Şirkət açmaq (qurmaq) istəyirsiniz, lakin bunu necə edəcəyinizi bilmirsiniz? Lazım olan sənəd nümunələri ilə İZAHLI

shirketin+yaradilmasi+meqale+huquqsunas.azBu yazıda qanunvericiliyə uyğun olaraq hüquqi şəxs təsis etmək (şirkət açmaq, şirkət qurmaq) üçün nə etməli olduğunuz barədə məlumat verəcəyəm. Təşkilati hüquqi forma baxımından ən geniş yayılmış Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis etmək (qurmaq) üçün bu yazıda qeyd olunan qaydada sənədləri hazırlamalı və müvafiq qeydiyyat orqanına təqdim etməlisiniz.
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
1. İlk növbədə şirkətinizə ad seçməlisiniz. Seçdiyiniz adın daha əvvəl başqa şirkət adı olaraq istifadə olunub-olunmadığını yoxlamaq üçün aşağıdakı linkə daxil olub böyük hərflərlə həmin adı yazın.

Adın yoxlanması üçün buraya klikləyin.

Əgər siz adı yazdığınız zaman Bu ad istifadə olunur xəbərdarlığını alırsınızsa deməli sizin yazdığınız ad daha əvvəl başqa bir şəxs tərəfindən şirkət adı olaraq seçilib. Bu halda başqa ad seçməli olacaqsınız. Bu adı seçə bilərsiniz xəbərdalığını alırsınızsa deməli yazdığınız adda şirkət yoxdur və həmin adı seçə bilərsiniz.

Mülki Məcəlləyə əsasən (87.8-ci bənd) Məhdud məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə «məhdud məsuliyyətli cəmiyyət» sözləri göstərilməlidir. Deməli sizin təsis etmək istədiyiniz şirkətin adı belə olacaqdır:

SİZİN SEÇDİYİNİZ AD” Məhdud Məsuliyyətli Cəmiyyət (va ya qısaca MMC)

Bundan sonra əgər siz şirkətinizin tək paylı təsisçisi olacaqsınızsa və sizin adınızdan şirkətin qeydiyyat hərəkətlərini başqa bir şəxs həyata keçirəcəksə ona etibarnamə verməlisiniz. Etibarnamənin formasını buradan yükləyə bilərsiniz. Etibarnamə notarial qaydada təsdiq olunmalıdır. Şirkətinizin təsis edilməsi üçün bütün hərəkətləri özünüz edəcəksinizsə etibarnaməyə ehtiyac yoxdur.
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
document_version2. Daha sonra şirkətin təsisçisinin (və ya təsisçilərinin) qərarı protokol formasında hazırlanmalı və imzalanmalıdır. Protokol formasını buradan yükləyə bilərsiniz.

Təsis protokolunda şirkətinizin qurulması, onun Nizamnaməsinin təsdiq olunması Nizamnamə kapitalının həcmi, təsisçinin payı (1-dən çox sayda təsisçi olduqda hər birinin ayrılıqda payları), şirkətinizə təyin etdiyiniz Direktor barədə məlumatlar, şirkətinizin möhürünün eskizinin təsdiq olunması, şirkətinizin hüquqi ünvanı və əgər şirkətinizin təsis edilməsi üçün tələb olunan hərəkətləri etibarnamə ilə başqa şəxs edəcəksə onun hərəkətlərinin dairəsi və həmin şəxs barədə məlumatlar əks olunur.
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –charter

3. Şirkətinizin Nizamnaməsini hazırlamalısınız. Nizamnamə formasını buradan yükləyə bilərsiniz. Nizamnamədə müvafiq yerləri doldurursunuz və təsisçi (və ya təsisçilər) tərəfindən birinci səhifədə imza edilir. Nizamnamənin Ümumi Müddəalar hissəsində şirkətinizin adı, təşkilati hüquqi forması (bizim halımızda MMC) və hüquqi ünvanı göstərilir. Nizamnamə kapitalı hissəsində Şirkətinizin nizamnamə kapitalını və təsisçinin (təsisçilərin) pay(lar)ını müvafiq olaraq qeyd edirsiniz. Cəmiyyətin fəaliyyəti hissəsində şirkətinizin həyata keçiricəyi fəaliyyəti xüsusi olaraq qeyd edə bilər və ya formada olduğu kimi saxlaya bilərsiniz. Bundan sonra digər bölmələrdə müvafiq olaraq təsisçilərin Ümumi yığıncağının və icra orqanının (direktor və s.) səlahiyyətlərinin müəyyən edə bilərsiniz. Tək təsisçisi olan şirkətlərdə ümumi yığıncağın səlahiyyətləri tək paya sahib olan təssisçiyə məxsus olur və təkbaşına ümumi yığıncaq kimi çıxış edir və qərarlar qəbul edir. Cəmiyyətin ləğv olunması və yenidən təşkili bölməsində şirkətinizin ləğv olunması və ya yenidən təşkil olunması halında hansı hərəkətlərin edilməsini xüsusi olaraq qeyd edə bilər və ya sadəcə olaraq formada olduğu kimi saxlaya bilərsiniz. Əgər şirkətinizdə Direktorlar Şurasının olacağı da nəzərdə tutulursa onun da səlahiyyətlərini ayrıca bölmə ilə qeyd edə bilərsiniz.
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
Apply-Now-icon4. Qeydiyyat orqanına təqdim etmək üçün şirkətiniz barədə məlumatların əks olunduğu 2 ərizə formasını doldurmalısınız:

a) Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə – Ərizə formasını buradan yükləyə bilərsiniz.
b) Təsisçi-fiziki şəxslər barədə məlumat (təsisçi fiziki şəxs olduqda) Ərizə fomasını buradan yükləyə bilərsiniz.

Ərizə formalarını və onların doldurulması qaydasını bu linkdən də yükləyə bilərsiniz.

Qeyd: Yeni qurulan şirkətin təsisçisi başqa hüquq şəxs(lər) olduqda təsisçi-hüquqi şəxs(lər) barədə məlumat ərizəsi doldurulub təqdim olunmalıdır. Həmin ərizə formasını da buradan yükləyə bilərsiniz.
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
AddressIcon5. Hüquqi ünvan. Şirkətinizin hüquqi ünvanı olmalıdır. Bu ünvan gələcəkdə yerləşəcəyiniz faktiki ünvandan fərqli ola bilər, lakin təsisçinin (və ya təsisçilərin) protokolunda, Nizamnamədə, həm də 4-cü punkdakı Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizədə qeyd etmək üçün lazım olacaqdır. Sizə məxsus bir ünvan və həmin ünvan əks olunmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən çıxarışınız varsa həmin sənədin notarial qaydada təsdiq edilmiş surətini sənədlər paketinə əlavə etmək kifayət edəcəkdir. Əgər belə ünvana sahib deyilsinizsə onda bir başqa şəxs sizə ona məxsus yaşayış və ya digər yerdən hüquqi ünvan kimi istifadə etmək üçün notarial qaydada təsdiq edilmiş ərizə verməlidir. Həmin ərizə formasını buradan yükləyə bilərsiniz. Bu halda yenə hüquqi ünvan kimi istifadə edilməyə icazə verilən yaşayış və ya qeyri-yaşayış yerinin icazə verilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının surəti notarial qaydada təsdiq olunaraq sənədlər paketinə əlavə olunmalıdır.
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
6. Yuxarıda qeyd olunan bütün sənədləri hazırladıqdan sonra hüquqi şəxsin təsis edilməsi (qurulması) üçün dövlət rüsumunu ödəməlisiniz. Hüquqi şəxslərin dövlət qeydiyyyatına alınması üçün dövlət rüsumu 11 manat, kənd təsəsrrüfatı ilə məşğul olan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 3 manat təşkil edir. Dövlət rüsumunu ödədikdən sonra rüsumu ödədiyinizi təsdiq edən qəbzi də hazırladığınız sənədlər paketinə əlavə edirsiniz.
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
7. Şirkətiniz üçün bank hesabının açılması. Bunu 2 üsulla edə bilərsiniz. Birinci üsul ondan ibarətdir ki, yuxarıda qeyd olunan sənədləri qeydiyyat orqanına təqdim etməzdən əvvəl bank hesabı açmaq istədiyiniz istənilən banka yaxınlaşıb müvəqqəti hesab açırsınız və Nizamnamədə göstərdiyiniz nizamnamə kapitalını ödəyirsiniz və ödənişi etdiyinizi təsdiq edən qəbzi sənədlərə əlavə edirsiniz. Bu zaman 8-ci punkda qeyd olunan sənədləri aldıqdan sonra yenə həmin banka yaxınlaşıb təsis sənədləriniz əsasında müvəqqəti hesabınızı əsas hesaba keçirmək lazım gələcəkdir. İkinci üsul isə odur ki, yuxarıdakı 6 punkun hər birində qeyd olunan sənədləri hazırladıqdan sonra qeydiyyat orqanına təqdim edəcəyiniz zaman Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə də doldurub təqdim edirsiniz. Ərizə formasını buradan yükləyə bilərsiniz. Bu zaman 8-ci bənddə qeyd olunan təsis sənədlərinizi aldıqdan sonra 10 gün ərzində banka yaxınlaşıb hesabınızı açmalısınız. Vergi orqanı tərəfindən dublikat hesab açmaq istədiyiniz banka göndərilmiş olacaqdır. Hesabınızı açıb nizamnamə kapitalını ödəyirsiniz. Hesab açıldıqdan sonra Nizamnamə kapitalı 3 (üç) ay ərzində ödənilə bilər.

Qeyd: Əksər qeydiyyat orqanları, xüsusilə də regionlardakı Ərazi Vergi İdarələri nizamnamə kapitalının əvvəlcədən ödənilmiş olmasını və ödənişə dair qəbzi tələb edirlər.
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
8. Bütün sənədlər hazır olduqdan sonra “Bir Pəncərə” prinsipi əsasında fəaliyyət göstərən Bakı şəhəri üzrə Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə və rayonlarda isə həmin region üzrə Ərazi Vergi İdarəsinə təqdim edirsiniz. Əgər sənədləriniz qaydasındadırsa, iki iş günü ərzində sizin təqdim etdiyiniz sənədlər əsasında sizə aşağıdaı qeyd olunan 3 (üç) sənəd təqdim ediləcəkdir:

1. Nizamnamə (təsdiq edilmiş)
2. Vergi şəhadətnaməsi (yəni VÖEN – Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi)
3. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış

Bu sənədlər sizin şirkətinizin təsis sənədləri hesab olunur və onların təhlükəsiz yerdə saxlanılması tövsiyə olunur.
Artıq sənəd üzərində şirkətiniz hazırdır. İndi siz Nizamnamənin nüsxəsini təqdim edərək şirkətinizin möhrünü hazırlatdıra bilərsiniz. Bundan sonra, artıq şirkətinizin faktiki fəaliyyətini təşkil etmək üçün addımlar atmalı və Vergi orqanları ilə problem yaşamaq istəmirsinizsə verginizi vaxtında ödəməlisiniz.

Kiçik bir qeyd: Kənd təsərrüfatı ilə məşğul olan hüquqi şəxslər (şirkətlər) 1 yanvar 2019-cu il tarixinə qədər ƏDV (Əlavə Dəyər Vergisi), Mənfəət vergisi və Gəlir vergisi ödəməkdən azaddır. Ona görə də bu sahədə şirkət qurub bizneslə məşğul olmağın əsl vaxtıdır.

Uğurlar!

Vüqar İBRAHİMOV

DİQQƏT !!!

YAZINI FAYDALI VƏ DƏYƏRLİ HESAB EDİRSİNİZSƏ ADMİNİMİZ ÜÇÜN BAŞLADILAN TƏHSİL KAMPANİYASINA DƏSTƏK OLMANIZI VƏ YA ƏN AZINDAN FACEBOOK VASİTƏSİLƏ PAYLAŞMANIZI XAHİŞ EDİRİK !
LİNK BURADA

Rəyiniz

Şirkət açmaq (qurmaq) istəyirsiniz, lakin bunu necə edəcəyinizi bilmirsiniz? Lazım olan sənəd nümunələri ilə İZAHLI” barəsində bir fikir bildirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir