqabilində aldığı Xidmət haqqının müəyyən hissəsini (Bakı şəhəri ərazisində 4 % və regionlarda 2 %) sadələşdirilmiş vergi kimi dövlət büdcəsinə ödəməlidir (Azərbaycan reallığında işçilərin illik xidmət haqqının 200.00-dən çox olmadığını nəzərə alaraq digər vergi məsələlərinə toxunmuram). Bu zaman vergi öhdəliyi və sosial ödənişlər etməsi işçinin öz öhdəliyidir və sifarişçi heç bir məsuliyyət daşımır (müqavilədə bunların sifarişçinin öhdəliyi kimi göstərilməsi halları istisna olmaqla). Lakin əmək müqaviləsində isə vergi və sosial ödənişlər məsələsi fərqlidir. Belə ki, işəgötürən əmək haqqının 14 % həcmində hissəsini (gəlir vergisi) tutaraq dövlət büdcəsinə ödəyir. Bundan əlavə əmək müqaviləsi üzrə işləyən işçi 3 % həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş edir və bu məbləğ də işəgötürən tərəfindən tutularaq icra edilir. Lakin sosial ödənişlər bununla bitmir. İşəgötürən özü işçinin ümumi əmək haqqının 22 % həcmində hissəsini sığorta haqqı kimi ödəməlidir. Bu da işəgötürənlərin xidmət müqaviləsinə üstünlük verməsinin əsas səbəblərindən biridir. Hesab edirəm ki bu nisbət çox yüksəkdir və yenidən baxılmalıdır.

İşçi əmək müqaviləsi imzalamadan fəaliyyət göstərdiyi zaman əgər imzaladığı mülki hüquqi müqavilədə təsbit edilməyibsə aşağıdakı hüquqlarından məhrum olur:

  • Əmək kitabçası açılmır və iş stajı hesablanmır;
  • Müqavilədə əmək haqqının göstərilməməsi gələcəkdə pensiya təminatına mənfi təsir edir. Belə ki, xidmət müqaviləsi ilə işləyən işçilər əksər hallarda sosial ödənişləri etmirlər ya da bu öhdəlik düzgün məbləğdə icra edilmir;
  • İşçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququ, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləy xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir;
  • Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər;
  • Müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə müavinət ala bilmirlər;
  • Əmək müqaviləsi bağlanmadıqda və aylıq əmək haqqı göstərilmədikdə: işçi hər hansı bir mübahisə yaranarsa, faktiki aldığı əməkhaqqını tələb etmək hüququnu və qanunla ona ödənilməli olan müavinətləri itirir;
  • İşəgötürən (yəni Sifarişçi) müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər;
  • Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə üzrə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə, işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə və işdən azad etməklə əmək münasibətlərinə xitam verə bilər;
  • Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sağlamlığına, əməyin mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəliyindən imtina etməsinə, iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl etməməsinə şərait yaradır. İşəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir.

Əmək münasibətlərinin olmasını təsdiq edən müqavilənin bağlanması zamanı işçilər bu müqavilənin Əmək Məcəlləsinin şərtlərinə uyğun əmək müqaviləsi şəklində tərtib edilməsinə də diqqət yetirməlidirlər. Belə ki, bir çox hallarda işəgötürənlər əsasən Mülki Məcəllə ilə tənzimlənən və mülki hüquqi müqavilə olan podrat və ya xidmət müqaviləsi (xüsusən də xarici şirkətlər bu üsuldan daha çox istifadə edirlər) bağlamaqla işçiləri Əmək Məcəlləsində onlara verilən hüquq və güzəştlərdən məhrum edirlər. Belə podrat və ya xidmət müqaviləsi bağlamaqla işçilər Əmək Məcəlləsi ilə onlara verilən hüquq və ya imtiyazları itirmiş olurlar.

Yekun olaraq tövsiyəm budur ki, əgər sizinlə də əmək qanunvericiliyinin müddəalarını əks etdirən və ya ümumiyyətlə bu hüquqlar göstərilməyən xidmət müqaviləsi imzalanmışdırsa sizin əmək müqaviləsinin imzalanmasını tələb etmək hüququnuz vardır. Çünki bu hal ancaq işəgötürənin (yəni sifarişçinin) mənafeyinə xidmət edir. Zərərə uğrayan işçi və müvafiq vergi və haqların ödənilmədiyi dövlət qurumları olur. Ona görə də hüquqlarımızı tələb etməyi bacarmalıyıq.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən
tərtib olunmuş Əmək Müqaviləsi formasını Azərbaycan və ingilis dillərində
buradan yükləyə bilərsiniz.

 

Vüqar İBRAHİMOV

Hüquqşünas

 

Rəyiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir